Mehriban Vəliyeva: “31 Mart soyqırımı insanlıq əleyhinə misli görünməmiş bir qəsddir”

post-img

“Təəssüf ki, son iki əsrdə Azərbaycanın taleyində, tarixində faciəvi hadisələrin sayı daha çoxdur. Əbədi olaraq yaddaşlara həkk olunan, tariximizə qanla yazılan o faciələrin müəllifi əsasən ermənilərdən ibarət olub. 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən xüsusi qəddarlığın bəşər tarixində misli-bərabəri olmayıb. Bu təkcə müsəlman türklərinə qarşı deyil, bəşəriyyət əleyhinə cinayət idi”.  

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun  sözlərinə görə, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilmiş mart soyqırımları öz amansızlığına və miqyasına görə dünya tarixinə düşüb: “Yaranmış tarixi fürsətdən istifadə edən ermənilər bolşeviklərlə birləşib uşaq, qoca, qadın demədən on minlərlə müsəlmanı qılıncdan keçirdi, diri-diri yandırdı. Bakı qan gölünə çevrilmişdir. Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə yerli əhaliyə divan tutulmuşdur. Ümumilikdə, həmin hadisələr zamanı  30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Mart soyqırımı aktına ilk dəfə siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyətinin dövründə verilib. Cümhuriyyətin süqutu bu hadisələrə hüquqi qiymət verilməsinə və günahkarların cəzalandırılmasına imkan vermədi. 70 il ərzində - sovet rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində həmin qanlı hadisələr Azərbaycan xalqına unuduldu. Tarix dəsliklərində həmin hadisələr “müsəlmanların əməli” kimi qeyd edildi. Bunun nəticəsi olaraq ermənilər XX əsrin sonlarında yenidən baş qaldırdılar və xalqımıza qarşı terror əməllərini davam etdirdilər. Millətçi-separatçı ermənilər Qərbi Azərbaycanda, Sumqayıtda, Qarabağda azərbaycanlılara qarşı terror həyata keçirdilər. Nəticədə on minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı”.

Millət vəkili bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər ictimaiyyətə açıqlandı. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdı. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev 1999-cu il martın 30-da tədbirlər planı təsdiq edib. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin mahiyyəti və nəticələri izah olunub. Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Artıq bütün dünya mart soyqırımlarının timsalında ermənilərin azərbaycanlılara qarşı tarixi nifrətlərindən xəbərdardır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə çox böyük işlər görülüb. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verildi. Memorial Kompleks  2013-cü il sentyabrın 18-də açıldı. Bu kompleks azərbaycanlıların ziyarət yerinə çevrilib. Ora hər dəfə səfər etdikdə insanın yaddaşı sanki təzələnir, tarixi faciəmiz gözümüzün önündə canlanır”

Deputat onu da qeyd etdi ki, 31 Mart soyqırımı bəşəri cinayət olmaqla yanaşı, Azərbaycan xalqının tarixinin qəhrəmanlıq səhifəsidir: “Əliyalın xalqımız silahlı daşnak-bolşevik birliyinə qarşı mübarizə aparırdı. Müstəqilliyə, azadlığa gedən yolda canlarını sipər edən oğul və qızlarımızın mərdliyi, şücaəti sayəsində Azərbaycan ötən əsrin əvvəllərində müstəqilliyə qovuşdu. Bir il ərzində eyni soy-kökdən olan türkiyəli qardaşlarımızın dəstəyi ilə ölkəmiz silahlı ermənilərdən, ruslardan təmizləndi, üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalandı.  Buna görə də, 31 Mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, istər bütün soydaşlarımızın, istərsə də Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ruhu daim anılacaq. Bu gün Vətən uğurunda canından keçmiş bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qisasını ermənilərdən aldı və suverenliyimizi təmin etdi”.

Qan yaddaşı