4 günün açdığı yoldan 44 gündə zəfərlə keçildi
Aprel müharibəsindən 8 il ötür. O müharibədən ki, xalqımıza 44 günlük savaşdakı Zəfərin müjdəsi idi. Bəli, 2016-cı ilin 1–4 aprel tarixlərində Azərbaycan Ordusu 1994-cü il atəşkəsindən sonra ilk dəfə olaraq düşmənə gücünü göstərdi. Bu güc nümayişi adi məsələ sayıla bilməzdi. Onun arxasında hər bir azərbaycanlının Qarabağ itkisi ilə barışmazlıq əzmi dayanmışdı. Nəzərə alaq ki, 8 il əvvəlin bu günlərində hər şey ondan 4 il sonranın sentyabrını xatırladırdı. 2020-ci ilin 27 sentyabr tarixini.
Qətiyyətlə deyə bilərik ki, 2016-cı ilin Aprel müharibəsi nəinki hərb tariximizdə, eyni zamanda, müasir Azərbaycan tarixində misli-bərabəri olmayan şücaət salnaməsidir. O müharibə bizi özümüzə qaytardı. Həm özümüzə qaytardı, həm də düşmənlərimizi qəflət yuxusundan ayıltdı. Aprel döyüşlərinin ən böyük anlamı elə budur. Ermənistanın siyasi rəhbərliyi, eləcə də beyin mərkəzləri, habelə xaricdəki ermənipərəst dairələr həmin vaxtadək qurduqları planların iflasa uğradığının şahidi oldular.
Ümumən, 2016-cı ilin aprelinədək Ermənistanın hərbi-siyasi rəhbərliyində və politoloq-ekspert cameəsində bir neçə fikir hakim idi. Yazımızda həmin fikirlərə onların reallıqdan uzaqlığı kontekstində izah verəcəyik. Əlbəttə, mövcud kontekstdə dördgünlük müharibənin doğurduğu durumun da təhlilini aparacağıq.
Beləliklə, birincisi, Ermənistanda düşünürdülər ki, Bakı və İrəvan arasındakı vəziyyət həmişə o zamanadək olan formada davam edəcək. Üzərilərində qoruyucu çətirin olduğunu zənn edirdilər. Aprel müharibəsi İrəvanın, obrazlı desək, güvəndiyi dağlara qar yağdırdı.
İkincisi, Ermənistan iqtidarı hesab edirdi ki, ölkənin ordusu Azərbaycanın istənilən təzyiqinə tab gətirə bilmək gücündədir. Lakin dördgünlük müharibə bunun əksini ortaya çıxardı.
Üçüncüsü, erməni cəmiyyətinə belə fikir aşılanmışdı ki, azərbaycanlılar döyüşə bilmirlər, onların iş-gücləri yalnız ticarətdir. Həmin cəmiyyət anladı ki, bu, heç də belə deyil.
Dördüncüsü, Ermənistanda düşünürdülər ki, Qarabağ problemini siyasi baxımdan kifayət qədər uzun müddətə təxirə salmaq mümkündür. Amma Aprel müharibəsi göstərdi ki, siyasi faktorlar işləməyə bilər.
Beşincisi, dördgünlük müharibə yeni döyüş standartları ortaya qoydu ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu da düşünməmişdi. Həmin standartların tətbiqi şəraitində erməni ordusunun zəifliyi üzə çıxdı.
Altıncısı, Aprel müharibəsinədək erməni cəmiyyətində belə fikir var idi ki, Azərbaycanın ali hakimiyyəti səviyyəsində Qarabağla bağlı səslənən bəyanatlar və xəbərdarlıqlar daha çox daxili auditoriya üçün nəzərdə tutulub. Ancaq müharibə göstərdi ki, iddialarımız gerçəkdir, söz yığını deyil, mövcud xüsusdakı hər cümlə dərin fiksasiya təbiətinə malikdir.
Səkkizincisi, Ermənistanın ictimai fikrinə bu düşüncə hakim kəsilmişdi ki, Azərbaycan cəmiyyəti, ümumən azərbaycanlılar zaman keçdikcə Qarabağı unudacaqlar. Erməni beyin mərkəzləri nəsillərin dəyişməsi reallığına siyasi sərmayə yatırırdılar. Onlar iyirmi, otuz, qırx ildən sonra sadə azərbaycanlının Qarabağ məsələsinə baxış trayektoriyasını cızır və vurğulayırdılar ki, müəyyən vaxtdan sonra Qarabağ danışıqları da tamamilə əhəmiyyətini itirəcək, formal şəkil alacaq, beləliklə, bölgənin hüquqi cəhətdən Ermənistanın nəzarəti altına keçməsi rəsmiləşəcək. Dördgünlük müharibə bu tezisi alt-üst etdi. Göstərdi ki, xalqımız, xüsusən gənc nəsil Qarabağı əsla unutmur.
Doqquzuncusu, Ermənistanda 2016-cı ilin Aprel döyüşlərindən sonra başa düşdülər ki, qarşı tərəf bununla məhdudlaşmayacaq və hər fürsətdəcə hücum imkanı qazanmağa çalışacaq. Doğrudur, bu düşüncə o qədər də möhkəmlənməsə də, Ermənistanın toxunulmazlığı mifini dağıtdı.
Onuncu məqam. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında atəşkəs 1994-cü ildə Bişkekdə əldə olunmuşdu. 2016-cı ilin müharibəsinə isə aprelin 5-də Moskvada Azərbaycanın və Ermənistanın baş qərargah rəisləri arasındakı anlaşma son qoydu. Baxmayaraq ki, intensiv atəş səsləri aprelin 28-dək davam etdi, hər bir halda həmin razılıq, istər-istəməz, Bişkek gündəliyini arxa plana keçirdi.
On birinci məqam. Psixoloji baxımdan 1994-cü il anlaşması əhəmiyyətini itirdi. Yəni, düşüncələrdə müharibəyə son qoyan sənəd kimi Moskva görüşü əsas götürüldü. Qərargah rəislərinin razılaşmasının isə kövrək olacağını təxmin etmək heç də çətin deyildi. Axı onlar birinci şəxslər deyildilər.
On ikinci məqam. Ermənistanın hazırkı hakimiyyəti indinin özündə də 44 günlük müharibədəki məğlubiyyətdə günahı öz boynundan atmaq üçün müxtəlif variantlar irəli sürür. Həmin variantların biri budur ki, 2020-ci ilin savaşı qaçılmaz idi.
Paşinyan və komandası tez-tez bildirir ki, ölkənin əvvəlki iqtidarı Qarabağ danışıqlarında güzəştə getməyə məhkum duruma düşmüşdü. Onlar səbəb kimi isə 2016-cı ilin Aprel müharibəsini göstərirlər. Həqiqətən də dördgünlük savaş rəsmi İrəvanı Qarabağ danışıqları masasında həqiqətlərin üzünə dik baxmağa vadar etmişdi. Məlum olmuşdu ki, Ermənistanın əvvəki iqtidarında təmsil olunan Koçaryan-Sarkisyan ikilisinin ənənəvi manipulyativ davranışları əhəmiyyətini itirib. Yəni, Azərbaycanın qətiyyəti qarşısında prosesi dalana dirəmək cəhdlərinin iflasa uğrayacağı dəqiqləşmişdi.
Təsadüfi deyil ki, N.Paşinyan hakimiyyətə gələndə Bakıdan, ilk növbədə, danışıqları davam etdirmək üçün vaxt istəmişdi. Bunu elə şəkildə etmişdi ki, sanki güzəştə getməyə hazırdır. Əlbəttə, güzəştin olmadığını gördük. Əksinə...
On üçüncü məqam. 2016-cı ilin Aprel müharibəsi Ermənistanda Qarabağ reallıqlarına baxışı dəyişdi. Bu, hökumətə qarşı inamsızlıq qığılcımlarını alovlandırdı desək, yanılmarıq. Müxalifət yaranmış vəziyyətdən istifadə etdi. Söhbət hazırkı baş nazir N.Paşinyanın rəhbərlik etdiyi müxalifətdən gedir. O müxalifət ki, hakimiyyətə gəlmək üçün Qarabağın Ermənistan üzərindən asılmış ağır daş olduğu məntiqini işə saldı və bu tezis 2016-cı ilin acı reallıqları fonunda cəmiyyətdə böyük populyarlıq qazandı. Qarabağ naminə Azərbaycanla düşmənçiliyə getməmək məsələləri aktuallaşdı.
Əlbəttə, N.Paşinyanın hakimiyyətə gəldikdən sonra verdiyi bəyanatlar onun iqtidara yiyələnməsinə səbəb olmuş Qarabağ kompromisi motivini heçə endirdi. Nikol 2016-cı ilin məyusluğunu aradan qaldırdı. O, “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verərək, belə demək mümkünsə, demokratiyanın hər şeyə qadirliyi formulunu dövriyyəyə gətirdi. Bu dəfə erməni cəmiyyəti demokratiyanın Qarabağ məsələsində də keçərli kart olduğu qənaətinə gəldi. Əlbəttə, qənaətin yanlışlığı 2020-ci ilin 44 günlük müharibəsində tam şəkildə təsdiqini tapdı.
Ə.RÜSTƏMOV
XQ