Şair qardaşıma məktub

post-img

Araz üstündən şeir körpüsü

Qoy söyləyim ürəyimin sözünü,

Bir kərə də görməmişəm üzünü,

Nigaranam, yetir mənə özünü

Məhəbbətin bağrımdadır, Şəhriyar,

Mənim ürək ağrımdadır, Şəhriyar.

Kim deyir ki, ünvanımız ayrıdır,

Nə adımız, nə sanımız ayrıdır,

Nə canımız, nə qanımız ayrıdır,

Ürək birdir, bədən birdir, Şəhriyar,

Vətən birdir, Vətən birdir, Şəhriyar.

Havaları nə gözəlmiş bu yazın,

Araz üstdən çatdı mənə avazın,

Yarı canım bu tayında Arazın,

Yarı canım yanındadır, Şəhriyar,

Şerin, sözün ətir dadır, Şəhriyar.

Gülşənlərdə çiçəkləri dindirən,

Gözəlləri, göyçəkləri dindirən,

Sevgi dolu ürəkləri dindirən

“Heydərbaba”n nə gözəldir, Şəhriyar,

Nə qəsidə, nə qəzəldir, Şəhriyar.

Hər canlıdan sənə bu can yaxındır,

Uzaq deyil yol ki, yaman yaxındır,

Qaşla gözün arasından yaxındır,

Gəl-gəl deyir sonbeşiyim, Şəhriyar,

Qurban sənə ev-eşiyim, Şəhriyar.

Hicran odu sinəmizi yaxdı, gəl,

Səndən ötrü ürəyimiz axdı, gəl,

İstəyirsən əncir-üzüm vaxtı gəl

Məclislərdə başda otur, Şəhriyar,

Ürəyimdə arzum budur, Şəhriyar.

Gəl qəmləri küləklərə verim, gəl,

Öz bağımdan sənə güllər dərim, gəl,

Sən məni gör, mən də səni görüm, gəl,

Demə ömür xəzansızdır, Şəhriyar,

Əcəl yaman amansızdır, Şəhriyar.

Beşikdəki quş yuxulu körpələr,

Dodaqları süd qoxulu körpələr,

Babaları dağdan ulu körpələr

Bizi əvəz edəcəklər, Şəhriyar,

Yolumuzla gedəcəklər, Şəhriyar.

Qoy bir də qan çilənməsin torpağa,

Yer üzündə nə qul olsun, nə ağa,

Şənlik qursun Təbriz, Mərənd, Marağa

Dilə gəlsin kamanımız, Şəhriyar,

Belə keçsin dövranımız, Şəhriyar.

Gəl Bakıya bağım-bağçam güləndə,

Bircə ovuc torpaq gətir gələndə.

Dostlar qatsın torpağıma öləndə,

Bəlkə onda kama çatam, Şəhriyar,

Son mənzildə rahat yatam, Şəhriyar!!

18 may 1968-ci il

Sosial həyat