Vətən müharibəsinin yeganə şəhid qadını

post-img

Arəstə Baxışova xaçmazlıdır. Atası – baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi olub və onun 4 yaşı olanda vəfat edib. Arəstə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili ixtisası üzrə təhsil alıb.

Arəstə Baxışova 2018–2019-cu illər­də Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist, 2019-cu il iyulun 12-dən isə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə operator olub.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova Vətən mü­haribəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən dö­yüşlərdə yaralı hərbçilərə döyüş meyda­nında tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralı za­biti döyüş meydanından çıxararkən şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiya­banında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” me­dalı ilə təltif edilib.

Gənc ananın Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb. Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğlu şəhid övladları uçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısı olub. Qəhrəman xanı­mın oğlu olduğuna görə fəxr edir: “Anamı çox sevirdim. O bizi ana sevgisi ilə böyü­dürdü. Anamın şəhadətindən üzülsək də, xəbəri qürurla qarşıladıq. Çünki şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!” – deyir Mərdan. 

Anası ilə son görüşlərini belə xatırla­yır: “Müharibəyə gedəndə bacımla mənə “İşə gedirəm, şənbə günü geri qayıdaca­ğam” – dedi. Onunla görüşüb, riyaziyyat­dan hazırlığa getdim. Anam məndən iki saat sonra evdən çıxıb”.

“Bəlkə də mən sağ qayıtdım. Amma bu, döyüşdür, nəticəsi bilinməz. Uşaqla­rım sənə əmanət”. Bu, iki ciyərparəsini anasına əmanət edərək, canından çox sevdiyi Vətənin azadlıq savaşına qalxıb döyüşə atılan Arəstə Baxışovanın son sözləridir.

Mərdanın arzusu hərbçi olmaqdır. Anasının Vətənə bağlılığı, yurd sevgisi onda bu istəyi yaradıb. Arzuların çin ol­sun, Mərdan bala. Vətən bir də bacın ana­nın sənə əmanətidir!

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat