Artıq üçüncü ildir ki, ana və bacılarımız 8 Mart bayramını qalib ölkənin bəxtəvər təmsilçiləri kimi qeyd edirlər. Ürəkləri sevinclərə atlanıb, gözlərində Günəş yanır və elə buna görə də həmişəkindən daha gözəl görünürlər.
Prezident İlham Əliyev 6 mart 2023-cü ildə imzaladığı təbrik məktubunda bildirib ki, xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü sayıb və ona hər zaman dərin ehtiram göstərib: “Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır”.
Təbrikdə Azərbaycan qadınlarının bənzərsiz fədakarlıqları və dünyada bir çox ilklə imza atmaları ilə tarix yaratdıqları xüsusi vurğulanır. Məhz onlar əksər qabaqcıl ölkələrin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanıb, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında seçilməklə qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetiriblər.
At belində kişilərlə bərabər cəngavər kimi döyüşmüş, dövlət idarəetməsində məşhurlaşmış, həyatın bütün sahələrində canlanma yarada bilmiş şöhrətli qadınlarımızla hamımız fəxr edirik. Ulu öndər Heydər Əliyevin qadınlarımızla bağlı söylədiyi qanadlı sözləri heç vaxt yaddan çıxmır: “Azərbaycan qadınları öz ağıllarına və istedadlarına görə, gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar”.
Qadınlarımız ən yüksək dəyəri cəmiyyətin mənəvi dayağı olmalarıdır. Zəngin milli mədəni sərvətlərimizin qorunmasında, ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların xidmətləri misilsizdir. Buna görə də qadınlıq, analıq oğuz ellərində, övladların nəzərində dəyərli bir məfhumdur. ”Kitabi-Dədə Qorqud”un boylarında “ana qadın”, “qadınım ana” ifadələri gen-bol işlədilib. Qazan xanın evi yağmalananda bütün var-dövlətindən keçərək öncə anasını istəməsi, “Mərə kafir, anamı vergil mana – savaşmadan, vuruşmadın qayıdayım geri” deməsi ana ucalığı barədə ən böyük bədii tərifdir. Oğuzların təfəkküründə ana-qadın kultunun dərin izlərə malik olduğunu göstərən “Ana haqqı – Tanrı haqqı” təyini hər zaman aktualdır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mötəbər beynəlxalq təşkilatların xoşməramlı səfiri Mehriban xanım Əliyeva dünyada əsl xeyirxahlıq mücəssəməsi kimi tanınır. Yüksək iradəsi və insanpərvərliyi ilə seçilən Birinci xanımın təşəbbüsləri ilk növbədə duyğusal ürəkli və yüksək erudisiyalı bir Azərbaycan qadınının fərqli keyfiyyətlərini təcəssüm etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosialyönümlü siyasətin prioritet olması, maarif və mədəniyyətin inkişafı, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, səhiyyənin müasirləşdirilməsi, Vətən müharibəsi qazilərinin ən yüksək səviyyədə müalicəsi, işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası və digər bu kimi işlərdə məhz Mehriban xanımın birbaşa dəstəyi göz önündədir.
Ölkəmizdə qadınların fəal həyat mövqeyi qazanmaları üçün hər cür zəruri şərait var. Onlar həm həyat yoldaşı, həm ana və bacı, həm də istimai fəal vətəndaşlar kimi bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanına malikdirlər. Məşğul əhalinin ümumi sayının tən yarısını bizim zəhmətsevər qadınlarımız təşkil edir. Qadınların sağlamlığının qorunması da dövlətin diqqətində olan ən ümdə məsələlərdəndir. Hazırda Azərbaycanda yüzlərlə doğum evi və qadın məsləhətxanası, 250-dən artıq uşaq poliklinikası və ambulatoriyası qadınların və övladlarının sağlamlığının keşiyində durur.
Azərbaycan qadınları oğullarına mərdlik, insanpərvərlik, qızlarına abır, ismət təlqin edir, əxlaqi dəyərlərimizi inamla sabaha daşıyırlar. Vətən müharibəsi zamanı döyüşlərə atılaraq ölümün gözünə dik baxan, Şuşanın başında üçrəngli bayrağımızı dalğalandıran igidlərimizdə bu misilsiz hünər məhz ana südü ilə mayalanıb.
Prezident İlham Əliyevin təbrik məktubunda da qeyd edilib ki, fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.
44 günlük “Zəfər yürüşü”ndən sonra böyük sərkərdəmiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevi işğaldan azad olunmuş rayonlara səfərlərində Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dəfələrlə müşayiət ediblər. Qürur duyulası faktdır. Hərbçilərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında, yaralıların tezliklə sağalmasına ciddi səylər göstərilməsində də onların xidməti danılmazdır.
Aslan ürəkli, mərd Azərbaycan qadınları minlərlə, on minlərlədir. Hər brinin özünəməxsus ibrətamiz həyat hekayəsi var. Qeyri-adi şücaət göstərməmiş, amma cəfakeş evdar xanım olan qadınlarımız belə bizim gözlərimizin işığıdır.
Ana və bacılarımızın dilindən xalqımız, dövlətimiz, sabahımız naminə səslənən dualar, alqışlar əskik olmur. Müqəddəs varlıqları ilə ömrümüzə, günümüzə işıq saçan bütün qadınların bayramını təbrik edirik!
Əli ƏLİYEV, “Xalq qəzeti”