Solovyova “Geriyə dön!” əmri verildi

post-img

Hayların “bek-vokalisti”nin Azərbaycanla bağlı ikibaşlı üzrxahlığı və digər məsələlər barədə

Telejurnalist üçün müəllif proqramı yüksək nüfuz və böyük şərəf olmaqla yanaşı, həm də ciddi məsuliyyət deməkdir. Efirdə canlı yayımlanan proqramın aparıcısı üçün isə jurnalistdən peşəkarlıq, milli və dövlət maraqlarını gözləməyi, mədəniyyət, diplomatik etiket vərdişlərini tələb edir. Əlbəttə ki, bunları yazarkən bitərəf və qərəzsiz, peşə etikasına riayət edən vicdanlı və təcrübəli jurnalistləri nəzərdə tuturuq. 

“Sehrli güzgü”nün efirindən siya­si xarizmasını, şəxsi “mən”ini təkəb­bürlə tamaşaçıların gözünə soxmağa çalışan, kamera qarşısında özünü müstəntiq, prokuror, kriminalist, hətta, dövlət ittihamçısı qismində aparan te­lejurnalistləri də az görməmişik. Belə teletipajların ən parlaq nümunəsi kimi Rusiyanın eyniadlı telekanalında müəl­lif proqramının aparıcısı Vladimir So­lovyovdur desək, yəqin ki, yanlışlığa yol vermiş olmarıq. 

“Azərbaycan rəhbərliyi haqqında yüksək fikirdəyəm”

Sifarişi Rusiyadakı erməni diaspo­rundan aldığı şübhə doğurmayan yə­hudi əsilli teleaparıcı Vladimir Solov­yovun Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall”da törə­dilən terrorla bağlı Azərbaycanın adını hallandırması qətiyyən təsadüfi sayı­la bilməzdi. Başabəla telejurnalistin efirdən söylədiyi onun ölkəmizə qarşı qərəzinin nümayişi idi. İfrat şovinist baxışları ilə tanınan 60 yaşlı teleaparı­cının terror aktından sonra, guya, onun iştirakçıları arasında azərbaycanlı so­yadını eşitdiyini deməsi açıq-aydın et­nik nifrətin ifadəsi sayılmalıdır.

Adətən, bu cür situasiyalardan öz məqsədləri üçün istifadə etməyə çalışanların peyda olması təəccüb doğurmamalıdır. Teleaparıcı Vladimir Solovyovun məlum terror hadisəsin­dən dərhal sonra cinayətkarlardan birinin Azərbaycan soyadını daşıma­sını bildirməsi haqlı etirazlara və cid­di tənqidə səbəb oldu. Solovyov bu tənqidlərin ardınca özünə bəraət qa­zandırmağa çalışıb və bununla bağlı “Solovyov Layf”ın efirindən bunları açıqlayıb: “Mənim, guya, efirdə han­sısa milləti təhqir etdiyim deyilir. Bəli, terror hadisəsindən sonra o əclafların birinin soyadını azərbaycanlı soyadı­na oxşatmışam. Onu erməni və ya qa­zax soyadı ilə də səhv sala bilərdim. Bəyəm, bu, mənim Azərbaycan xalqı ilə problemimin olduğunu göstərir? Özünüzə gəlin! Yoxsa demək istəyir­siniz ki, bizdə “müqəddəs millət” və “cinayətkar millət” var? Amma belə­si yoxdur. Mən sovet beynəlmiləl­çisiyəm, bütün millətlərə hörmətim var. Sovet dövrünün parlaq xadimləri olub ki, onların sırasına Ermənista­nın baş nazirini aid etmirəm, Belarus­dan olanları aid edirəm. Azərbaycan rəhbərliyinə gəlincə, İlham Əliyevlə görüşmüşəm və onun haqqında çox yüksək fikirdəyəm. Sakitləşin! Əgər mən millətlərarası münaqişəni qızış­dırmaq istəsəydim, bəzi blogerlərin yolu ilə gedərdim. Məgər Zelenskini tənqid edəndə yəhudi olduğuna görə yəhudələrin hansı reaksiyanı verəcə­yini gözləməliyəm?”.

Belə yerdə deyirlər ki, “üzrü qəbahə­tindən daha böyük” oldu. V.Solovyov, sadəcə, terrorçulardan birinin soyadını “səhvən” azərbaycanlıya bənzətməyib. O, Azərbaycanın həmin terror aktında əlinin olması versiyasını da irəli sürüb və bununla da ölkəmizə qarşı çoxdan müşahidə etdiyimiz nifrətini püskürüb. Bədnam jurnalistin Rusiyadakı erməni diasporu və işbazları ilə “isti” əlaqələrə malik olması heç kəsə sirr deyil. Məhz həmin “dostluq” əlaqələrinin nəticələri sayıla biləcək efir çıxışları ilə Solovyov təkcə peşə əxlaqını pozmur, həm də qərəzsizlik və obyektivlik prinsiplərinə saymazlıq göstərir. O, bu saymazlığı həm də rəsmi Moskvanın siyasətinə qarşı nümayiş etdirir. Əslində, bu ba­şabəla jurnalistin çoxdan izlədiyi zərərli və kriminal haypərəst tele–fəaliyyəti Rusiyanın müvafiq orqanları üçün ciddi təhqiqat obyektinə çevrilməli idi. Solov­yovun məqsədi Rusiya ictimaiyyətində xalqımıza və dövlətimizə qarşı mənfi rəy formalaşdırmaq, strateji müttəfiq olan iki ölkə arasındakı münasibətlərə kölgə salmaqdır. 

Türkiyə – Rusiya dostluğunu gözləri götürməyənlər

Azərbaycanın öz qonşularına, o cümlədən, Rusiyaya münasibətdə sabit və müstəqil mövqe tutması, kə­nar qüclərin Cənubi Qafqaza ayaq açmalarına qarşı çıxması, bu zaman siyasi qətiyyət nümayiş etdirməsi er­məni diasporunun və onun “dördün­cü hakimiyyət”dəki “züytutanları”nın əl-qolunu bağlayıb. Son 10–15 ildə Türkiyə ilə münasibətlərinin coğrafi­yasını xeyli genişləndirən Rusiyanın ictimai rəyində, həm də Azərbaycana və azərbaycanlılara yanaşmada müs­bət dəyişikliklər özünü qabarıq şəkil­də göstərməkdədir. Fəqət, bu müsbət tendensiya Rusiya vətəndaşı olan erməni iş adamlarının, hay diasporu­nun, eləcə də onların yerli “simpazi­on”larının heç də ürəyincə deyil. Şimal qonşumuzun yazılı və elektron media­sında çoxdan kök salmış, şaxələnmiş və kifayət qədər güclü rıçaqlara malik erməni mafiyası əllərindəki tribunalar­dan Azərbaycana qarşı mütəmadi şə­kildə istifadə edirlər. 

Vladimir Solovyov, Marqarita Si­monyan, erməni media-maqnatı Aram Qabrielyanov kimi və digərlərinin an­ti-Azərbaycan fəaliyyətlərinin arxasın­da birincinin şəxsi marağından, digər ikisinin saxta milli təəssübkeşliyindən daha çox imperiya maraqları daya­nır. Həmin media “çete”sinin hərdən antrakt edərək susması da təsadüfi sayıla bilməz. Əgər onlara “musiqini sifariş verənlər” narazılıqlarını bildir­sələr imperiya nökərləri ağızlarına su almağa məcbur olurlar. Ermənilərin “bek-vokalisti” Solovyov da “azərbay­canlı terrorçu” barədə sərsəmləmə­sindən sonra “Geriyə dön!” əmri aldı­ğından, yuxarıdakı açıqlamanı vermək məcburiyyətində qalıb. 

Sifarişlə oxuyan “bek-vokalist”

Məlum olduğu kimi, Vladimir So­lovyov erməni lobbisinin, Rusiyada­kı erməniəsilli biznesmenlərin, Aram Qabrielyanov kimi media-maqnatının sifarişlərini yerinə yetirir. Solovyo­vun məhz Ermənistan – Azərbaycan münasibətləri ilə bağlı vaxtilə efirdən səsləndirdiyi açıqlamaların birbaşa sifariş olduğunu da söyləməyə tam əsas verir. Rusiyanın yazılı və elektron mediasından ictimai rəyə üfürülən an­ti-Azərbaycan hədyanlarının əsas sifa­rişçilərindən biri erməni iş adamı, “Ta­şir” şirkətlər qrupunun sahibi, milyarder Samvel Karapetyandır. Solovyov mü­sahibələrininn birində söyləyib ki, Ka­rapetyanla yaxın dostdur, ara-sıra gö­rüşürlər. Deməli, V.Solovyov hər dəfə erməni dostu Karapetyanın hüzuruna gedəndə ondan pulla yanaşı, Azərbay­canla bağlı tele-sifarişlər də alır və on­ları can-başla yerinə yetirir.

Bakı uzun müddətdir ki, Moskvadan idarə olunan ideoloji xorun, Solovyov daxil, ayrı-ayrı solistlərinin anti-Azər­baycan “ulaşmasına” dözür. Üstəlik, beynəlxalq aləmdə Rusiyaya qarşı bulanıq ab-havanın davam etməsinə baxmayaraq, onunla ənənəvi əməkdaş­lığını, normal qonşuluq münasibətlərini qoruyub saxlayan az sayda ölkələr­dən biri məhz Azərbaycandır. Hazırda iki ölkə arasında münasibətlər normal məcrada davam edir, tərəflər ən müxtə­lif sahələrdə yaxından əməkdaşlıq edir, mütəmadi olaraq qarşılıqlı səfərlər hə­yata keçirilir, əlaqələr genişlənir.

2022-ci ilin fevralından etibarən isə Rusiya–Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Rəsmi Moskvanın dövlətlərarası münasibət­ləri “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi xarakterizə etdiyi Qarşı­lıqlı Müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni imzalamış Azərbaycan bölgədə onun əsas tərəfdaşı hesab olunur. Amma, Kremlin İrəvanla müna­sibətlərinin hər müstəvidə gərginliyin kulminasiyasına çatdığı göz qabağın­dadır. Yoxsa, rusiyalılar erməni “milli mücahidlərinin” paytaxtda törətdikləri və çoxsaylı insanın ölümünə səbəb ol­muş terror aktlarını unudublar?! Əgər belədirsə, bəzilərini xatırlada bilərik. Bəli, terror hayların “tarixin sınağından çıxmış ənənəvi mübarizə üsulları”ndan biridir. 1977-ci il yanvarın 8-də Moskva metrosunda, həmçinin SSRİ DTK bina­sının yaxınlığında və Nikolskaya küçə­sində yerləşən ərzaq mağazalarında özlərini “Ermənistan böyük milli parti­yası”nın təmsilçiləri kimi təqdim edən Zatikyan, Baqdasaryan və Stepanyan tərəfindən silsilə terror aktlarının ger­çəkləşdirilməsi bunun əyani sübutu idi.

Görünür, “Crocus City Hall”da törə­dilən terror aktından sonra ermənilərin 1977-ci ildə Moskvada həyata keçir­dikləri silsilə terror aktlarının xatırladıl­ması Rusiyadakı erməni diasporunun və lobbisinin təbliğatçılarının da ciddi narahatlığına səbəb olub. Və onlar 22 mart qanlı olayında Azərbaycanın adı­nı hallandırmaqla, guya, diqqəti ermə­nilərdən yayındırmağa çalışıblar. Həm də ölkələrarası əlaqələrə xələl gətir­mək məqsədini güdüblər. İntəhası, bu qəbildən olan təxribatların Azərbay­can–Rusiya münasibətlərinə kölgə salması mümkün deyil. Bunu hamıdan yaxşı həmin Solovyovun özü bilir. 

İmran BƏDİRXANLI
XQ



Siyasət