Hələ ötən əsrin altmışıncı illərinin sonlarından respublikamızda Olimpiya oyunlarının çempionu adını daşıyan qadın idmançıların olduğunu yaxşı bilirik. Əfsanəvi voleybolçu İnna Rıskal Mexico-68 və Münxen–72-dən, həndbol ulduzları Rəfiqə Şabanova və Lyudmila Şubina Monreal--76-dan, onların daha gənc rəfiqəsi Larisa Savkina Moskva–80-dən Azərbaycana SSRİ yığma komandalarının oyunçuları kimi qızıl medallarla qayıtmışdılar. Ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Olimpiya oyunlarında çempion zirvəsini fəth etmiş ilk qadın idmançımız isə stend atıcısı Zemfira Meftahətdinova olmuşdur. Bu bayram günündə onun beynəlxalq yarışlarda qazandığı nailiyyətləri xatırlamağa cəhd edək.
Əlbəttə ki, ilk növbədə Zemfiranın 2000-ci ildə Avstraliyanın Sidney şəhərində göstərdiyi idman hünəri yada düşür. Həmyerlimiz XXVll Olimpiya Oyunlarının çempionu adı uğrunda gərgin mübarizədə rəqiblərindən yüksək nəticə göstərməklə təkcə özünü və idman ictimaiyyətimizi yox, bütün respublikamızı ürəkdən sevindirmişdi. O, tarixi qələbədən sonra müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu olması ilə haqlı olaraq fəxr edə bilərdi.
Sidney Olimpiadası həm də birdən-birə iki təmsilçimizin qızıl medalları ilə əlamətdar olmuşdur. Z.Meftahətdinova ilə yanaşı, sərbəst üsulla güləşən Namiq Abdullayevin də çempionluğu şərəfinə nəhəng idman sarayında Azərbaycan Respublikasının əzəmətli Dövlət Himni səsləndirilmişdir. Bundan başqa, boksçu Vüqar Ələkbərovun bürünc mükafatı da ölkə idmanına çox qiymətli töhfə idi.
Azərbaycan idmanının pərəstişkarlarına o da məlumdur ki, ilk qadın olimpiya çempionumuz uzaq Avstraliyadakı ən böyük nailiyyəti ilə kifayətlənməmiş, dörd il sonra müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada da fəxri kürsüyə yüksəlməyi bacarmış, milli bayrağımızın şərəfini layiqincə qorumuşdur. Bununla da Zemfira bütün yarışların şahı sayılan Olimpiya oyunlarının qızıl medalına bürünc mükafat da əlavə etmişdir.
İndi olimpiadaların medalları Z.Meftahətdinovanın zəngin nailiyyətlər kolleksiyasında xüsusi yer tutur, bu medallar onun bütün mükafatlarının bəzəyidir. Ancaq Olimpiya oyunlarından əvvəl bir çox ölkədə dünya və Avropa çempionatlarında, qitə kuboku yarışlarında qazandığı uğurların da öz yeri var. O, iyirminci əsrin səksəninci illərinin ortalarından iştirakcısı olduğu həmin yarışlarda dəfələrlə fəxri kürsüdə qələbəni bayram etmiş, həmçinin gümüş və bürünc medallara sahib olmuş, sevimli idman növündə şanlı tarix yazmışdır.
Yeniyetmə yaşlarından stend atıcılığı ilə məşğul olmağa başlayan müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu məşqlərə ciddi münasibəti, möhkəm iradəsi və əzmkarlığı sayəsində məqsədinə çatıb. Olimpiya, dünya və Avropa çempionluğu, həmçinin gümüş və bürünc medallar onun zəfər yolunda layiqli mükafatlardır. Beynəlxalq dairələrdə Azərbaycan idmanının nüfuzunu daha da artırmış Z.Meftahətdinovanın bir-birindən parlaq nailiyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Çempion “Tərəqqi” medalına, “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülmüşdür.
Müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar idman ustası, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Zemfira Əli qızı Meftahətdinova bu gün rəhbər vəzifədə də ona göstərilən etimadı doğruldur. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi kimi zəngin ənənələri olan bu qurumda ölkəmizin uğurlarını daha da artıra biləcək güclü idmançılar hazırlanması işinə xidmət edir.
Oqtay BAYRAMOV, Əməkdar jurnalist