Son günlər İranın müxtəlif bölgələrində məktəbli qızların kütləvi zəhərlənmələri barədə xəbərlər artmağa başlayıb. Təkcə son bir həftə ərzində 50-yə qədər məktəbdə 1000-dən çox məktəbli qız zəhərlənib. İstər-istəməz sual meydana çıxır: bu qəddar addımın arxasında hansı qüvvələr dayanır?
“Caliber.az” saytının “Yeruselim Post” qəzetinə istinadən verdiyi məlumata görə, bir çox məktəblərin həyətlərində kəskin qoxu ilə müşayiət olunan zəif partlayış səslərini eşidən şahidlər var. Ehtimal olunur ki, məktəbli qızlarda ağır zəhərlənmələr məhz gizli yolla partladılan kimyəvi maddələr səbəbindən baş verir.
Məlumdur ki, İranda qızlarla oğlanlar ayrı-ayrı məktəblərdə təhsil alırlar. Lakin oğlanların oxuduğu məktəblərdə belə hallar baş verməyib. Deməli, hədəfdə məhz məktəbli qızlardır. Niyə? Hörmətli oxucu, bir qədər sonra bunun nədən qaynaqlandığı sizə məlum olacaq.
Qeyd edək ki, məktəbli qızların zəhərlənməsi barədə ilk xəbərlər ötən ilin noyabrın sonlarında üzə çıxıb. Hadisənin miqyası getdikcə genişlənib və uşaqların ata-analarında kəskin narahatçılıq yaradıb. Bir çox valideynlər övladlarını məktəbə buraxmırlar.
Vəziyyətin gərginləşdiyini görən hakimiyyət məsələ ilə bağlı rəsmi açıqlamalar verməyə məcbur olur. Bugünlərdə İranın təhsil nazirinin müavini Yunis Pənahi bildirib ki, Qum şəhərində bir neçə məktəbdə qızların zəhərlənməsi ilə bağlı hökumət lazımi tədbirlər görür. Nazirin sözlərinə görə, şagirdlərin zəhərlənməsi zamanı istifadə olunan kimyəvi maddələrin hərbi kimyəvi silahlara heç bir aidiyyatı yoxdur.
İran parlamentinin səhiyyə komissiyasının üzvü Cəmayə Nəcəfabadi isə Qum və Borucerd şəhərlərində məktəbli qızların zəhərlənməsi hadisəsinin heç də təsadüfi olmadığını, bunun qəsdən törədildiyini bildirib. Parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə isə bəyan edib ki, hakimiyyət bu hadisənin əcnəbilər tərəfindən törədilməsi ehtimalını araşdırır.
Bir iranlı həkim “Guardian” qəzetinin müxbiri ilə söhbətində qeyd edib ki, zəhərlənmə halları böyük ehtimalla üzvü fosfor birləşmələrinin məktəblərin həyətlərinə atılması səbəbindən baş verib. Onun fikrincə, bunun arxasında radikal islamçılar dayanır. Onların niyyəti İranda rejimə qarşı davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını qorxutmaqdır. Radikal qüvvələr bu yolla həm də etiraz aksiyalarında fəal iştirak edən məktəbli qızlardan qisas alırlar.
Xatırladaq ki, İranda hələ ötən ilin 16 sentyabrından hicab əleyhinə başlanan və bu gün də davam edən kütləvi etiraz aksiyalarında orta məktəblərin yuxarı sinif şagirdləri, eləcə də tələbələr fəal iştirak edirlər. Hazırda məktəbli qızların çoxu ictimai yerlərdə hicab örtməkdən imtina edir.
Bütün bunlar İranın molla rejimini bərk qıcıqlandırır və etirazçılara qarşı sərt davranmaqda davam edir. Acınacaqlı faktlar var. Belə ki, etiraz aksiyaları fəallarına qarşı həyata keçirilən amansız repressiyalar zamanı 500-dən çox insan öldürülüb, 18 minə yaxın şəxs həbs edilib. Bir çox iştirakçılar nümayişkaranə surətdə edam ediliblər.
Yeri gəlmişkən, bir neçə gün əvvəl zəhərlənən qızların valideynləri Qum şəhəri qubernatorunun ofisi qarşısında etiraz aksiyası keçiriblər. Başqa bir etirazçı qrup isə ictimai yerdə ucadan “Məktəbli qızları İsrail zəhərləyib!” deyən qatı rejim tərəfdarı olan bir qadına hücum edib. Bundan sonra etirazçılar “Diktaturaya ölüm!” şüarı səsləndiriblər. Aksiyanın bir neçə üzvü artıq həbs edilib.
ABŞ-da yaşayan əslən iranlı hüquq müdafiəçisi Məsih Əlinicat “Guardian” qəzetinə müsahibəsində deyib ki, məktəblərdə baş verən kimyəvi hücumlar İran İslam Respublikası hakimiyyət dairələrinin bu ölkənin hicaba qarşı çıxan cəsur qadınlarına qarşı qisasıdır. M.Əlinicat hesab edir ki, İranda qızların zəhərlənmələri bioloji terrordur və bu məsələ BMT tərəfindən araşdırılmalıdır.
Qumdakı ilahiyyət məktəblərinin birinin əməkdaşı Fazil Meybodu hesab edir ki, hücumun arxasında “Xəzərilər” adlanan dini radikal qrup dayanır. Bu qrupu bir çoxları “Taliban”nın “şiə variantı” hesab edirlər. “Xəzərilər” qızların universitetlərdə oxumalarına qarşı çıxırlar.
İranın hakimiyyət dairələri məktəbli qızların kimlər və hansı vasitələrlə zəhərlənmələri barədə ciddi araşdırmalar aparmır və bu ağır cinayəti törədənləri cəzalandırmır. Görünür, iqtidar əsl həqiqətin üzə çıxmasında maraqlı deyil. Çox təəssüf!
M.HACIXANLI, “Xalq qəzeti”