Sol qulağı sağ əllə qaşımaq

post-img

yaxud illüziyadan yeni müharibə təhlükəsinə doğru

Sağ olsun, ABŞ Dövlət Departamenti, vaxtaşırı Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ məsələsi ilə bağlı mövqeyini açıqlayır. Göstərmək istəyir ki, Vaşinqton Cənubi Qafqazı unutmur, bölgə onun gündəmindən düşmür, lap elə sülh prosesində maraqlıdır və sair və ilaxır. 

Ancaq nəyə görəsə ölkənin ali qurumunun yaydığı bəyanatlar, açıqlamalar hə­mişə Ermənistan rəhbərliyi, onun xaricdəki havadarları, erməni lobbi və diaspor təşkilatları üçün illüziya yaradır. Onlar ABŞ rəsmilərinin fikir və düşüncələrini çox asanlıqla Bakıya qarşı beynəlxalq miqyasda qaldırdıqları antipatiya ssenarisinin predmetinə çevirirlər. Hələ işləri tərs düşəndə Vaşinqtonu günahlandırırlar da. Təxminən belə: deyirsiniz, eləmirsiniz. “Birləşmiş Ştatlar nə etməlidir?” sualına isə cavab tapılmır. Yəqin, o rəsmilər ürəklərində bunu da deyirlər: əl çəkin, daha nə edək?

Əlbəttə, biz ABŞ-a nəyi etməli olduğu­nun yolunu göstərmək istəmirik. Yazımızda öz baxışlarımızın doğruluğuna inanıb, daha çox Ağ ev Administrasiyasının, əslində, nələri etməməli olduğuna aydınlıq gətirə­cəyik. Fikrimizi əsaslandırmaq üçün, belə demək mümkünsə, seçdiyimiz obyekt isə Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller­dir. Daha doğrusu, cənab Millerin fikirləri. 

Ona da ayrıca təşəkkür düşür. Həmişə brifinqlərində, açıqlamalarında ölkəsinin maraqlı olduğu Cənubi Qafqaz regionun­dan söz açır. Dünən də mövzuya nəzər salıb və deyib ki, “Bakı və Stepanakert nümayən­dələri dərhal görüşməli və Dağlıq Qarabağ sakinlərinə humanitar yardımın çatdırılma­sı ilə bağlı razılığa gəlməlidirlər”. 

İndi deyə bilmərik ki, cənab Miller “Stepanakert” və “Dağlıq Qarabağ” kimi ifadələri dilə (yazıya – red.) gətirib, yoxsa erməni və Rusiya mediası onun fikirləri üzərində özünün kiflənmiş ritorikasını işə salır. Hər bir halda yalnız Miller yox, elə digər ABŞ rəsmiləri işlətdikləri deyimlərin necə işıqlandırıldığına diqqət yetirməlidir­lər. Əlbəttə, haqqında söz açdığımız ifa­dələri işlədiblərsə, zəhmət çəkib özlərinin siyasi leksikonlarında düzəliş aparmalıdır­lar. Çünki bu ifadələr erməni avantüriz­mində illüziya doğurur. Yəni nə qədər ki, “Xankəndi” yox, “Stepanakert”, “Qarabağ” yox, “Dağlıq Qarabağ” səsləndirəcəklər, deməli, uğrunda çox çalışdıqları, yaxud çalışma görüntüsü yaratdıqları sülh olma­yacaq. 

***

İkincisi, “Bakı və Xankəndi nümayən­dələrinin görüşü” formulu da özlüyündə illüziya predmetidir. Azərbaycan siyasi di­lində məsələ “ölkəmizin təmsilçilərinin Qa­rabağın erməni icmasının nümayəndələri ilə görüşü” şəklində qoyulur. Yəni, heç bir halda Xankəndini, başqa sözlə desək, Ste­panakerti Bakı ilə eyni səviyyədə təsəvvürə gətirirmiş kimi balans yaratmaq olmaz. Bu, həddindən artıq zərərlidir. Çünki Qarabağ­dakı separatçı rejim özünü tərəf kimi gör­məyə başlayır və müvafiq olaraq hərəkət­ləri həmin yarıtmaz baxışa uyğun qurulur. 

Bəli, M.Miller Cənubi Qafqazdakı mövcud durumdan narahat olmaqda haq­lıdır. Biz soruşmuruq ki, Birləşmiş Ştatlar gərgin vəziyyətin aradan qaldırılması üçün nə etməlidir? Öyrətmək fikrimiz yoxdur. Ancaq deməliyik ki, ABŞ Administrasiyası açıqlamalarında sentimentallıq notlarını bir kənara atmalıdır. Axı, həmin notlar sonra­dan erməni siyasi illüziyaçılarının manipul­yasiya vasitəsinə çevrilir. Nəticə etibarilə onlar reallıqlardan boyun qaçırmağa hesab­lanmış, bir növ, dayaq nöqtəsi tapırlar. 

Məsələn, cənab Miller vurğulayır ki, “Biz Qarabağda layiqli həyat səviyyəsi­ni təmin etmək məqsədilə zəruri ərzaq, dərman və digər malların tədarükünün davamlı olaraq dayandırılmasından yara­nan humanitar vəziyyətin pisləşməsindən narahatıq”. Bu sayaq ifadə tərzinin seçil­məsi beynəlxalq ictimai rəydə məsələnin mahiyyətini, ədaləti arxa plana keçirir. Əl­bəttə, insan amili əsasdır. Ancaq bu amili dərindən, hərtərəfli düşünməyə ehtiyac var. Millerin, ya qeyrisinin növbətçi bəyanatları düşüncəyə imkan tanımır. Sözçünün çıxışı­nı oxuyan sıravi amerikalı, elə sıradan bir avropalı elə sanacaq ki, Qarabağda insanlar aclıq çəkir. Heç kəs düşünməyəcək ki, böl­gədə hazırda humanitar böhran kimi ətraf aləmə “yedizdirilən” şounun təşəbbüskarı Ermənistanın avantürist rəhbərliyidir. Bunu Vaşinqtonda anlayan yoxdur?..

ABŞ Dövlət Departamentinin sözçüsü onu da bildirir ki, “Laçın dəhlizinin təcili şəkildə humanitar, kommersiya və sərni­şin daşınması üçün açılması çağırışımızı təkrar edirik. Bundan əlavə, Bakı rəsmilə­ri və Stepanakert nümayəndələri (yaxşı ki, rəsmi Stepanakert demədi – red.) dərhal görüşərək, Dağlıq Qarabağın kişi, qadın və uşaqlarına həyati əhəmiyyətli ləvazimatla­rın çatdırılması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmalıdırlar və bütün həll edilməmiş məsələlərin müza­kirəsini bərpa etməlidirlər”. 

Bax, bu iqtibasda cənab Miller axır ki, mətləbə gəlir. “Əlavə təchizat marşrutları” ifadəsini nəzərdə tuturuq. Məsələnin məğ­zi, Birləşmiş Ştatların gerçək mövqeyi elə budur. Yəni, Ermənistan Laçın yolunun humanitar daşımalar üçün açılmasını istə­yirsə, Azərbaycan da Ağdam-Xankəndi yolunun eyni məqsədlər naminə fəaliyyət göstərməsini arzulayır. Bakı ikinci variant reallaşacağı təqdirdə, birinciyə razıdır. İrə­van və onun dəstəklədiyi separatçı rejim isə yalnız birincinin üzərində dayanır, ikincini ümumiyyətlə yaxına buraxmır. 

Bəli, cənab Miller doğru buyurur ki, humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovu olmamalıdır. Ancaq bunu bildirən Vaşinqton təmsilçisi, başqa sözlə desək, sağ əli ilə sol qulağını qaşıma­malıdır. Birbaşa mövqe bildirməlidir. Ən əsası isə ortaya qoyduğu baxış beynəlxalq hüquqa əsaslanmalıdır. O hüquqa ki, Qara­bağı Azərbaycan ərazisi kimi tanıyır. Bu ta­nınmada “Laçın dəhlizi” ifadəsinin hansısa müstəsna statusu yoxdur. 

Hələ məsələnin daha sərt qoyuluşu da var – Ermənistan nəyə görə Azərbaycan ərazisinə humanitar yardım göndərməlidir? Hansı əsasla? Ona görə ki, Qarabağda er­mənilər yaşayırlar? Bəlkə, Ermənistan ha­kimiyyətinin dünya tərəfindən qəbul edilən fövqəladə xeyriyyəçilik missiyası var? Bəlkə Ermənistan dövlətinin dünyanın bü­tün nöqtələrindəki erməniləri qəyyumluğa götürməsinə dair beynəlxalq aləmin razı­laşdığı müstəsna durum mövcuddur, bizim xəbərimiz yoxdur? Belə bir presedent nə zamansa görünübmü? 

Tutalım, indiyədək Ermənistan Krasno­dar və Lion ermənilərinə humanitar yardım göndəribmi? Argentinada da, Millerin vətə­ni ABŞ-da da hayların kompakt yaşadıqları ərazilərə rast gəlinir. İrəvanda oradakıları yada salan olubmu? Məsəl var, keçəl dər­man bilsə, öz başına sürtər. Acından günorta duran Ermənistan da özünə çarə tapmalıdır. 

Digər yandan, illərdir lobbi və diaspo­run vəsaitini gəmirən erməni dövləti deyil­mi? Bəs, illərdir Qarabağdakı erməniləri ac-yalavac yaşamağa məhkum duruma salan kimdir? Nəhayət, Ermənistan əha­lisinin özünə yardım edən lazımdır. Hələ durub Qarabağ ermənilərini yedizdirmək “oyun”una girişib. Necə olur ki, baş nazir Nikol Paşinyan hökumətin iclasında çıxış edəndə, Qarabağa ayrılan vəsaitin azaldıl­masının tərəfdarı olduğunu deyir, sonra da humanitar yardım karvanı sıralayır? 

Bu sayaq məsələlərdən yetərincə söz açmaq mümkündür. Əsas olan Mil­ler və onun kimilərinin, eləcə də, bütöv­lükdə, ABŞ rəsmilərinin, ümumən isə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə vasitəçilik missiyasını üzərinə götürmüş bütün tərəflərin sadaladı­ğımız məqamları nəzərə almasıdır. Nəzərə alması və reallıqları olduğu kimi adlandır­ması. Belə olmadıqca, növbətçi bəyanat­lar sıralandıqca Cənubi Qafqazda sülhün təminatına dair fikirlər sabun köpüyündən o yana keçməyəcək. Əksinə, qeyri-səmimi yanaşma erməni avantürizminin illüziya bataqlığını bir qədər də dərinləşdirəcək. Bu dərinləşmənin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə doğurduğu müharibə reallığını bütün dünya yaxşı görüb. Yenə də müharibə görmək istəyirlərsə, millerlər danışsınlar, ortalıqdan çıxmasınlar. 

Ə.CAHANGİROĞLU, XQ



Siyasət