“Baş örtmürəm, əl çəkin!”
Bugünlərdə Tehranda keçirilən 22-ci Beynəlxalq Boya, Qətran və Sənaye Örtükləri Sərgisi açılan kimi qalmaqal baş verib. Bəzi stendlərə xidmət göstərən qadınlar hicab örtməkdən imtina edərək məmurlara və molla nəzarətçilərinə açıqca deyiblər: “Baş örtmürəm, əl çəkin!”
Bu məlumatı yayan İranın “Taslim” agentliyi bildirib ki, qadınlar saçlarını örtməklə bağlı xəbərdarlığa məhəl qoymayıblar. Sərginin təşkilatçıları da onların bu hərakətinin qarşısını almayıblar.
SEPAH-ın canlı ABŞ hədəfləri
SEPAH Aerokosmik qüvvələr komandanı Əmir Əli Hacızadə sensasion etirafla çıxış edib: “Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı Eynəl-əl-Əsəd hərbi bazasına hücum etməkdə məqsədimiz bir qrup əsgəri öldürmək deyildi. Biz Trampı, Pompeonu və Makkenzini öldürmək niyyətindəyik”.
SEPAH komandanı bu açıqlaması ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampın, dövlət katibi Maykl Pompeonun və general Kennet Makkenzinin hədəfə götürüldüyünə işarə edib.
Futbolçu molla rejimindən güclü çıxdı
Məşhur futbolçu və baş məşqçi, ölkədən çıxışına qadağa qoyulan Əli Dayi Qətərdə keçirilən dünya birinciliyini milyonlarla iranlı azarkeş kimi televiziya ekranlarından izləməli olmuşdu. “Fars” xəbər agentliyi artıq onun ölkədən çıxışına qadağanın götürüldüyü barədə xəbər yayımlayıb.
İnformasiyada deyilir: “Əli Dayi, İran futbol tarixində xüsusi xidmətləri olan görkəmli futbolçulardandır. Məhz həmin xidmətləri nəzərə alınaraq FİFA onun azad edilib “Ən yaxşı futbolçu”ların mükafatlandırma mərasiminə qatılmasında israr etmişdir”.
“Xalq qəzeti”