“İranın Afrikada silah qaçaqmalçılığı illərdir ki, davam edir. 1983-cü ildə Beyrutda yüzlərlə amerikalının ölümünə səbəb olan partlayışdan sonra beynəlxalq ictimaiyyət İranın gizli silah tədarükünü izləyir. Vaşinqtondakı “Gulf State Analytics” mərkəzinin baş məsləhətçisi Teodor Karasikin “Arabnews” qəzetində dərc olunmuş məqaləsinin davamında yazıb:
–Tehranın silah istehsalı getdikcə təkmilləşir və bu sursat əsasən, Afrikada silahlı münaqişə zonalarında olan bazarlara göndərilir. Xüsusən, Sudanda yerləşən baza silah qaçaqmalçılığında tranzit mərkəzidir. İranın ticarət gəmiçilik sənayesi də Afrikanın şərq sahilindən Qvineya körfəzinə qədər akvatoriyanı ələ keçirmək niyyətindədir. Bu ticarət axınında silahlar əsas rol oynayır.
İranın Afrika dövlətləri ilə bağlı xarici siyasəti son illərdə fəallıq və təbliğat fonunda kəskin artıb. Bu ölkənin xarici işlər naziri keçən il Mali və Tanzaniyaya, bu il isə Mavritaniyaya səfər edərək diplomatik və gəmiçilik-ticarət imkanlarını müzakirə edib. Ömər Bəşirin dövründə İranın Sudanda silah zavodlarına malik olduğu günlərdəki kimi, indi də əsas ticarət silah alveri ilə bağlıdır. Körfəzdəki ərəb ölkələri tərəfindən artan qadağalar səbəbindən Yəmənə silah satışının çətinləşdiyi bir şəraitdə Tehran Afrika Buynuzu regionuna üz tutub. Ötən həftə Somali, Qətər, Türkiyə, BƏƏ, Böyük Britaniya və ABŞ arasında Somalinin silah qaçaqmalçılığı ilə mübarizə səylərini dəstəkləmək üçün saziş imzalanıb.
İranın dəniz vasitəsilə silah tədarükünü onilliklər ərzində eyni marşrutla həyata keçirdiyini vurğulayan politoloq daha sonra bildirir:
– Ərəbistan yarımadasının cənub hissəsindən Afrika Buynuzuna qədər uzanan silah şəbəkəsinə nəzarət polis üçün çox mürəkkəb bir işdir, lakin Bab-əl-Məndəb boğazından kənarda geniş akvatoriya qaçaqmalçıları yaxalamağa imkan verir. İran bir çox Afrika ölkələrinə silah satıb. Tədqiqatlar göstərir ki, İran sursatları hökumət qüvvələri (Qvineya, Fil Dişi Sahili, Keniya və Sudan), döyüşən mülki icmalar (Keniya, Cənubi Sudan və Uqanda), üsyançılar və milis qrupları (Fil dişi Sahili, Darfur) daxil olmaqla, bir sıra qurumlara göndərilir. İran silahlarının yanlış əllərə düşməsinin tarixi zəngindir.
Tədqiqatlar onu da sübut edir ki, İran sursatları gizli yolla Nigerdə fəaliyyət göstərən “Əl-Qaidə” terrorçularına çatdırılır. Tehranın silah qaçaqmalçılığı BMT-nin Fil Dişi Sahilinə tətbiq etdiyi sanksiyalara zidd olub və BMT TŞ-nin Konqo Demokratik Respublikası və Darfura embarqolarını məqbul şəkildə pozub.
“Conflict Armament Research” araşdırma mərkəzinin 2012-ci il hesabatına görə, Darfur və Cənubi Sudanda silah-sursatın regional mənbələri aydın deyil. İran bu məsələdə ehtiyatlı davransa da, qaçaqmalçılıq hallarını tam gizli saxlamaq mümkün olmur.
İranın xarici işlər naziri Əmir Abdullahian bu həftə seneqallı həmkarı Aissata Tall Sall ilə görüşündə Afrikanın Tehranın xarici siyasətindəki əhəmiyyətini və Seneqalın Afrikadakı mühüm mövqeyini vurğulayıb. Afrika Birliyinə keçən aya qədər Seneqal Prezidenti Maki Sall və BMT-nin Liviyadakı missiyasına tanınmış seneqallı diplomat Abdulaye Badili rəhbərlik etdiyi üçün Seneqal qitənin mühüm ölkəsi sayılır. Tehran Mali, Mavritaniya ilə yanaşı, Sahil regionunda və Şimali Afrikada, xüsusən də Liviyanın şərqində mövqeyini gücləndirməyə can atır. İran bu ölkələrdə apardığı danışıqlarda silah tədarükünü ön plana çıxarır.
Qərb politoloqu sonda qeyd edib: “İsrailin Afrika Buynuzu dövlətləri, xüsusən Somali və Sudan ilə inkişaf edən qarşılıqlı əlaqələri gələcəkdə İranın silah satışını əngəlləyə bilər. Qərb və İsrail yaxşı bilirlər ki, Tehranın silah satışı Afrikanın bu dövlətlərinin daxilində qarşıdurma üçün zəmin yarada bilər. İran Afrikada daha çox nüfuz qazanmaq üçün silah qaçaqmalçılığı ilə Somalinin siyasi mənzərəsini də pozmaq istəyir”.
“Xalq qəzeti”