Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023- cü il yaz sessiyasının növbəti iclası keçirildi. Sədr əvvəlcə martın 5-də erməni silahlı birləşmələri tərəfindən qanunsuz istifadə edilən Xankəndi–Xəlfəli–Turşsu yolunda törədilmiş təxribat barədə məlumat verdi. Bildirdi ki, bu hadisə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir.
S.Qafarova dedi ki, bu təxribatın qarşısının alınması zamanı bizim iki əsgərimiz şəhid olmuşdur. Həmçinin yaralanan hərbçimiz var. Deputatlar erməni silahlı birləşmələrinin törətdikləri təxribatları pislədilər.
Plenar iclasın gündəliyinə 13 məsələ daxil edilmişdi. Sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənildi.
“Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin qəbulundan sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim edildi. Layihədə diqqət çəkən məqamlardan biri də Azərbaycanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair dəyişiklik idi. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda qəbul edildi.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bununla da Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsi təsdiqləndi.
Qanun layihəsinə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edildi. Məcəlləyə dəyişiklik 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
Gündəliyə çıxarılan digər qanun layihələrinin müzakirəsindən sonra müvafiq qərar qəbul edildi.
İclasın sonunda Milli Məclisin Sədri deputatları Yel çərşənbəsi və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. 8 Mart Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərildi.
Bununla da Milli Məclis öz işini başa çatdırdı.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”