Könüllü təslim: Növbədə kimdir?!

post-img

Məgər Xankəndidəki keçmiş separatçı rejimin “məmurları” başqa aqibətə ümid edə bilərdilər? Əlbəttə yox! Onların hamısını Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlanılan Ruben Vardanyanın üzləşdiyi acı aqibət gözləyir. Hazırda istintaq qarşısında göz yaşlarını tökən Qarabağ iqtisadi rayonumuzun çağırılmamış qonağı, kənardan göndərilmiş “desant” beş ay bundan əvvəl hətta Ermənistanın baş naziri ilə ultimatum dilində danışırdı. O, Qarabağ ermənilərinin “vahid müdafiə cəbhəsindən”, “sona qədər mübarizə” aparacaqlarından, “qədim artsax xalqının hüquqlarını” qoruyacağından dəm vururdu. Bəs, axırı nə oldu? 

Bəlkə kənardan qızışdırı­lan bu haylar düşünürdülər ki, Xankəndidəki separatçı rejimi maliyyələşdirməklə, Ermənis­tandan gətirilmiş quldurları silahlandırmaqla, Qarabağ ermənilərini girovluqda sax­layan xunta rejiminin ömrünü uzatmağa çalışmaqla nəyəsə nail ola biləcəklər? Yəqin Ba­kının xoşməramlı təklif və çağırışlarına məhəl qoyma­yanda ağıllarının ucundan da keçirmirdilər ki, “dəmir yum­ruq” gec-tez başlarına enəcək və indi üzləşdikləri miskin du­ruma düşəcəklər. Amma vədə tamam olub vaxt yetişəndə Azərbaycan Ordusu dediyi sö­zünün üstündə durdu, Rusiya sülhməramlılarının müvəqqə­ti yerləşdirildiyi Qarabağın o ərazisində lokal antiterror təd­birləri ilə bir sutkaya hər şeyi yerbəyer etdi.

Qarabağda son üç ildə “at oynadan” hələ çox separatçı-daşnak ünsürünü bax beləcə, Ruben Vardanyan kimi, qolları qandallı, başı təzimə əyilmiş vəziyyətdə görəcəyik. Səbail Rayon Məhkəməsində Qarabağdakı keçmiş separatçı-terrorçu qurumun “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükə­sizliyi Xidmətinin İstintaq İdarəsinin təqdi­matına baxılıb. Keçirilən prosesdə təqdimat təmin edilib və məhkəmə tərəfindən Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxuculara xatırladaq ki, Ruben Vardan­yan iki gün əvvəl Azərbaycanın Laçın yolun­dakı dövlət sərhəd nəzarət-buraxılış məntəqə­sindən Ermənistana keçmək istəyərkən saxlanılıb. Hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətin­də iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı DTX-nin yaydığı məlu­matda deyilir ki, irəli sürülən ittihama əsasən müəyyən edilib: “Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələ­rindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yer­ləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilin­də, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi tex­nika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terror­çuluq fəaliyyətinin təşkil olunmasına yönəlt­məklə terrorçuluğu maliyyələşdirib”.

DOSYE: 1968-ci il təvəllüdlü Ruben Vardanyan Qarabağdakı keçmiş qanunsuz separatçı qurumun sabiq “dövlət naziri” olub. O, ilk dəfə 2011-ci ildə 500 milyon dollar sərvətlə ən zəngin rusların siyahısı­na daxil olub. 2017-ci ildə “Forbes” jurnalı Vardanyanın varidatını 950 milyon dollar dəyərində qiymətləndirib və o, “yüzlər“in sırasında 99-cu yeri tutub.

“Ermənistan XİN Ruben Vardanyanın hüquqlarının müdafiəsi və onun geri alınması üçün bütün mümkün tədbirləri görəcək. Bu­nunla bağlı biz Rusiya Federasiyasının, eləcə də digər beynəlxalq tərəfdaşlarımızın dəstə­yinə ümid edirik”. Belə bir bəyanatla Ermə­nistan xarici diplomatiya idarəsinin sözçüsü Ani Badalyan çıxış edib. Bundan başqa, xari­ci ölkələrdə də Vardanyanın hazırda düşdüyü durumundan narahat şəxslərin və qüvvələrin səsləri eşidilməyə başlanıb. Bunlardan biri “Avrora” humanitar təşəbbüslərin həmtəsis­çisi, erməni mənşəli amerikalı sahibkar Nu­bar Afeyan “Dağlıq Qarabağın keçmiş “döv­lət naziri”nin saxlanması ilə bağlı narahat” olduğunu bildirib. Özünün mikrobloqunda bu barədə paylaşım edən Afeyan yazıb ki, indi Ruben Vardanyanın taleyinə görə tək­cə onun ailəsi deyil, Vardanyanı tanıyan və qiymətləndirən hər kəs narahatdır. “Onlar qanunun aliliyinə və beynəlxalq razılaşmala­rın ədalətinə inanırlar. Artıq böyüməkdə olan böhrandan üzünüzü çevirməyin. Soyqırımın (?) qarşısının alınması olduqca böyük, qlobal məsuliyyətdir”, – Nubar Afeyan yazıb.

* * * 

Erməni mənşəli amerikalı iş adamının “qlobal məsuliyyət” barədə utopik mü­lahizələrini bir kənara qoyub, vəziyyətin hüququ tərəfini araşdırmağa çalışaq. Əslin­də haqqında yazdığımız halın geniş hüquqi araşdırmaya ehtiyacı da yoxdur. Çünki nə Azərbaycanın daxili qanunvericiliyində, nə də beynəlxalq hüquqda Ruben Vardanyan ki­miləri üçün əlahiddə maddə, imtiyaz, yaxud status nəzərdə tutulmayıb. Bu müstəvidə söh­bət yalnız əmələ görə məsuliyyət daşımaqdan gedir. 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov da Vardanyanın həbsi ilə bağlı diqqəti məhz beynəlxalq hüququn norma və prinsiplərinə yönəltdi: 

“Vardanyan fiziki şəxs olaraq, Azərbay­can qanunlarını pozub. Buna görə də cavab verməlidir. Bizim ərazimizdə törətdiyi qa­nunsuz əməllərinə görə, konkret maddələr üzrə ədalət məhkəməsi qarşısında durma­lıdır. Doğrudur, Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatlar qarşısında götürdüyü müəyyən öhdlikləri var. Yəni, hər hansı in­san cinayət məsuliyyətinə cəlb olunanda belə həmin şəxsin müəyyən hüquqları gözlənil­məlidir. Saxlanılan şəxsə qarşı ittiham irəli sürüləndə o, vəkillə təmin edilməlidir. Bun­dan başqa, onun saxlanma şəraiti qənaətbəxş olmalı, heç bir fiziki işgəncəyə məruz qalma­malı, ona psixiloji təzyiq göstərilməməlidir. Həm yerli, həm də beynəlxalq qanunverici­likdə nəzərdə tutulmuş bu prinsiplərə Azər­baycan riayət edir və edəcək”. 

Təcrübəli politoloq sözlərinə onu da əlavə edib ki, əgər bu həbslə bağlı Azərbayca­na hansısa irad ürəli sürülərsə, hüquq-müha­fizə sistemimiz buna adekvat cavab verəcək. R.Musabəyov, həmçinin deyir ki, beynəlxalq hüquqda bu cür şəxslər üçün hansısa əlahid­də imtiyazlar yoxdur: “Konkret olaraq Ruben Vardanyana qarşı irəli sürüləcək ittihamlarla bağlı Azərbaycanın qarşısında heç bir hüquqi məhdudiyyət qoyula bilməz. Yerli qanunları pozub və ölkəmizin ərazisində yaxalanıb. Sa­dəcə indi o, məhkum kimi bütün hüquqlar­la təmin ediləcək. Bəli, müxtəlif beynəlxalq təşkilatlar Vardanyanın günahsız olması ilə bağlı hay-küy qaldıra bilərlər. Ona Cinayət Prosessual Məcəlləsinin konkret maddələri üzrə ittihamlar irəli sürüləcək. Sadəcə, de­diyim kimi, belə hallar üçün nəzərdə tutulan hüquqi prosedurlara riayət olunmalıdır”.

Siyasi ekspert R.Vardanyanın hansı hal­larda əfv oluna bilməsi məsələsinə də ay­dınlıq gətirib: “Əgər o, günahını boynuna alandan sonra əfv olunması üçün Azərbaycan rəhbərliyinə müraciət edərsə, buna baxıla bilər. Amma bütün hallarda məhkəmə ci­nayətkar barədə öz hökmünü çıxarmalıdır. Yaxud amnistiya elan olunarsa və onun əməl­ləri bu akta düşəcəyi təqdirdə, azadlığa çıx­maq şansı var. Hələlik, rəsmi Bakı amnistiya barədə qərarını açıqlamayıb”.

* * * 

“Bizim bu həbslərdən xəbərimiz var. Ha­zırda vəziyyətlə diqqətlə izləyirik. Hələlik bu barədə başqa şərhimiz yoxdur”. Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller dünən keçirdiyi brifinqdə dilə gətirib. 

Məlum həbslə bağlı ən maraqlı açıqlama isə Rusiya Federasiya Şurasından gəldi. RF FŞ-nin Konstitusiya komitəsinin üzvü Alek­sandr Başkinin sorğuya cavabı birmənalı və məntiqi olub: “Dağlıq Qarabağın keçmiş “dövlət nazırı” Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxmasının fəsadları şəxsi seçiminin yekunu olmaqla bərabər Rusiya pasportunun dəyərinə şübhə ilə yanaşanlar üçün yaxşı illüstrasiya ola bilər. Vardanyan Rusiyadan yardım ala bilməz. O, vətəndaş­lıqdan könüllü şəkildə imtina etdiyinə görə bunun bütün hüquqi nəticələrini də göz önünə almalı idi. Kiməsə belə bir uğur, tale­yin hədiyyəsi anadangəlmə qismət olur. Bu isə ondan xəbər verir ki, valideynlərin və ta­leyin bəxşişini dəyərləndirmək və qorumaq necə də vacibdir”. Kifayət qədər aydın və ibrətamiz cavabdır.

Dünən Qarabağdakı növbəti erməni ter­rorçu Vitali Balasanyanın həbs xəbəri yayıl­dı. Bu, həmin Balasanyandlr ki, Serj Sərkis­yanla birlikdə Azərbaycan torpaqlarının işğal edilməsində yaxından iştirak edib. Onlar birlikdə 90-cı illərdən Qarabağda erməniləri döyüşə cəlb etmək üçün fəaliyyət göstəriblər. Müharibəyə getmək istəməyən ermənilərin qız-gəlinlərini zorlayıb, sakinlərdə qorxu ya­radıblar. Xocalıda insanlığa sığışmayan dəh­şətlər törədiblər. Şahidlər danışırlar ki, o za­man qızların, qadınların qızıl əşyalarını Serj, kişilərin qızıl dişlərini isə Vitali toplayırdı. 

DOSYE: Vitali Balasanyan 5 mart 1959-cu ildə Əskəranda doğulub. “Daş­naksütyun” partiyasının üzvü olan Bala­sanyan 1990-cı ildən Əsgərandakı silahlı birləşmələrə komandirlik edib. Həm qon­darma “artsax rejimi”nin, həm də Ermə­nistanın “xaç qəhrəmanı”dır. Onun əs­gərlərinin Xocalı qırğınından sağ qalan soydaşlarımızı uçuruma doğru apardıq­ları və oradan atdıqlarını təsdiq edən vi­deo-kadrlar durur.

Mövzu ilə bağlı qəzetimizə danışan Siyasi Proseslərin Təhlili Mərkəzinin rəh­bəri Fərid Şəfiyev belə hallar üçün bey­nəlxalq təcrübədə nəzərdə tutulan mövcud qaydalardan bəhs etdi: “Ölkə ərazisində xarici vətəndaş saxlanıldığı təqdirdə ona ilk növbədə konsul xidməti göstərilir. Konsulluq həmin şəxsin saxlanılması şəraiti ilə tanış olur, ona hüquqlarını xatırladır. Azərbayca­nın Ermənistanla diplomatik əlaqələrimiz yoxdur. Düzdür, MDB çərçivəsində hansısa hüquqi sənədlər ola bilər, onlara nəzər ye­tirilməlidir. Məlumdur ki, Vardanyan artıq Rusiya vətəndaşı deyil. 2022-ci il dekabrın 22-də Rusiya Prezidenti Vladimir Putin onu ölkə vətəndaşlığından çıxarıb. O, Ermənis­tan vətəndaşı kimi Azərbaycan torpağında cinayətlər törədib. Əslində onun xarici ölkə­nin vətəndaşı kimi respublikamızın ərazisin­də qalmağa ixtiyarı yox idi. On beş gündən sonra qeydiyyatdan keçmək proseduru möv­cuddur. Amma Vardanyanın cinayətləri daha ciddidir. Azərbaycanın Konstitusiyasına, ərazi bütövlüyümüzə qarşı cinayət əməlləri var. Yəni, hüququ baxımdam onu mühakimə etməkdən ötrü bütün hüquqi bazamız var. Bəli, xarici ölkə vətəndaşı kimi hüquqi yar­dımla təmin edilməlidir. Fəqət Ermənistanla aramızda diplomatik əlaqələrin olmadığı in­diki şəraitdə burada müəyyən suallar ortaya çıxır. Beynəlxalq hüquqa görə, belə hallarda, adətən, yerli tərəf müdafiəni təmin edə bilər”. 

* * * 

Dünən günün ikinci yarısında Qarabağ­dakı erməni separatçılardan daha birinin saxlanıldığı xəbəri yayıldı. Məlum oldu ki Xankəndidəki keçmiş separatçıbaşının sabiq “müşaviri” David Babayan könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olub. “Azərbaycan tərəfi müvafiq araş­dırma aparmaq üçün mənim Bakıya gəlməyi­mi tələb etdi. Bu gün (dünən-red) Xankəndi­dən Şuşaya getmək qərarına gəldim”. Bunu Babayan Feysbuk səhifəsində yazıb.

DOSYE: David Klimi Babayan 5 aprel 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 28 dekabr 2013-cü ildən qondarma “dqr” rejiminin informasiya departamenti­nin rəhbəri, eyni zamanda “dqr prezidenti”­nin aparatında “sədr müavini” vəzifəsində çalışıb. Babayan 26 may 2020-ci ildə “prezi­dentin” xarici əlaqələr üzrə müşaviri (?), 4 yanvar 2021-ci ildə isə “xarici işlər naziri” (?) təyin olunub. Bundan başqa, “Artsax mühafizəkarlar martiyası”nı qurub və ona rəhbərlik edib. 

Azərbaycan Ordusunun sentyabrın 19 və 20-də sürətli antiterror tədbirlərindən və qondarma rejimin özünü buraxması haqqında “fərman” imzalamasından sonra David Ba­bayan Azərbaycanın nəzarətində olan Şuşaya getdiyini və könüllü təslim olduğunu elan edib. Qarabağdan kənara qaçmağın müm­künsüzlüyünü görən daha bir separatçı düz­gün qərar qəbul edib və könüllü təslim olub. Növbədə kimdir? 

İmran BƏDİRXANLI
XQ











Siyasət