Talenin ümidinə qalmış diyar erməni işğalından necə xilas olmuşdu?
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan 8–10 kilometr məsafədə yerləşən Kərki kəndi Qarabağ münaqişəsi başlanandan sonra Ermənistanın işğalına ilk məruz qalan yurd yerlərindəndir. O zamanlar Şərur rayonunun, 1990-cı ildən sonra isə yeni yaradılan Sədərək rayonunun inzibati ərazi dairəsinə daxil olan bu kənd mənfur qonşularımızın işğalçılıq siyasətinin ilk hədəflərindən biri olmuşdur.
Hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, Kərkinin işğalı Bakıdakı 20 Yanvar faciəsinin, ermənilərin Sədərəyə silahlı basqınlarının, dəhşətli Xocalı faciəsinin, eləcə də işğal olunan rayonlarımızın acı taleyinin başlanğıcı olmuşdur. Əvvəlcə ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən gecələr Sədərəkdən Kərkiyə yük maşını ilə, bəzən də piyada 30–40 könüllü müdafiəçi gedir, gecəni səhərədək kərkililərlə birlikdə kəndin keşiyini çəkirdilər. Sonralar həmin könüllülərə muxtar respublikanın digər bölgələrindən gələnlər də qoşuldular.
Çox keçmədi ki, Kərki ilə Sədərək arasında əlaqə tamamilə kəsildi, Kərkinin müdafiəçilərinə ərzaq və silah-sursat çatdırmaq da problemə çevrildi. Lakin bu kəndin müdafiəçiləri qəhrəmanlıqla vuruşub son ana qədər düşmənə ciddi müqavimət göstərdilər. Son günə qədər kəndi tərk etməyən kərkililər 1990-cı il yanvarın 15-də rus hərbçilərinin təkidli tələbi ilə axşam saat 6-7 radələrində doğma yurdu tərk etmək məcburiyyətində qaldılar.
Yanvarın 18-də isə 3-ü polis əməkdaşı olmaqla, kəndi müdafiə edən 30-dək sakin, artıq silah-sursatları bitdiyindən Kərkini tamamilə tərk etməyə məcbur oldular. Beləliklə, SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olundu və hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu beləcə ermənilərin əlinə keçdi.
Kərkinin kiçik bir ada şəklində Naxçıvandan “aralı” düşməsinin səbəblərini isə ermənilərin sovet dövründə xalqımıza qarşı apardığı çirkin siyasətin nəticələrində axtarmaq lazımdır. Məsələn, Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarından aydın olur ki, Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadratkilometr və ya 65,7 min hektar torpaq sahəsi Ermənistana verilmişdir. 9 kəndin (Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi) Ermənistan ərazisinə qatılması yerli əhali tərəfindən etirazla qarşılansa da, əhali həmin əraziləri tərk etməyə məcbur edilmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir.
Kərki kəndinə gəldikdə, yenə də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verilmişdir. Beləliklə, kənd Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşmüşdür. Yerli əhali arasında narazılıqların yaranmasının qarşısını almaq, həmçinin sakinlərin hamısının azərbaycanlı olması nəzərə alınaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində yerləşmiş ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxlamaqla kənd ətrafındakı 900 hektardan artıq bir ərazini saxta sənədlərlə rəsmiləşdirmişdilər. Sədərəklə Kərkini dağ yolu birləşdirdiyindən ermənilərin növbəti hiyləsi Kərki ərazisindən yol salmaq olmuşdur.
Bu faktlar Naxçıvanın yaradıcı insanlarının da fəaliyyətində öz əksini tapmış, tarixi hadisələr qələmə alınaraq arxivləşdirilmişdir. Əslən Sədərək rayonundan olan mərhum tarixçi alim Vaqif Məmmədov “Kərkinin taleyi” adlı kitabında ermənilərin məkrli niyyətindən söz açaraq bildirib: “Əsas məqsəd Sisyan–Cermuk yoluna kəsə yol qazanmaq olursa, digər tərəfdən Kərkini tədricən yerli əhalidən təmizləmək, “Kərkinin düzü” adlı sahəni ələ keçirmək və Kərki ilə Sədərək arasında əlaqələri kəsmək olur. Beləliklə, Arazdəyən–Cermuk şosesi Kərkinin düzü adlanan ərazidən salınır. Kərki Sədərək üçün böyük dayaq sayılırdı. Sədərəkdən yaylağa gedən 40-dan artıq obanın adamlarının, sürüsünün yolu Kərkidən, Kərkinin düzündən keçərdi.”
Müəlif daha sonra qeyd edib ki, 1960-cı illərin əvvəllərində İrəvandakı Eçmiədzin kilsəsinin keşişinin qardaşı oğlu, erməni şairi Paruyr Sevak Kərki düzü adlı ərazidə maşın qəzasında ölür. Fürsəti dəyərləndirən ermənilər qəza yerində xatirə kimi rəmzi qəbir düzəldirlər: “15–20 il ərzində həmin daş lövhə böyük bir sahəni “işğal” edir, kiçik qonaq evi, restoran, otel, nəhayət, qəsəbə salınır – Sevakavan. Sonradan bu qəsəbə Kərkini işğal etmək və kərkililəri sıxışdırmaq baxımından ermənilər üçün əhəmiyyətli olur. Ötən əsrin sonlarına doğru məqsədli şəkildə əraziləri zəbt edən ermənilərin növbəti hədəfi Sədərək idi”.
1988-ci ildən kəndin keşiyini çəkən kərkililərin köməyinə Şərurdan, Sədərəkdən gələnlərin dəstəyinə baxmayaraq, Kərki illərlə yürüdülən erməni məkrinin qurbanına çevrildi. Ermənilərin niyyəti təkcə Kərkinin işğalı ilə yekunlaşmırdı. Bundan sonra hədəf Azərbaycanın əsas ərazilərindən ayrı düşmüş Naxçıvanın işğalı ilə tamamlanmalı idi. 1989-cu ilin sonlarında ermənilərin Sədərəyə hücumları intensiv olaraq artmağa başlamışdı. Naxçıvan əhalisi isə çox çətin vəziyyətdə, heç kimdən, xüsusilə, mərkəzi hakimiyyətdən heç bir kömək gözləmədən öz başının çarəsinə baxmalı idi.
Məhz belə bir vaxtda Naxçıvan özünün taleyüklü qərarını verməli olur: 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edir. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxmaq barədə qərar qəbul edən ilk siyasi-inzibati vahid olur.
Bu qərar qəbul edildikdən sonra muxtar respublikanın müstəqilliyinin tanınması üçün dərhal Türkiyə və İrana nümayəndə heyəti göndərilir. Lakin Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını alır. Yanvarın 21-də isə beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını keçərək İrana adlayır. Çətinliklə Təbrizə çatan naxçıvanlı deputatlar Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olurlar. Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın “Sovet Naxçıvanı” qəzeti müstəqilliklə bağlı qərarı dərc edir, eyni zamanda, Naxçıvan televiziyası xəbərləri bir neçə əcnəbi dildə verir.
Yanvarın 25-də İrana göndərilən nümayəndə heyəti əliboş geri qayıdır. Amma bütün bunlara baxmayaraq, yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyilə bağlı hədələrlə bu işə son qoyulur. Bəs necə olmuşdu ki, SSRİ kimi nəhəng imperiyanın ən ucqar nöqtəsində kiçik bir muxtar respublika ittifaq tərkibindən çıxmaq istəmiş və bu barədə rəsmi səviyyədə qərar qəbul etmişdi?
Həmin qərarı imzalamış Naxçıvan MSSR Ali Sovetinin ovaxtkı sədri Səkinə Əliyevanın bu hadisədən 8 il sonra dediklərini yenidən yada salaq:
“O günlər biz Naxçıvanı itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ermənilər Ermənistandan sonuncu azərbaycanlını da qovandan sonra bütün təhdid və təxribatları Naxçıvana yönəltmişdilər. Azərbaycanla yerüstü yollar kəsilmiş, bütün sərhədlərdə erməni silahlıları və texnika cəmlənmişdi. Həmin gecə Bakıda nə baş verdiyindən xəbərimiz yox idi. Naxçıvan öz hayında idi. Ermənilərin Sədərəyə güclü hücumu nəticəsində 8 nəfər ölmüş, 30 nəfər yaralanmış, əhali çöllərə tökülmüş, xeyli ev dağıdılmışdı.
Sədərəkdə həlak olmuş 2 uşağın meyiti Naxçıvanın mərkəzi meydanına gətirilmiş, on minlərlə adam hiddətlə tədbir görülməsini, ermənilərin əliyalın naxçıvanlıları qovub İran və Türkiyəyə keçirməsi təhlükəsinin sovuşdurulmasını tələb edirdi. Bakı susurdu, rəhbərlərdən heç birini tapmaq mümkün olmadı”.
Bu yerdə bir daha düşünməli olursan ki, Ermənistandan Naxçıvana hücumun qarşısını almalı olan sovet qoşunları nə üçün dinc Bakının üstünə yeridilirdi? Naxçıvandan Bakıya və Moskvaya edilən müraciətlərsə cavabsız qoyulurdu.
Naxçıvan parlamentinin sədri daha sonra bildirmişdi: “Axşam sərhəd məntəqələrindən həyəcanlı xəbərlər gələndə, vəziyyət gərginləşib son həddə çatanda, vilayət partiya komitəsində işıqlar söndürüldü. Öz taleyinə sahiblik etməli olan əhali Ali Sovetin binasına daxil oldu”.
Naxçıvan MSSR Ali Sovetinin sədri Bakıdan heç kəslə əlaqə yarada bilmir. Moskvadan isə onu M.Qorbaçovun köməkçisi dinləsə də, əlavə heç bir cavab verilmir. Xalq nümayəndələri ilə məsləhətləşmədən sonra qərara alınır:
“Hamı bildirdi ki, məhv olma təhlükəsi qarşısında səsimizə hay verməyən, ermənilərin Naxçıvanı tutmasına, əslində, göz yuman bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir. Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini də silkələmək üçün Qars müqaviləsinin şərtlərinə istinadən, bütün naxçıvanlıların iradəsini ifadə edən bir qərar hazırladıq. İki saata muxtar respublika Ali Sovetinin əlimiz yetən deputatlarını topladıq. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatları da iştirak etməklə, gecəyarısı fövqəladə sessiya keçirdik. Yekdilliklə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdik.
Sessiya qurtaran kimi, gecə saat 4-də yerli teleradio ilə çıxış edib bu qərarı bəyan etdim. Həyəcanlanmış əhali nisbətən sakitləşib evlərinə getdi. Kişilər, rayon rəhbərləri, qeyrətli adamlar isə sərhədlərin möhkəmləndirilməsinə yollandılar... Bu o dəqiqələr imiş ki, Bakı od tutub yanırmış... Biz bunlardan səhərisi gün Türkiyə radiosu ilə xəbər tutmuşduq. Həmin gecə teleradio ilə çıxışım qonşu dövlətlərdə tutulmuş, səsimiz dünyaya çatmışdı”.
Səkinə Əliyeva bildirmişdi ki, yanvarın 19-da onun Moskvaya Baş katib M.Qorbaçovun telefonuna vurduğu zəngin xəbəri aprelin 20-də çıxıb. Oradan kimsə zəng vurub soruşub: “Hə, indi Naxçıvanda vəziyyət necədir?”
Yeri gəlmişkən, o zaman şəhidlərin qanı üstündən vəzifə pilləsində irələləyiş qazanmış Azərbaycanın yeni rəhbərliyi az sonra Moskvanın tələbi ilə “Naxçıvan MSSR-in SSRİ-dən çıxmaq” barədə qərarını “Azərbaycan SSR və SSRİ Konstitusiyalarına zidd sənəd” elan edərək qüvvədən salmışdılar. Amma bu qərar ürəklərdən və tarixdən silinməmişdir.
1996-cı ildə ümummilli lider, müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsinin açılış mərasimində o müdhiş gecədə naxçıvanlıların müstəsna bir ayıqlıq və iradə ilə atdıqları cəsarətli addımı yada salaraq demişdi:
“Mən Moskvada olarkən, Azərbaycana qarşı edilən bu cinayətə etiraz səsimi qaldırdım, xalqıma, millətimə həmrəy olduğumu bildirdim və orada olan imkanlarla Azərbaycan xalqının müdafiəsinə çalışdım. Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli faciə ilə əlaqədar qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər. Azərbaycana qarşı edilən cinayətə, təcavüzə görə Naxçıvan Muxtar Respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul ediblər. İndi Sovet İttifaqı dağıdılıb.
O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovet İttifaqına mənsub olmuş ölkələr öz müstəqilliklərini əldə ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi. Bu xəbər bütün dünyaya yayıldı ki, Naxçıvan Muxtar Respublikası Sovet İttifaqından çıxmaq barədə qərar qəbul edib. Bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyinə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi, nümayiş etdirdi”.
35 il bundan əvvəl baş vermiş 20 Yanvar və Naxçıvan hadisələrini müqayisə edərkən ortaya bir çox sual və cavab çıxır. Məlum olur ki, o vaxtkı Naxçıvan MSSR Ali Sovetinin, Azərbaycan SSR paytaxtının amansız bir hərbi təcavüzlə xarici aləmdən təcrid edildiyi saatlarda qəbul etdiyi qərar olmasaydı, köməksiz qalmış muxtar respublika erməni–sovet hərbi
qüvvələrinin nəzarətinə keçəcəkdi. Ermənistan SSR-dən sonra soydaşlarımız Naxçıvandan da qaçqın düşəcəkdilər.
Bu taktiki qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Kremlin xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətə, qan dəryasına çevrilən Bakıya, Ermənistandan Naxçıvanın üstünə yeriyən genişmiqyaslı təcavüzkar hücuma yönəltmişdi. Naxçıvan MSSR Ali Sovetinin gözlənilməz qərarı isə ildırım sürəti ilə dünyaya yayılaraq Kremldə böyük əks-səda yaratmış və Ermənistan SSR-dən Naxçıvana hərbi basqın dayandırılmışdı. Sovet İttifaqının mövcudluğunun 70 ilə yaxın bir dövründə ikinci belə dəhşətli siyasi hadisə baş verməmişdi.
O zaman 20 Yanvar qətliamını Moskvada kəskin bəyanatla pisləyən ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışından sonra naxçıvanlıların bu qərarı tədricən gerçəkləşdirilmişdi. Dünya şöhrətli siyasət və dövlət xadiminin rəhbərliyi və dəmir iradəsi ilə 1990-cı il noyabrın 17-də keçirilən Ali Məclisin sessiyasında “Naxçıvan MSSR” ifadəsindən “sovet sosialist” sözləri çıxarılmış, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda yüksəldilmişdi.
Beləliklə, 1990-cı ildə dinc xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi ilə bağlı hadisələr qəhrəmanlıq və şərəf tariximizə həm də Naxçıvanın erməni işğalına qarşı qətiyyətli dirənişi və xilası aktı kimi daxil olmuşdur.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri