İlham Əliyev nəhəngliyi…qondarma “DQR” üçün nekroloq əvəzi
Bəli, biz tarixi anların şahidləriyik. Biz 200 illik erməni layihəsinin, avantürizminin məhvinin şahidləriyik. Biz nəinki bunun şahidləriyik, eyni zamanda, zəhərli bir avantürizmi məhv etmiş xalqıq.
Çağdaş zamanda bir ilkə imza atdıq: separatizmə qalib gəldik. Müasir dünyada elə bir xalq yoxdur ki, separatizmi diz çökdürsün. Bunu biz bacardıq. Qətiyyətlə demək olar ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “fəaliyyətini” dayandırmağa məcbur edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik liderlik bacarığının, nəhəng siyasətçi obrazının növbəti təntənə səhnəsidir. Bu səhnədə illərin zəhməti, gərgin və fədakar əməyi, qətiyyət və prinsipiallıq xarakteri var. Bu səhnədə Azərbaycana misilsiz sevgi, onun hər dağına, hər daşına, hər qayasına sahiblənmək əzmi var. Nəhayət, bu səhnədə Ata irsinə mükəmməl sahiblik, dərin Oğul sədaqəti var.
Əminliklə onu da demək olar ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin ruhu şaddır. Onun böyük əmək verdiyi, heçdən var edərək ideoloji məfkurə səviyyəsinə qaldırdığı Azərbaycanın suverenliyinin bərpası amalı tam bir reallıqdır. Həqiqətən, bu, çox böyük hadisədir, nəsillərə örnək olacaq tarixi nailiyyətdir.
Bəli, 200 illik erməni layihəsi məhv oldu. Elə bir layihə ki, hədəfi təkcə Azərbaycan yox, bütövlükdə, Türk dünyası idi. Axı, ermənilər Qafqaza türk-müsəlmanlar içərisinə, belə demək mümkünsə, paz olmaq, rəxnə salmaq üçün yerləşdirilmişdilər. XIX əsrin əvvəllərində onların bu coğrafiyaya köçürülməsinin məqsədi bu idi. “Erməni pazı”nı bölgəmizə yeridənlər onların millətçiliyinə, hər cür qansızlığına, başımıza gətirdikləri oyunlara, faciələrə, soyqırımı aktlarına susqunluqla, ölü sükutla yanaşdılar. Hesab etdilər ki, məqsəd vasitəyə bəraət qazandırır.
Azərbaycan 1918-ci il müstəqilliyini əldə edəndə də bu şirin neməti xalqımıza çox gördülər. Torpaqlarımız hesabına erməni dövləti yaratdılar. Sanki, müstəqil dövlət olduğumuz üçün erməni millətçiliyi ilə cəzalandırıldıq. Cəzalandırmaq hissi o qədər böyük oldu ki, SSRİ dövründə də ərazilərimizi Ermənistana mükafat, pay olaraq verdilər. Ulu öndər Heydər Əliyev Azərbaycanda birinci dəfə rəhbərliyə gəlməklə, növbəti itkilərimizin qarşısını aldı, digər mənfur planların önündə canlı sipərə çevrildi. Dahi şəxsiyyətin SSRİ rəhbərliyindən uzaqlaşdırılması isə dərhal erməni avantürizminə qol-qanad verdi.
Bəli, SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun keçmiş imperiya rəhbərliyində hakimiyyətə gəlməsi erməni millətçiliyi üçün tarixi şans idi. Nəzərə alaq ki, 1987-ci ildə Heydər Əliyevə qarşı məkrli oyunda da bu millətçilik öz mənfur işini görmüşdü. Bütün bəlalarımız elə o zamandan başlamışdı. Azərbaycanın tərkibində hələ 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti özünün “müstəqillik” sevdasına düşməyə başlamışdı. Nəhayət, 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı “referendumun” nəticəsinə görə, ərazi “müstəqillik” qazanmış, 6 yanvar 1992-ci ildə isə bu “müstəqillik” elan edilmişdi. Bunadək isə bölgənin dinc azərbaycanlılarına qarşı quldurluq əməlləri həyata keçirilmiş, onların qovulmasına start verilmişdi.
Ardınca baş verənlər hamıya yaxşı məlumdur. Ermənistan və havadarları 1992–1994-cü illərdə nəinki Qarabağın, eyni zamanda, keçmiş DQMV-dən kənarda olan Azərbaycan torpaqlarının da işğalını həyata keçirdilər. Bir milyondan çox azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldılar, onlara məcburi köçkünlük taleyi yaşatdılar. Otuz ilə yaxın davam etmiş bu dövrdə Azərbaycanımız çox ağrı-acılara şahidlik etdi. Lakin xalqımız sınmadı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı erməni məkrinin digər niyyətlərinin də gerçəkləşməsinə maneçilik törətdi. Ölkəmiz iqtisadi tənəzzül dövrünü geridə qoyaraq, inamlı inkişaf yoluna qədəm qoydu. Əvvəldə də vurğuladığımız kimi, Heydər Əliyev Qarabağ niskilinə ideoloji məzmun qazandırdı. Bu fəaliyyət Ermənistanla yanaşı, onun tərəfindən dəstəklənən qondarma “DQR”in də legitimliyinə nail olmaq cəhdlərinin qarşısına böyük sədd çəkdi. Heydər Əliyev dünyanın ən nüfuzlu tribunlarından Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini səsləndirdi. Ulu öndər həmin nüfuzlu tədbirlərdə tariximizi, milli kimliyimizi yüksək səslə ifadə edərək, erməni yalanlarına qarşı cəbhə açdı, ölkəmizin ədalətli mövqeyini təbliğ və təşviq etdi. Ən əsası isə xalqımızın Qarabağın azad edilməsinə olan inamını sarsılmağa qoymadı.
Prezident İlham Əliyev Heydər Əliyev tərəfindən əsası qoyulmuş Qarabağ savaşının həm ideoloji motivlərini zənginləşdirdi, həm bu davanın aparıldığı beynəlxalq platformaların sırasını genişləndirdi, həm də Azərbaycanı qüdrətli dövlətə çevirərək Qarabağı və digər torpaqlarımızı işğaldan qurtarmaq üçün təpər yaratdı. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti Qarabağ əzmini daim diri saxlamağa, doğma yurd-yuvalarımıza qovuşmaq inamını dərinləşdirməyə hesablanmışdı. Cənab İlham Əliyev düşünülmüş siyasəti, rasional və proqmatik yanaşmaları ilə Qələbənin öz anını gözlədi. Ona güvənən, taleyini ona əmanət edən xalqımız da dövlət başçısı ilə birgə səbrini sınağa çəkdi. Nəhayət, o an yetişdi.
***
44 günlük müharibə həm Ermənistana, həm dünya erməniliyinə, həm də bu iki qütbün bəslədiyi qondarma “DQR”ə böyük təlatüm yaşatdı. Vətən müharibəsi nəticəsində Ermənistanın təkcə ordusu məhv olmadı, eyni zamanda, işğalçı ölkənin Qarabağ adlı çürük ideologiyasına da böyük zərbə vuruldu. 200 illik avantüranın söykəndiyi bütün “müqəddəsliklər” yerə çırpıldı. Əslində, “DQR”in “ölüm hökmü” məhz onda çıxarılmışdı. Sadəcə, separatçı rejimin quldur başçıları buna inanmır, özlərini elə aparırdılar ki, sanki, müstəqil dövlətdirlər. Bu sarsaq “müstəqillər” kimlərinsə xaricdən onlara kömək edəcəyinə, beləliklə, saxta sevdalarının davamının gələcəyinə ümid bəslədilər. Ancaq bu, daha çox suda boğulanın saman çöpündən yapışmasına bənzədi.
Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibədən sonra da davam etdirdiyi inamlı siyasəti ilə Qarabağda separatizm çənbəri hər ötən gün getdikcə daralmağa başladı. Dövlətimizin başçısının mahir gedişləri sayəsində həm Ermənistanın, həm də “DQR”in xilas çırpıntıları boşa çıxdı. Ölkəmiz bütün dünyaya əzmlə göstərdi ki, öz ərazisində hansısa separatçı birləşmənin mövcudluğuna imkan verməyəcək.
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”, – deyən Prezident İlham Əliyev bütün vədlərinə əməl etdiyi kimi, özünün Qarabağ məramını da tam şəkildə yerinə yetirdi. Ölkəmizin bu il sentyabrın 19-da başlatdığı və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri “Artsax” sarsaqlığına tarixdə heç vaxt görünmədiyi tərzdə toy tutdu. Necə deyərlər, “Dağlarda toy”un ikinci hissəsi yaşandı. Halbuki, Azərbaycan lideri hələ 2019-cu ildə Soçidə Valday Diskussiya Klubunda iştirakı zamanı demişdi: “Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə, parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”.
Prezident İlham Əliyev 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrın 1-də də bildirmişdi: “Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” – bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər”.
Bəli, 44 günlük müharibədən sonra gördük ki, nə Ermənistan, nə də Qarabağdakı separatçı rejim xəbərdarlıqlardan nəticə çıxarmır. Onlar nəinki nəticə çıxarmadılar, üstəlik, müxtəlif xarici qüvvələrin verdikləri dəstək bəyanatlarına güvənib illüziyalara qapıldılar. Belə bir durumda Prezident İlham Əliyev 2023-cü il mayın 28-də Laçın rayon sakinləri ilə görüş zamanı qondarma “DQR” üçün, belə demək mümkünsə, nekroloq səsləndirdi: "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya, orada “parlament” fəaliyyət göstərir, guya, orada prezident var, guya, nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki, hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”.
***
Sonda əvvəldə ifadə etdiyimiz fikir notlarına bir daha qayıtmaq istərdik. Biz, sözün əsl mənasında, xoşbəxt xalqıq. Xoşbəxtik ki, inanılmazı gerçəkləşdirmişik, xəyallarımızı reallaşdırmışıq, arzularımızı çin eləmişik. Xoşbəxtik ki, ərazi bütövlüyümüzə nail olmuş, suverenliyimizi tam bərpa etmişik. Xoşbəxtik ki, namusumuzu təmizləmişik, bizə illərlə rahatlıq verməyən vicdanımızdakı ləkəni söküb atmışıq. Bu gün dünyaya məğrurluq, yenilməzlik, barışmazlıq örnəyiyik.
Üzümüz ağ, alnımız açıqdır. Xoşbəxtik ki, müstəqil, güclü və qüdrətli dövlətimiz – müstəqil Azərbaycanımız var. Nəhayət, çox xoşbəxtik ki, Prezident İlham Əliyev kimi müdrik, qalib liderimiz var.
Əflatun AMAŞOV,
baş redaktor