Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan biri də hazırda ən çox diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən, ölkəmizin qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, region, həmçinin Çin və Orta Asiya ölkələrini Azərbaycan – Türkiyə vasitəsilə Avropanın tranzit–nəqliyyat xəttinə bağlayır.
Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərb arasında mühüm qovuşağa çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır.
Bir neçə gün bundan əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli-Cəbrayıl-Zəngilan istiqamətində səfəri də bu istiqamətdə dəmir yolu xəttinin tikintisi ilə bağlı məlumatlandırma məqsədi daşıyırdı.
Horadizdən Ağbəndədək dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə başçısı İlham Əliyevin 2021-ci il 13 mart tarixli müvafiq sərəncamına əsasən başlanılıb. Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə 140,6 kilometrdir. Layihə üzrə 9 stansiyanın tikintisi nəzərdə tutulub. Bunlar Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd stansiyalarıdır.
“Azərbaycan Dəmir Yolları”nın tikintiyə nəzarət idarəsinin şöbə rəisi Kənan Rzayev bizimlə söhbətində bildirdi ki, Horadizdən Ağbəndədək tikintisi aparılan dəmir yollarında 41 körpü, 22 avtomobil keçidi, 3 tunel, 2 qalereya, 4 heyvanlar üçün keçid, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi, o cümlədən 70 ədəd yoldəyişən, 110,4 kilometr rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulmaqla, ümumilikdə 469 ədəd mühəndis qurğusunun tikintisi nəzərdə tutulub. Öyrəndik ki, ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə isə minatəmizləmə işləri davam edir.
Müsahibimiz bildirdi ki, adıçəkilən dəmiryolu xəttində tikinti işləri üç mərhələdə aparılır. Birinci mərhələ 0-30 kilometr, ikinci mərhələ 30-85 kilometr, üçüncü mərhələ isə 85-110,4 kilometr məsafəni əhatə edir. 60 kilometr uzunluğunda dəmir yolunda relslər quraşdırılıb, 300-ə yaxın mühəndis qurğularının işləri yekunlaşıb. Hazırda isə yolun 62-72-ci kilometrlərində dəmiryolunun torpaq yatağı və mühəndis qurğularının tikintisi davam etdirilir.
Bunu da qeyd edək ki, bu dəmir yolu xətti, eyni zamanda, Həkəri çayının üstündən keçir. Horadiz-Ağbənd dəmiryolu xəttinin 65-ci kilometrliyində çayın üzərində salınmış Həkəri körpüsü Azərbaycanda ən uzun dəmir yolu körpüsüdür. Dəmir-beton dayaqlardan inşa edilmiş 13 aşırımlı bu körpünün uzunuğu 418 metrdir. Kənan Rzayev bildirdi ki, körpünün tikintisi ilə əlaqədar Həkəri çayının istiqaməti müvəqqəti olaraq dəyişdirilib. Hazırda isə burada beton-konstruksiya işləri yekunlaşıb, torpaq bərkitmə tədbirləri isə davam etdirilir.
Həmsöhbətim onu da qeyd etdi ki, Horadiz-Ağbənd dəmir yolu təkxətli olaraq layihələndirilib, ancaq sərnişin və yükdaşımalarının daha rahat hərəkəti üçün stansiyalarda dəmiryollları üçxətli olaraq planlaşdırılıb. Bu da qatarların gün ərzində kəsintisiz olaraq rahat hərəkət etməsinə imkan verəcək.
Qeyd edək ki, hazırda nəzərədə tutulmuş layihə üzrə işlərin 40 faizə qədəri görülüb, ümumilikdə isə adıçəkilən istiqamət üzrə işlərin yekunlaşdırılması gələn ilin ortalarına nəzərdə tutulub. Necə deyərlər, bütün işlər plan üzrə gedir. Ölkə Prezidentinin dediyi kimi: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”