ABŞ Prezidenti Donald Tramp Tayvana 12 milyard dollar dəyərində Amerika silahlarının tədarükü məsələsinin dondurulduğunu (pauzaya qoyulduğunu) və Vaşinqtonun növbəti addımlarının Çindən asılı olduğunu bəyan edib.
"Mən hələlik bu qərarı təxirə salıram, hər şey Çindən asılıdır. Açığını desəm, bu, danışıqlarda bizim üçün çox güclü bir kozırdır. Söhbət böyük həcmdə silahdan gedir. On iki milyard dollar - çox böyük silah partiyası deməkdir", - Tramp Fox News telekanalına müsahibəsində bildirib.
Tramp müsahibəsində, həmçinin qeyd edib ki, o, "kimlərinsə müstəqillik elan etməsini və bundan sonra bizim döyüşmək üçün 9,5 min mil məsafə qət etmək məcburiyyətində qalmağımızı" istəmir.
Amerika liderinin qənaətinə görə, vəziyyət indiki kimi qalacağı təqdirdə, Pekin, çox güman ki, adaya qarşı hər hansı bir addım atmayacaq. "Biz kimlərinsə 'Gəlin müstəqillik elan edək, çünki Birləşmiş Ştatlar bizi dəstəkləyəcək' deməsini istəmirik", - Tramp əlavə edib.
ABŞ Prezidenti Çin Xalq Respublikasını (ÇXR) və Tayvanı bir az sakitləşməyə çağırıb: "Tayvanın bir az sakitləşməsi çox ağlabatan olardı. Çinin də bir az sakitləşməsi çox ağlabatan olardı".
Pekin Tayvanı ÇXR-in ayrılmaz tərkib hissəsi hesab edir və "vahid Çin" prinsipinə əməl olunmasını Çinlə diplomatik münasibətlər qurmaq və ya saxlamaq istəyən digər dövlətlər üçün mütləq şərt sayır. Amerikanın Tayvana silah satışı Vaşinqton və Pekin arasındakı münasibətlərdə əsas gərginlik nöqtələrindən biri olaraq qalır.
Qeyd edək ki, mayın 13-dən 15-nə qədər Donald Trampın Çinə səfəri baş tutub. Onun sözlərinə görə, Çin sədri Si Cinpinlə aparılan danışıqların nəticələri Birləşmiş Ştatların Tayvanla bağlı siyasətinə təsir göstərməyib.
S.ELAY
XQ

