Təzminat Azərbaycanın qanuni haqqıdır

post-img

Əlbəttə, dünyada ədalət varsa...

1988–1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü və müstəqil ölkənin ərazilərini işğal etməsi iki ölkə arasında münaqişəni Cənubi Qafqaz tarixinin ən faciəli səhifələrindən birinə çevirdi.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu. Ermənistanın işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, 20 min nəfərdən çox azərbaycanlı öldürüldü, 50 min nəfərdən çoxu isə əlil oldu. Amma bunlar da son deyildi.

I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum olmadı.

Dağıntıların və vandalizm aktlarının miqyası isə daha dəhşətli və fəlakətli idi. İşğal illərində Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdıldı.

Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğala son qoyub öz ərazi bütövlüyünü tam bərpa etdi. İşğaldan azad edilən ərazilərdə Ermənistanın törətdiyi vəhşiliklərə şahid olandan sonra ölkənin təzminat haqqı məsələsi hüquqi və mənəvi aspektləri olan son dərəcə aktual bir məsələyə çevrildi. Əlbəttə, bu sadə bir məsələ deyil. Birinci yazımızda açıqladığımız kimi, əgər işğalçı və hətta müstəmləkəçi ölkələr 1-2 əsr əvvəl törətdikləri cinayətlərə və zorakılıqlara, hərbi təcavüzə görə belə təzminat ödəməyi beynəlxalq ədalətin bərqərar olmasında mühüm addım hesab edirlərsə, Azərbaycanın təzminat haqqı niyə tanınmamalı və işğalçı Ermənistan azərbaycanlılara qarşı törətdiyi cinayətlərin hesabını verməməlidir?!

Tanış olduğumuz bir çox sənədlərdə ölkələrin təzminat hüququ artıq bir əsrə yaxın dövrdə qəbul edilmiş beynəlxalq hüquqi çərçivədə təsbit edilməkdədir. Bilavasitə beynəlxalq hüquq dövlətlərə dəymiş ziyana görə təzminat tələb etməyə icazə verir. Bu məsələni tənzimləyən sənədlərə diqqət yetirək:

1. Cenevrə konvensiyaları: 1949-cu ildə qəbul edilmiş və bu günə qədər dünyanın bütün ölkələrinin, o cümlədən Ermənistanın da imzaladığı beynəlxalq humanitar hüququn əsası olan Cenevrə konvensiyaları və əlavə protokollar müharibədə mülki şəxslərin və obyektlərin mühafizəsini tənzimləyir. Mülki obyektlərin və mədəni irsin dağıdılması, habelə insan hüquqlarının kütləvi şəkildə pozulması beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilə bilər ki, bu da təzminat hüququnu doğurur.

2. Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyası. Azərbaycan ərazisindəki mədəni və tarixi obyektlərin qeyri-qanuni şəkildə məhv edildiyi sübut olunarsa, ilk növbədə, bu konvensiyanın pozulmasına istinad edilməlidir. Şübhəsiz, bununla bağlı Azərbaycan tərəfində kifayət qədər dəlil -sübutlar və faktlar var.

3. İnsan hüquqları haqqında beynəlxalq qanunlar: Bu qanunlara əsasən, mülki əhalinin öldürülməsi və onların əmlakının məhv edilməsi kimi insan hüquqlarının pozulması təzminat tələbinə səbəb ola bilər. Belə hallarda İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası kimi beynəlxalq hüquqi sənədlərdən istifadə oluna bilər.

Beynəlxalq hüququn bu sənədləri əsasında Azərbaycan dağıntıların və insan itkilərinin miqyasına görə təzminat tələb etmək haqqına malikdir. Bu təzminat haqqının arqumentləri kifayət qədərdir.

Birincisi, dağıntıların miqyası: 1988–1993-cü illərdə 900-ə yaxın yaşayış məntəqəsi, 150 min ev, yüzlərlə məktəb, uşaq bağçası, tibb müəssisəsi, mədəni-tarixi obyektlər dağıdılıb. Bu hərəkətlər mülki infrastrukturun və mədəni irsin məqsədyönlü şəkildə məhv edilməsi kimi qiymətləndirilməlidir.

İkincisi, zərərçəkmiş vətəndaşların hüquqları: 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Məcburi köçürmə, əmlakın məhv edilməsi, insanlara qarşı cinayətlər və itkin düşmüş şəxslər kimi kütləvi insan hüquqları pozuntuları təzminat üçün ciddi əsaslardır.

Üçüncüsü, beynəlxalq təcrübədə presedentlər. Biz bunu birinci məqaləmizdə geniş şərh etmişdik. Artıq dünya praktikasında münaqişələr zamanı dövlətlərin və xalqların dəymiş ziyanın ödənilməsini tələb etməsi halları kifayət qədərdir.

Bütün bunlardan sonra belə bir sual meydana çıxır ki, Azərbaycan təzminat hüququnun həyata keçirilməsi üçün hansı yollardan istifadə etməlidir?

1. Beynəlxalq məhkəmələrə müraciət: Beynəlxalq Ədalət Məhkəməsi və ya Avropa İnsan Hüquqları Məhkəməsi təzminat və kompensasiya ilə bağlı işlərə baxa bilər. Azərbaycan münaqişə zamanı həyata keçirilən hərəkətlərə hüquqi qiymət verilməsi üçün dağıdıcılıq, qətllər və digər qanun pozuntularına dair sübutlar təqdim edib, buna hüquqi qiymət verilməsini tələb etməlidir.

2. Beynəlxalq danışıqlar və vasitəçilik: BMT və ya ATƏT kimi beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistanla birbaşa danışıqlar təzminat məsələsini həll etmək üçün effektiv yol ola bilər. Bu cür danışıqlar həm təzminatın ödənilməsini, həm də dağıdılmış obyektlərin bərpasını əhatə etməlidir.

3. Beynəlxalq komissiyanın yaradılması: Dağıntıların və itkilərin miqyasını müəyyən etmək üçün müstəqil beynəlxalq komissiya yaradıla bilər. Onun araşdırmaları və tapıntıları təzminat tələbləri və sonrakı danışıqlar üçün əsas ola bilər.

Amma təzminatların alınması yolunda çətinliklər və problemlər də az deyil. Onlardan bəzilərinə diqqət çəkmək istərdik:

Siyasi vəziyyət: Təzminat məsələsi Ermənistan və Azərbaycan arasındakı siyasi əlaqələrlə sıx bağlıdır. Qarabağ münaqişəsi sona çatsa da, sülh müqaviləsi imzalanmadığından tərəflər arasında münasibətlər gərginlikdən elə də uzaqlaşmamışdır və davam edən ərazi mübahisələri təzminatla bağlı razılığın əldə olunması imkanlarını çətinləşdirir.

Məsuliyyətin müəyyən edilməsi: Təzminat tələb etmək üçün dağıntı və tələfata görə qarşı tərəfin, yəni Ermənistanın məsuliyyətini müəyyən etmək lazımdır. Bunun üçün hərtərəfli araşdırmalar və ciddi sübutlar tələb olunur.

Nəzərə almaq lazımdır ki, beynəlxalq aləmdə təzminat məsələlərinə münasibətdə bu sahənin mütəxəssisləri və ekspertlərinin fikirləri müxtəlifdir. Məsələn, T.Şefçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının dosenti, hüquq elmləri namizədi Zaxar Tropin yazır: “Beynəlxalq hüquqda təzminatın həyata keçirilməsi qaydasını, formaları və əsaslarını tənzimləyən beynəlxalq müqavilələr yoxdur. Hələ ki, yalnız 2001-ci ildən etibarən dövlətlərin beynəlxalq hüquqa zidd hərəkətlərinə görə məsuliyyəti haqqında məqalələrin mətni var. Bu sənəd BMT Baş Assambleyasının qətnaməsi ilə təsdiq edilib və dövlət məsuliyyətinə dair beynəlxalq ənənələrin kodifikasiyası hesab olunur. Bu sənəd təzminat anlayışına iddia etmir, bunun əvəzinə o, təzminat terminini zərərçəkmiş dövlətə qanunsuz hərəkət nəticəsində dəyən zərərin ödənilməsi forması kimi istifadə edir.

Təzminatların həyata keçirilməsi üçün əsas beynəlxalq hüquqi baza silahlı münaqişədə iştirak edən dövlətlər arasında bağlanmış beynəlxalq müqavilədir. Məhz bu müqavilədə təzminatların həcmi və formaları müəyyən edilir. Belə bir müqavilə silahlı münaqişə bitdikdən sonra bağlanır. Bu müqaviləni bağlamış dövlətlər onun həyata keçirilməsini özləri təmin edirlər. Lakin bu, belə bir müqavilənin üçüncü dövlət və ya beynəlxalq təşkilat tərəfindən həyata keçirilməsinə təminat verilməsinin mümkünlüyünü inkar etmir”.

Təzminatın ödənilməsi məsələsində iqtisadi komponent də mühüm rol oynayır. Çünki təzminatın məbləğinin müəyyən edilməsi və onun ödənilməsi üçün mənbələrin tapılması təzminatın ödənilməsində problemli məsələlərdəndir. Qərb havadarları təzminat məsələsi ortaya çıxanda bildirirlər ki, Ermənistanın iqtisadi vəziyyəti potensial ödəniş öhdəliklərini yerinə yetirməyi çətinləşdirə bilər. Amma müharibədən sonra bu ölkədə rəsmi dövlət səviyyəsində revanşizm meyllərinin güclənməsi və külli miqdarda silah alınması onun iqtisadi cəhətdən heç də zəif olmadığını sübut edən əsaslar sayıla bilər.

Bu baxımdan Ermənistanın təzminat ödəməyə qadir olmadığını arqument kimi irəli sürənlərin fikirlərində heç bir məntiq yoxdur. Ermənistan 3 il ərzində Azərbaycan ərazisində ordu saxlamaq üçün ildə 400 milyon dollar ödəyən, iqtisadi artım nümayiş etdirən və maliyyə ehtiyatlarını artıran, Hindistandan və Fransadan silahlar almağa milyardlar xərcləyən bir ölkədir. Bu onu göstərir ki, Ermənistanın sanballı maliyyə mənbələri var. Digər tərəfdən, bu ölkəni ayırdıqları maliyyə yardımı ilə silahlandıran bir çox himayədar dövlətlər, İrəvanın əvəzinə Azərbaycana təzminat ödəməyi öhdələrinə götürə bilərlər ki, bu da Ermənistana ən böyük kömək olar. Əlbəttə, buna nail olmaq üçün, əvvəldə qeyd etdiyimiz kimi, Bakının təzminat prosesini məhkəmələrdə real təhlükə səviyyəsinə çatdırması və ya təzminat mövzusunu sülh müqaviləsinin şərti kimi irəli sürməsi məqsədəuyğun olardı.

Yeri gəlmişkən, bir faktı da diqqətdən qaçırmaq olmaz ki, Ermənistan sivil ölkələrdən fərqli olaraq, bu günə qədər işğal faktına görə Azərbaycandan rəsmən üzr istəməyib.

Yekun olaraq tam əsasla demək olar ki, Azərbaycan dağıntıların və insan itkilərinin miqyasına əsaslanaraq, Ermənistanın işğalçılıq müharibəsinin davam etdiyi illərdə özünə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Beynəlxalq hüquq, o cümlədən Cenevrə konvensiyaları və digər beynəlxalq sənədlər bu cür iddialar üçün əsas yaradır.

Hüquqşünaslar belə real bir variant irəli sürərək bildirirlər ki, təzminatla bağlı mübahisəni səlahiyyətli beynəlxalq qurum həll etməlidir və hərbi təcavüz nəticəsində cinayətlər törətmiş tərəf beynəlxalq ictimaiyyətin ciddi sanksiyalarına məruz qalmamaq üçün təzminat ödəməlidir.

Beynəlxalq hüququn ən ciddi pozuntularından biri hərbi təcavüz hesab edilir. Nürnberq tribunalının qaydalarını kodlaşdıran “Nürnberq prinsipləri” təcavüzkar müharibənin başlanılması və aparılmasını beynəlxalq cinayət kimi təsnif edir. Təcavüz aktlarının qadağan edilməsi BMT Nizamnaməsinə daxil edilib və orada təşkilatın əsas məqsədlərindən biri kimi “təcavüz aktlarının və ya sülhün digər pozuntularının qarşısının alınması” xüsusi qeyd olunub.

Amma bu sənədlər hərbi təcavüzün formal tərifini vermir. Bu tərif 1974-cü ildə BMT Baş Assambleyasının 3314 saylı qətnaməsində verilmişdir. Xüsusi yaradılmış komitə bu tərifin işlənib hazırlanması üzərində tam yeddi il çalışdı. Ümumiyyətlə, tərif haqqında hələ Millətlər Liqasında düşünməyə başlamışdılar.

Qətnamənin elə birinci maddəsində təcavüz ən ümumi ifadələrlə müəyyən edilir, sonra dəqiqləşdirmələr gəlir: “Təcavüz bir dövlət tərəfindən başqa bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya bu tərifdə müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olmayan hər hansı digər şəkildə hərbi güc tətbiq edilməsidir”.

Tərif kifayət qədər genişdir: “təcavüz aktları”, xüsusən də “bir dövlətin silahlı qüvvələri tərəfindən başqa bir dövlətin ərazisinə basqın və ya hücum”, “başqa dövlətin ərazisinin və ya onun bir hissəsinin güc yolu ilhaq edilməsi”, “bir dövlətin silahlı qüvvələri tərəfindən başqa dövlətin ərazisinin bombalanması”, həmçinin “bir dövlət tərəfindən... başqa dövlətə qarşı silahlı qüvvələrdən istifadə etmək məqsədilə silahlı dəstələr, qruplar, nizamlı olmayan qüvvələr və ya muzdlular göndərməsi”.

Tərif daha sonra aydınlaşdırır ki, istər siyasi, istər iqtisadi, istərsə də hərbi (tarixi bir yana qalsın) heç bir mülahizə təcavüzə haqq qazandıra bilməz. Sənəddə təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayət kimi təsnif edilir və müvafiq beynəlxalq məsuliyyət nəzərdə tutur. Maraqlıdır ki, qətnamədə təsnif olunanlar Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı istifadə edilib. Bunlar danılmazdır.

Məsələnin texniki tərəfinə gəldikdə isə, bu cəhətdən təzminatlar Beynəlxalq Ədalət Məhkəməsi kimi səlahiyyətli orqanın qərarı və ya münaqişə tərəfləri arasında sülh müqaviləsi ilə müəyyən edilə bilər. Doğrudur, hələ süh müqaviləsi müzakirə mərhələsindədir. Lakin Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiya ilə bağlı da böyük problemləri var. O, dövlətlər arasında mübahisələri yalnız onların razılığı ilə və ya beynəlxalq müqavilələr əsasında həll edir.

Bununla belə, təzminatların toplanması prosesi beynəlxalq səviyyədə tanınma, aydın sübutlar və mürəkkəb danışıqlar tələb edir ki, bu da davam edən sülh danışıqlarının gərginliyi fonunda ciddi çətinliklər yaradır.

Doğrudur, hüquqi nöqteyi-nəzərdən indi İrəvanda dövlət səviyyəsində ciddi müzakirələrə səbəb olan Ermənistan Konstitusiyası Azərbaycanın təzminat tələbi üçün sübut bazasına çevrilə bilər. Əslində iki ölkə arasında sülh müqaviləsinin əsas şərtlərindən biri Azərbaycanın Ermənistanın öz konstitusiyasında revanşizmə əsas verən maddələrin çıxarılması tələbidir. Bakının bu tələbi müəyyən mənada Ermənistan rəhbərliyi üçün Azərbaycanın təzminatlarla bağlı mövqeyini hansısa şəkildə yumşaltmağa əsas verə bilər. Yox, əgər rəsmi İrəvan konstruktivlik nümayiş etdirməsə, o zaman ölkənin qanunvericiliyindəki müvafiq maddələr Ermənistan üçün çox ağır təzminat ödəməsinə əsas sübut ola bilər.

Hazırda münaqişələrin həlli məsələlərində Qərb, xüsusilə ABŞ, təzminat iddiaları mövzusuna böyük diqqət yetirir. Məhz bu üzdən Vaşinqtonda nümayəndə heyətlərinin tərkibinə beynəlxalq məhkəmələrdə qaldırılan iddialar üzrə Xarici İşlər nazirliklərinin məsul şəxsləri də daxil edilib ki, bu da Birləşmiş Ştatların tərəflərin qarşılıqlı iddialardan çəkinməyi təklif etdiyini güman etməyə əsas verir.

Bununla belə, danışıqlar prosesinin öz dinamikası var. Və burada təzminat mövzusu yeni məna kəsb edə bilər. Azərbaycanın çoxmilyardlı təzminat tələbi Ermənistanın revanşizminin, təcavüzkarlığa cəhdlərinin qarşısını almaq üçün zəruri şərtə çevrilə bilər. İkinici bir tərəfdən, Bakı bu tələbi irəli sürmədən Ermənistanın qərb himayədarları ikili standartalardan əl çəkib hərəkətə keçməyəcəklər. Çünki Azərbaycanın dağıdılmış şəhər və kəndləri, ərazilərinin minalanması, öz doğma torpaqlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlı onların vecinə deyil.

Təzminat mövzusu regionda ədalətin bərpasına və sülhün möhkəmlənməsinə kömək edə biləcək müharibədən sonrakı nizamlanmanın mühüm hissəsi olmalıdır. Bu məsələnin həllini təkcə hüquq deyil, həm də münaqişənin uzunmüddətli və davamlı həllinə nail olmağa yönəlmiş siyasi səylər tələb edir. Amma işğala və hərbi cinayətlərə məruz qalmış Azərbaycanın təzminat haqqının tanınması həm də siyasi vəziyyət və tərəflərin dəymiş ziyanın ödənilməsi barədə razılığa gəlmək istəyi ilə sıx bağlıdır.

İlqar RÜSTƏMOV
XQ







Siyasət