Cazmen Etibarın şəhid Xudayarla virtual dueti

post-img

Döyüşlərdən çıxmış “Vətən yaxşıdır” mahnısı 3 il əvvəl Notr-Damda ifa olunub

Parisdə Etibar Əsədli adlı gənc musiqiçi həmyerlimiz yaşayır. Cəmi 33 yaşı var. Azərbaycan cazının korifeyi Vaqif Mustafazadə yolunun istedadlı davamçılarındandır. Etibar artıq çağdaş dünya cazının tanınmış ulduzlarından sayılır.

Fanatları Etibarın internet kanalları və sosial şəbəkələrdə yayımlanan caz kompozisiyalarına qulaq asmaqdan doymurlar. Onun bəstələrini dünyanın hər guşəsində dinləyənlərin sayı sürətlə artmaqda davam edir. Fikrimcə, Etibarın caz kompozisiyalarından doğma Xəzərin sahilində uyuyan Bakının, təkrarsız İçərişəhərin, Abşeronun azad ruhu hiss olunur.

Mən Etibarı İkinci Qarabağ müharibəsinın ağır, çətin anlarında bir daha kəşf etdim. Döyüşlərin ilk günlərində Qələbəmizin rəmzlərindən birinə çevrilən şəhid döyüşçü Xudayarın ifasında “Vətən yaxşıdır” mahnısı sosial şəbəkələrdə geniş yayılmışdı. Etibar dərhal bu populyar mahnının üzərində yeni caz kompoziyası hazırladı. Bunu bəstəkara heç kim sifariş etməmişdi. O, bunu qəlbinin hökmü ilə etmişdi.

Klipin sujet xətti belədir ki, Xudayarın ekranda döyüşçü dostları arasında “Vətən yaxşıdır” mahnısını böyük şövqlə ifa edir, Etibar isə döyüşçü-müğənnini pianoda müşayiət edir. Etibar Əsədli bununla öz vətənpərvərlik missiyasını bitmiş hesab etməyib. O, 2021-ci ilin 8 noyabrında, Şuşanın azad edilməsinin birinci ildönümündə Parisin dünya şöhrətli Notr-Dam kilsəsində həmin klipin təqdimatını keçirib.

Təqdimat günü bir qrup erməni terrorçusu kilsəni mühasirəyə alaraq Etibardan konserti dayandırmasını tələb ediblər. Lakin “bakılı bəstəkar” bu təhdidlərin qarşısında geri çəkilməyib. İsrarla bildirib ki, konsert mütləq baş tutmalıdır. Etibarın terrorçulardan qorxmadığını görən kilsənin rəhbərliyi polisə müraciət etməli olub. Fransa polisi terrorçuları ərazidən uzaqlaşdırıb. Zəfər konserti böyük təntənə ilə ifa baş tutub.

Yeri gəlmişkən, Etibar Əsədlinin “Xudayar” kompoziyasını şəhid döyüşçünün anası və qardaşı da izləyiblər. Şəhidin anası Radə Yusifzadə Etibarın anası – Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Minəxanım Əsədliyə zəng vuraraq Etibara təşəkkür edib.

Professor dərhal Etibara telefon açıb və oğluna bu barədə məlumat verib. Etibar isə söyləyib ki, heç bir minnətdarlığa ehtiyac yoxdur. Onun üçün xalqının Xudayar kimi qəhrəmanını pianoda virtual olaraq müşayiət etmək son dərəcə böyük şərəfdir!

M.HACIXANLI
XQ

Sosial həyat