Biz haqq-ədalət tələb edirik

post-img

Sanksiya təşəbbüsünü də uğursuzluq gözləyir

Azərbaycanın sentyabrın 19-20-də yüksək peşəkarlıqla keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurlu olması okeanın o tayındakı qatı ermənipərəst dairələrin yuxusunu ərşə çəkib. Belə ki, ABŞ Konqresinin həm yuxarı, həm də aşağı palatasının (Senat və Nümayəndələr Palatası) 96 üzvündən ibarət ikipartiyalı qrup Dövlət katibi Antoni Blinkeni və Maliyyə naziri Canet Yelleni Azərbaycana sanksiya tətbiq etməyə çağırıblar.

Onlar qeyd ediblər ki, dövlət katibi və maliyyə naziri Qlobal Maqnitski Aktına uy­ğun olaraq, diskresion səlahiyyətlərindən istifadə etməli və bu addımı atmalıdırlar. Konqresmenlər və senatorlar öz fikirlərini Azərbaycanın Qarabağın erməni azlığın yaşadığı hissəsini “9 aydan çox sərt blo­kadada saxlaması və 120 minlik yerli (?) xristian erməni əhalisinə hücumlar etməsi ilə” “əsaslandırmağa” çalışıblar.

Qeyd edək ki, müraciətin hazırlan­masında Amerika Erməni Milli Komitə­si (ANCA) xüsusi cənfəşanlıq göstərib. Qurumun icraçı direktoru Aram Ambar­yan deyib ki, ABŞ Prezidenti Co Bayden “soyqırımını təşviq etməyi” (?) dayandır­malı və təqsirkarları (?) məsuliyyətə cəlb etməyə başlamalıdır. Onun sözlərinə görə, bu, Azərbaycana hərbi yardımı da­yandırmaqdan və sanksiyalar tətbiq et­məkdən başlamalıdır”.

Konqresmenlərin və senatorların Döv­lət katibi və Maliyyə nazirinə müraciəti barədə ilk məlumatı isə ABŞ-nin “Politi­co National Security Daily” qəzeti yayıb. Qeyd edib ki, müraciət Rod-Aylend ştatı­nı təmsil edən demokrat senator Şeldon Vaythaus, Los-Ancelesdən respublikaçı Bill Kessidi, konqresmenlərdən isə yenə Rod-Aylenddən demokrat Set Maqaziner, Floridadan respublikaçı Has Bilirakis və Nyu-Cersidən demokrat Frenk Pallone tərəfindən hazırlanıb.

Onu da bildirək ki, Azərbaycana hansısa sanksiyaların tətbiq olunması məsələsi ermənilərin ən böyük arzu və istəklərindən biridir. Sentyabrın ortaların­da Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri hesab etdi­yini bildirmişdi. O, bunu Fransa Milli As­sambleyasının Xarici əlaqələr komitəsinin sədri Jan-Lui Burlanjla görüşündə demiş­di. Simonyan qeyd etmişdi ki, o, “Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək və humanitar fəlakəti pisləmək üçün fransalı tərəfdaşların fəal addımlarının davamını gözləyir”.

Bu arada Azərbaycanla bağlı daim qərəz­li qətnamələr qəbul edən, əsasən çağırışlar ünvanlayan Avropa Parlamentinin 60-dan çox üzvü ölkəmizə sanksiyaların tətbiqinə çağırıblar. Ancaq dünən “Politico Europe” nəşri yazıb ki, sanksiyalar Avropa Parlamen­tinin üzvləri deyil, üzv dövlətlər tərəfindən razılaşdırılmalıdır.

Danışıqlardan birbaşa xəbəri olan və adı­nın açıqlanmasını istəməyən iki diplomatın sözlərinə görə, ölkələr arasında qapalı danı­şıqlarda Azərbaycana sanksiya tətbiq etmək istəyənlər azdır. Diplomatların sözlərinə görə, yalnız Litva bütün variantları nəzər­dən keçirməyi təklif edib, Macarıstan isə ən çox skeptisizm nümayiş etdirib. Rumıniya və Avstriya kimi digər ölkələrin də mövqe­yi Budepeştin mövqeyinə yaxındır. “Hazırda məsələ çıxılmaz vəziyyətdədir. Bu məsələdə yekdil fikir yoxdur”, – deyən diplomatlardan biri qeyd edib ki, ölkələrin Azərbaycanla möhkəm əlaqələri əsas səbəblər sırasındadır.

“Politico Europe” Azərbaycan Preziden­tinin köməkçisi – Prezidentin Administrasi­yasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ölkəmizin Avropa İttifaqından sanksiya gözləmədiyi barədə sözlərindən də sitat gətirib. “Biz belə bir risk görmürük, çünki bu, irrasional addım olar­dı”,– deyə Hikmət Hacıyev qeyd edib. Qə­zet onu da əlavə edib ki, Azərbaycan rəsmisi sentyabrın 26-da Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla danışıq­lardan əvvəl Brüsseldə keçirdiyi brifinqdə ölkəmizi cəzalandırmaq üçün emosional ça­ğırışlar edən avropalı deputatları tənqid edib.

Son illərdə ermənipərəstliyi az qala döv­lət siyasətinə çevirən Kanada parlamentində isə sentyabrın 27-də Qarabağdakı vəziyyət­lə bağlı dinləmələr keçirilib. Dinləmələrdə ölkənin xarici işlər naziri Melani Coli Azər­baycana qarşı sanksiyaların tətbiq oluna bilə­cəyini istisna etməyib. Deputat İv Peron xa­rici işlər nazirindən Kanadanın Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etməyi plan­laşdırıb-planlaşdırmayacağına və bu məsələ­nin avropalı tərəfdaşlarla müzakirə edilib-edilməməsinə münasibət bildirməsini istə­yib. Nazir buna cavab olaraq deyib: “Biz bu ölkəyə maksimum təzyiq göstərmək üçün bir sıra başqa ölkələrlə də sanksiyalar məsələsini nəzərdən keçirməyə meylliyik. Bir sözlə, hər şey müzakirə olunur”.

***

Göründüyü kimi, Azərbaycanla bağlı xo­şagəlməz çağırış edənlər əsasən parlament üzvləridir. Həm ABŞ-də, həm Aİ ölkələrində, həm də Kanadada onların seçiciləri arasın­da ermənilərin kifayət qədər nümayəndəsi var. Onlar erməni seçicilərinin könlünü xoş etmək, həmçinin gələcək seçkidə onlardan yenidən səs almaq üçün bu cür fikirlər səs­ləndirirlər. Deputatların daşıdıqları məsuliy­yət dövlətlərin məsuliyyət yükü qədər böyük deyil. Deputatlar seçiciləri qarşısında mə­suliyyət daşıyırlar. Dövlətlər isə bütün xalq üçün cavabdehdirlər. Bu mənada, dövlətlər daha məsuliyyətli davranırlar.

Ermənistan istisna olmaqla hələ heç bir dövlət Azərbaycana sanksiyalarla bağlı fikir səsləndirməyib. Çünki onlar yaxşı başa dü­şürlər ki, Qarabağ iqtisadi rayonunun hər qa­rışı Azərbaycanın beynəlxalq hüquqla tanın­mış ərazisidir. Ölkəmiz 1992-ci ilin martında BMT-yə 86,6 min kvadratkilometrlik ərazi hüdudları çərçivəsində qəbul olunub. Bu əra­zidə baş verən hər bir məsələ Azərbaycanın daxili işidir.

Bundan başqa, böyük dövlətlər onu da yaxşı bilirlər ki, rəsmi Bakı Qarabağın er­məni sakinləri ilə bağlı beynəlxalq huma­nitar hüquqdan kənar heç bir addım atmır. Qarabağın erməni sakinləri bölgədən zorla çıxarılmır, əksinə dövlətimiz onların qalma­sında maraqlıdır. Elə Xarici İşlər Nazirliyi­nin dünən yaydığı məlumatda da bu barədə bildirilib: “Azərbaycanın Qarabağ bölgə­sində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi ol­madığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşa­yış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

Bundan əlavə, hətta, ölkəmizə hansısa sanksiyalar tətbiq olunsa belə, bu, Azərbay­canın başladığı və artıq sona çatdırmaq üzrə olduğu haqq işini dayandıra bilməz. Bununla bağlı Prezident İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələ­rinin birinə Döyüş bayrağını təqdim etdikdən sonrakı çıxışıda demişdi: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiy­yəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən mühari­bəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədalət tələb edirik”.

Avqustun 26-da Laçın Şəhəri Günü bayram tədbirində demişdi: “Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ər­zində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstər­mişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bi­zim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadar­ları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”.

Bəli, dövlət başçımızın dediyi kimi, Er­mənistan və dünya erməniliyi Azərbaycanla bağlı çirkin niyyətlərindən nə qədər tez uzaq­laşsalar, ilk növbədə, elə onların özü üçün yaxşı olar.

Azər HƏSRƏT,
siyasi şərhçi

– Konqresmen və senatorların Azər­baycana sanksiya çağırışı, ümumilik­də, təbliğat üçün qida rolunu oynasa da, ABŞ-nin siyasətini kökündən dəyişə bil­məyəcək. Çünki ABŞ müstəqillik qazan­mış Azərbaycanla uzun illərdir işbirliyi içindədir, Bakı onun üçün etibarlı tərəf­daşdır. Özəlliklə də terrorla mücadilədə Azərbaycan Güney Qafqaz, həmçinin Orta Asiya bölgəsi baxımından ABŞ-yə hava-su kimi lazımdır. Digər tərəfdən, Azərbaycan yüksəlməkdə olan Türk Dövlətləri Təşki­latının mühüm dövləti olmaqla da ABŞ-yə çox gərəklidir. Üstəlik, Avropanın enerji təminatı məsələsində də Azərbaycan açar ölkə rolunu oynayır. Belə bir dövlətə qarşı çıxış etmək, onunla münasibətləri gərəksiz yerə gərginləşdirmək ABŞ-a heç bir xeyir verə bilməz. Bu amilləri nəzərə alaraq bir­mənalı şəkildə deyə bilərik ki, ABŞ Azər­baycanla münasibətləri gərginləşdirəcək sərt addımlara gedən deyil.

Hələ onu da əlavə edək ki, Azərbay­canla, onun lideri İlham Əliyevlə danış­maq, anlaşmaq imkanları varkən ABŞ nədən gərəksiz yerə münasibətləri gərgin­ləşdirsin ki? O çağırış edənlər hər zaman­kı kimi, erməni təbliğat maşınının könüllü vintcikləridir. Bu vintciklər elə Vətən mü­haribəsi günlərində də hay-küy salmışdı­lar. Nəticəsi nə oldu? Bir müddət danışıb susdular. ABŞ-Azərbaycan münasibətləri isə daha da irəli getdi. Bunların çağırışları bir nəticə verməsə də, sadəcə olaraq, bi­zim, müəyyən mənada, vaxtımızı alacaq. Nə deyirik ki? Bizimlə üz-üzə gəlirlərsə, qarşılarından qaçmayacağıq.

“Politico Europe”da dərc olunmuş məqalə ilə bağlı qeyd etmək istərdim ki, yazının başlığına çıxarılmış, əslində isə sadə bir erməninin dilindən səslənən sual (“Fransa, Amerika və Şarl Mişel hara­dadır?”) şəxsən mənim üçün qeyri-adi deyil. Çünki biz illərdir erməni ictimai rəyinə izah etməyə çalışırıq ki, sizin ni­catınız Azərbaycanla anlaşmaqdan keçir. Yəni heç bir Avropa, ABŞ və ya Rusiya sizin dərdinizi çəkmir. Hər dövlətin, hər böyük gücün öz marağı var və bu maraq üçün də ermənilərdən alət kimi istifadə edirlər. Bunu biz ermənilərə izah etməyə çalışmışıq. Amma onlar uzun illər ərzində özlərini aldadaraq o yalanlara inanıblar. İnandıqları üçün də bugünkü acınacaqlı duruma düşüblər. Üstəlik, belə bir durum­da da Azərbaycana böhtan atırlar ki, guya, onlara qarşı etnik təmizləmə aparılıb. Halbuki, Prezident İlham Əliyevin özü də şəxsən dəfələrlə çağırışlar edib ki, ermə­nilər qalıb rahat yaşaya bilərlər.

Yazıda bir məqam da diqqətimi çək­di. Müəlliflər Avropadan Azərbaycanı cəzalandırmasını gözləyirlər. Sual olunur: niyə? Avropa Azərbaycanı niyə cəzalan­dırmalıdır? Axı Azərbaycan Avropa və digər böyük güclərlə açıq dialoq içindədir və masa arxasında bütün məsələləri mü­zakirə edir. Yəni belə bir dövləti cəzalan­dırmaq üçün əsas da yoxdur. O baxımdan müəlliflərin cəza istəyi bir daha göstərir ki, bəziləri hələ də ikili standart və əsassız tərəfkeşlikdən əl çəkə bilmirlər. Çəkmə­sinlər, özləri bilərlər. Biz kiminlə necə da­nışacağımızı bilirik, ona görə də işlərimiz irəli getməkdə davam edəcək. Yəni yazıda deyildiyi kimi, Avropa Parlamentinin 60 üzvünün Azərbaycana qarşı sanksiya ça­ğırışı da nəticəsiz qalacaq.

Yeri gəlmişkən, bu yazıda Azərbayca­na isti münasibəti baxımından adı keçən Macarıstan Türk Dövlətləri Təşkilatının üzvüdür və bu faktor da Avropada bizim üçün olduqca önəmli rol oynayır.

 

Səxavət HƏMİD
XQ





Siyasət