Türk Akademiyası qardaş xalqların mənəvi xəzinəsidir

post-img

2010-cu ildə yaradılmış və 2014-cü ildən beynəlxalq təşkilat statusu almış Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında elmi-mədəni inteqrasiya prosesini həyata keçirən qurumlardan biridir. Müsahibimiz Türk Dövlətləri Təşkilatının ötən ilin sonunda Səmərqənddə keçirilmiş IX Zirvə görüşündə bu qurumun yeni prezidenti seçilmiş soydaşımız, akademik Şahin Mustafayevdir.

– Şahin müəllim, yaxın illərdə Türk Akademiyasında hansı tədbirlər həyata keçiriləcək? 

– Beynəlxalq Türk Akademiyasının fəaliyyəti dilçilik, tarix, arxeologiya, et­noqrafiya, eləcə də humanitar və ictimai elmlərin bir neçə sahəsini əhatə edir. 2023-cü il və yaxın gələcəkdə, ilk növ­bədə, qardaş xalqlarımızın dil sahəsin­də yaxınlaşması prioritet məsələlərdən olduğu üçün bu il ortaq terminologiya­nın yaradılması istiqamətində müasir türk dillərində işlənən terminlərin müqa­yisəli lüğətlərini hazırlayıb nəşr etməyi planlaşdırırıq. 

Termin birliyinin təmin edilməsi ilə qarşılıqlı əlaqə və anlaşma səviyyəsi daha da artacaq. Digər tərəfdən ortaq türk terminologiyasının formalaşması həm də türk elmi dilinin inkişafına təkan verəcəkdir. Çünki elmi dilin bünövrəsini də nəticədə terminlər təşkil edir.

Başqa bir layihəmiz “Avrasiyanın türkdilli toponimləri” layihəsidir. 

2023-cü ildə həyata keçirəcəyi­miz digər layihə isə “Türk dünyasının müqəddəs yerləri” adlanır. Məqsədi­miz türk dünyası üçün əhəmiyyətli olan müqəddəs yerləri özündə əks etdirən atlası hazırlamaq və qardaş xalqlarımı­zın tarixi bağlarını bir daha ortaya çıxar­maqdır. 

Digər mühüm layihəmiz XIX–XX əs­rin əvvəllərində türk maarifçi mütəfək­kirləri ilə bağlı bioqrafik toplunun ha­zırlanmasıdır. Məqsəd türk maarifçilik hərəkatının tarixində mühüm rol oyna­mış mütəfəkkirlər haqqında bioqrafik məlumatlar vermək, onların ideyaları və xidmətləri barədə bilgiləri ümumiləşdir­məklə yanaşı, bu görkəmli şəxsiyyət­lərin bir-biri ilə əməkdaşlıq və qarşılıqlı əlaqəsini bir daha tədqiq etməkdir. 

“Avrasiyada əski türk bədizləri (daş heykəlləri) kataloqu” adlanan daha bir layihəmiz isə Monqolustandan Şərqi Avropaya qədər uzanan geniş coğrafi­yada qədim türklərin maddi-mədəniy­yətinin mühüm bir parçası olan daşdan hazırlanmış insan heykəllərini araşdır­mağı nəzərdə tutur. “Türk dünyasının 100 məşhur şəxsiyyəti” başlıqlı layihə­mizin icrası da davam etdiriləcək. Yuxa­rıda sadalananlardan əlavə, türk xalqla­rının ortaq tarixi və mədəniyyəti ilə bağlı bir sıra digər tədqiqat layihələrimiz də nəzərdə tutulur.

– Akademiyanın arxeoloji tə­dqiqatları xüsusi maraq doğuran sahələrdəndir. 

– 2022-ci il Akademiyanın arxeolo­ji tədqiqatları baxımından uğurlu bir il olmuşdur. Monqolustanın Nomqon va­disində Türk Akademiyası və Monqo­lustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı qazıntılar nə­ticəsində qədim türk dövrünə aid məq­bərə kompleksi və kitabənin yuxarı his­səsi aşkar olunmuşdur. Bundan başqa, bu il Sırdərya hövzəsindəki qədim oğuz şəhərlərində araşdırma aparmaq niyyə­tindəyik. Hazırda bu işlərə hazırlıq mər­hələsindəyik.

– Beynəlxalq Türk Akdemiyasın­da bu il hansı yeniliklər gözlənilir?

– Akademiyanın dil və tarix sahələri üzrə fəaliyyətləri davam etdiriləcək. An­caq bu il qeyd olunanlardan əlavə, iqti­sadiyyat, siyasi elmlər və hüquq sahə­sində də tədqiqatlara diqqət yetirmək niyyətindəyik. Beynəlxalq Türk Akade­miyası artıq Türk Dövlətləri Təşkilatı Katibliyi ilə birlikdə “Türk dünyasında iqtisadi əməkdaşlıq və inteqrasiya” adlı proqramın icrasına başlamışdır. 

Akademiyanın dilçilik ilə bağlı iş­ləri də davam etdiriləcək. TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun da birgə təşkilatçılığı ilə bu il Bişkekdə “Beynəlxalq Türk Dili Forumu” keçirilə­cək. 

Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə 2015-ci ildə yaradılan Türk Dünyası Akademiyalar Birliyinin əhəmiyyətli bir qurum olduğunu hesab edirik. Bu platformanın işini canlandır­maq istiqamətində səylərimizi artıraca­ğıq. Bu il üçün planlaşdırdığımız digər mühüm bir tədbirimiz Şuşada keçirilə­cək. Bildiyiniz kimi, bu il Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Eyni zamanda, bu il Vil­helm Tomsen tərəfindən qədim türk əlifbasının oxunmasının 130-cu ildönü­müdür. Biz bu yubileyin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında qeyd olunmasını əlamətdar hesab edirik. Bu tədbiri üzv ölkələrin UNESCO Milli Ko­missiyaları ilə birlikdə təşkil edəcəyik. 

2023-cü ilin payızında türk xalqları­nın ortaq tarixinə həsr olunan daha bir beynəlxalq konqresin keçirilməsini də planlaşdırırıq. Bu tədbir sırasında qə­dim dövr və orta əsrlərdə türk dövlətçilik tarixi, tariximizin dövrləşmə problemləri, tariximizdə şəhər mədəniyyəti və köçə­rilik komponentləri və digər mühüm elmi məsələlər müzakirə ediləcək. 

2023-cü il bütün türk dünyası üçün mühüm olan yubileylər və tarixlər ilə əlamətdar bir ildir. Onların arasında Əbureyhan Biruninin anadan olma­sının 1050 illiyi, Sultan Bəybarsın 800 illiyi, Ağqoyunlu Uzun Həsənin 600 illiyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi, Tür­kiyə Respublikasının quruluşunun 100 illiyininin keçirilməsini qeyd etmək ye­rinə düşər. 

– Son vaxtlar ortaq türk əlifbası mövzusu yenidən gündəmdədir. 

– Ortaq əlifba məsələsi bundan sonra da prioritetimiz olacaq. Türk Aka­demiyasının yaradılması haqqında Sa­zişin 2-ci maddəsində Akademiyanın məqsəd və vəzifələri sırasında “bütün türk dilləri üçün istifadə olunacaq uyğun əlifbanın hazırlanması” göstərilmişdir. Həmçinin Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə Toplantısında qəbul edil­miş “Türk dünyası 2040 vizyonu” sənə­dindəki TDT-yə üzv dövlətlər arasında daha yaxşı ünsiyyətin qurulması üçün əlifba və terminologiya sahəsində birli­yin təmin edilməsinə xüsusi diqqət ye­tirilmişdir.

Cari ildə Türk Akademiyası nəzdin­də “Ortaq əlifba komissiyası” yaradıla­caq və komissiyanın ilk iclası Bişkekdə Türk Dil Qurumu ilə əməkdaşlıq çərçi­vəsində, “Beynəlxalq Türk Dili Forum” proqramı üzrə keçiriləcəkdir. 

Bizim əməkdaşlıq coğrafiyamız ge­nişdir, Monqolustandan Pakistana qə­dər türk dünyası ilə sıx tarixi əlaqələri olan ölkələrin akademik qurumları ilə birgə fəaliyyətimiz, layihələrimiz var.

Üstəlik, biz dünyanın türkologiya mərkəzləri və alimləri ilə əməkdaşlıq edirik, bu mövzuda bütün dünyaya açıq bir qurumuq. 

 

Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatı elektron informasiya sektorunun müdiri

Müsahibə