Oğul döyüşə, ana hospitala getmişdi...

post-img

Şəhid anası olmaq ağır olduğu qədər də şərəflidir. Astara rayonun Pensər kəndindən olan, Xüsusi Təyinatlı Qüvvələrdə müharibənin ilk günlərindən son dəqiqələrinədək igidliklə vuruşan şəhid Mirdavud Tahirovun anası Vüsalə xanıma da bu acı taleyi yaşamalı oldu... 

Vüsalə xanım müharibənin ağır əzab­larını, şəhid analarının yanğısını hələ 31 il əvvəl görmüşdü. Onda cəmi 18 yaşı vardı, tələbə idi. Lənkəran hərbi xəstəxanasında tibb işçisi kimi Birinci Qarabağ müharibəsi yaralılarına yardım göstərirdi. Onların hər birinin timsalında Vətən keşiyində duran bir igid görürdü – əsgərlərin yaraları sız­layanda ürəyi göynəyirdi. Şəhid analarının dərdindən qəlbinə od düşürdü. 

On illər sonra onun öz oğlu Vətəni qo­ruyanlardan oldu, İkinci Qarabağ savaşına qatıldı. Mirdavudun ön cəbhədən yazdığı sətirlər onun qəlbini titrədirdi: “Özümə 35 qardaş tapdım, elə qardaş ki, hər birinin uğrunda can vermək olardı. Amma onların hamısı qabağımda can verdi – ...ana deyib inildəyəni kim, səssiz can verəni kim...”

Bir an belə olsun ön cəbhədən geri çə­kilməyən oğlunun çoxsaylı ağır yaraları ol­masına baxmayaraq, geri çəkilməməsini də gözəl başa düşürdü. Mirdavud müharibəyə gedəndə də ona “getmə” deyə bilmədi. Əlindən o gəldi ki, özü də tibb bacısı kimi cəbhəyə getsin. 

Vüsalə xanım Lənkəran Diaqnostika Mərkəzinin cərrahiyyə və reanimasiya şö­bəsindən cəbhəyə gedən həkim heyətinin tərkibində Beyləqanda tibb məntəqəsində xidmət edib. Gözü hər an oğlunu axtarıb. Bəlkə yaralıdır, – düşünüb. Deyir ki, hə­min günlər koronovirusun da tüğyan etdiyi vaxtlar olub. Hamı çalışıb ki, bir-biri ilə az təmasda olsun. Amma o xəstələrə həm də mənəvi dəstək olmağa can atıb: “Oğlum bizimlə çox az danışırdı. Həmişə toxtaqlıq verirdi. Sonradan müharibədə hansı dəh­şətlərlə qarşılaşdıqlarını eşitdim. 14 gün ac-susuz qaldıqlarını, bitki kökləri ilə qida­landıqlarını bildim”. 

Vüsalə ananın bir az da özündən, tibb işçisi kimi fəaliyyətindən danışmasını istə­dik. O isə yenə də Mirdavudundan, arzu­larından, gələcək xəyallarından danışdı. Dedi ki, Mirdavud həkim olmaq istəyirmiş. Tale elə gətirib ki, Azərbaycan Pedaqoji Universitetin kimya və biologiya fakültə­sində təhsil almalı olub. Tibbdən çox yaxşı anlayışı var imiş. Anasından da bəzi məs­ləhətləri alırmış, yaralanan yoldaşlarına ilk tibb yardımı göstərirmiş. 

Mirdavud çox sakit və dözümlü olub. Müharibədən qayıtdıqdan sonra ona əziy­yət verən yaraları barədə heç vaxt şikayət etməyib. Ağrılarına mərdliklə dözüb: “Ölümdən qorxmurdu. Elə bil duyurdu ki, yaxınlarda həyatı sönəcək. Deyirdi ki, şə­hid dostlarıma qovuşacağam. Dekabrın 31-də birdən-birə halı pisləşdi. Nəfəs ala bil­mirdi. Ürək masajı ilə ona kömək etməyə çalışdım. Qollarım üstündə keçindi. Artıq 2 aydan çoxdur ki, o bizi tərk edib”.

Mirdavud Tahirov Vətən müharibəsin­dən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şu­şanın azad edilməsinə görə” medalları ilə təltif edilib... 

Vüsalə xanımın hazırda Bakıda yaşa­yan oğlunun yanında yaşadığını, həm də işləmədiyini öyrəndik. Deyir ki, Lənkə­randa çalışdığı cərrahiyyə şöbəsi Mərkəzi xəstəxanaya köçürüləndən sonra Bakıya gəlib. İşləmək istəyirsinizmi?” sualına “Əlbəttə, kim istəməz”, – cavabını verdi. “Özü də ömür boyu tibb sahəsində fəaliy­yət göstərən bir insan kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Amma başa düşürəm ki, yaşım çoxdur deyə, işə düzəl­mək çətindir. 49 yaşım var. İnsan işləyəndə kiməsə faydalı olduğunu başa düşür, bu ona yaşamaq üçün stimul verir”, 

Vüsalə xanım sonda “Mirdavudun ən böyük xəyalları, arzuları isə canından çox sevdiyi 4 yaşlı qızı Əsnadla bağlı olub. Bu gün onun yadigarı olan qızı ilə Bakıda gö­rüşüb, vaxt keçirmək mənim üçün böyük təsəllidir”, – deyir. 

Xalqımız Vüsalə Tahirova kimi fəda­kar qadınlarla həmişə qürur duyub, fəxr edir! Onlar bizim üçün müqəddəsdirlər və hər cür diqqətə, qayğıya layiqdirlər. 

 

Leyla QURBANOVA

Sosial həyat