Baki Kitab Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi əsasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Poeziya və musiqi rüzgarı” adlı konsert proqramı təşkil olunub.
Yel çərşənbəsi gününə təsadüf edən tədbirdə bayram-bayrama qarışıb. Romantik ruhda təşkil edilən konsertdə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatlarının ifasında biri-birindən gözəl musiqilər səsləndirilib.
Gənc vokalçılardan Şəms Qəhrəmanova, Günel Hacıyeva, Nurlana Abdullayeva və Rübabə Əkbərovanın ifaları qonaqların zövqünü oxşayıb. Violin alətində Aytac Karanın, Aişə Cəmilin, Surə Rüfətin səsləndirdiyi musiqilər də maraqla qarşılanıb.
Pianoçular Zümrüd Əlizadənin, Mehin Zalıyevanın və digər musiqiçilərin səsləndirdiyi ifalar dinləyiciləri valeh edib.
Qeyd edək ki, konsert proqramında klassik və müasir bəstəkarların əsərləri səsləndirilib.
Elçin ABBASOV, “Xalq qəzeti”