Dünya Bankının maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi “Məşğulluğa Dəstək layihəsi”nə diqqəti artırmaq, nəzərdə tutulan kateqoriyaları layihəyə cəlb etmək məqsədilə Saatlı və Sabirabadda ictimai dinləmələr keçirilib.
Tədbirdə işaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları açıqlanıb. Həmçinin müraciət və iştirak qaydalarına dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib. Görüşün sonunda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub və onların bir çoxu layihənin dəstəyi ilə işlərini qurub.
Qeyd edək ki, layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.