Azərbaycan xalqının son iki yüzillik tarixində baş verən müharibələr, qanlı toqquşmalar və faciələrin əsas səbəbi Çar Rusiyasının Qafqaz siyasəti ilə bağlı olub. Belə ki, rus yazçısı Şavrovu ifadəsi ilə desək, “...biz Qafqaz siyasətini digər xalqların bura köçürülməsi hesabaına həll etməyə başladıq.” Təbii ki, digər xalqlar deyiləndə Şavrov erməniləri nəzərdə tutur. Osmanlı və Azərbaycan torpaqları hesabına özünə “Böyük Ermənistan” yaratmağı hədəfləyən bu toplum – ermənilər rus siyasətini reallaşdırmaqla yanaşı özlərinin də ideyalarını reallaşdırmağa cəhd etdilər. Bu proses 1724-cü ildə tarixə Pyotr vəsiyyətləri adı altında daxil olmuş fərmanla başladı. Belə ki, bu fərmanla Rusiyanın işğal etdiyi torpaqlarda ermənilərin yerləşdirilməsi üçün yerlərin ayrılmasına icazə verildi.
Ondan sonra da ermənilərə münasibətdə Rusiyanın siyasəti eyni xətt üzrə inkişaf etdi. Belə ki, Rusiya-İran müharibəsində Rusiyanın qələbəsindən sonra Azərbaycan torpaqları Çar Rusiyası və Qacar (İran) dövləti arasında bölüşdürülərkən imzalanmış Gülüstan (1813) sülh müqaviləsi adı çəkilən toplumun nümayəndələrinin köçürülməsinin əsasını qoydu.
Ermənilərin köçürülməsi haqqında erməni katalikosu tərəfindən hazırlanmış plan İrəvanı tutduğuna görə İrəvan qrafı titulunu almış çar generalı İ.Paskeviçə və Rusiyanın İrandakı səfiri A.Qriboyedova təqdim edilir. Onlar İran ermənilərinin Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırılmasında xüsusi fəallıq göstərmişlər. İranda yaşayan və rus ağalığının qüdrətli bayrağı altına girmək istəyən 50 minə yaxın erməni müharibə bitdikdən sonra Rusiyanın işğal etdiyi Naxçıvan, İrəvan, Qarabağ xanlıqlarının ərazilərinə köçürülməyi arzu edirdilər. Bunu cani-dildən həyata keçirən Rusiya 1826-1828-ci illər Rusiya-İran müharibəsini sonlayan Türkmənçay (1828) müqaviləsinə ermənilərin köçürülməsini təmin edən ayrıca bənd salmağı özünə borc bildi. Beləliklə, müqavilənin 15-ci maddəsi ermənilərin Rusiya imperiyasının himayəsi altına keçməsini təsdiqlədi.
Köçürmə komitələrinin köməyi ilə yerləşdirilən ermənilərə xüsusi imtiyazlar verildi. Bölgədə demoqrafik siyasəti ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində minlərlə azərbaycanlı öz torpaqlarında sıxışdırılaraq çıxarılmış, zorla sürgün edilmiş, qətlə yetirilmiş, onların yerlərinə isə təsərrüfata yararlı, əlverişli coğrafi ərazilərdə ermənilər yerləşdirilmişdir.
Ermənilərin bölgəyə köçürülməsi sonrakı dövrlərdə də davam etdirildi. Belə ki, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinin sonunda imzalanmış Ədirnə sülhündən sonra Türkiyədən 90 mindən çox erməni Azərbaycan ərazisinin ən münbit torpaqlarına köçürülərək yerləşdirildi və bu proses durmadan davam etdirildi.
Beləliklə, XIX əsrin ortalarında Şərqi Anadoludan 100 min erməni Qafqazda yerləşdirildi. 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra daha 70 min erməni bölgəyə gətirilib yerləşdirildi. Əsrin sonlarında da ermənilərin miqrasiya prosesi davam etdirildi.
Bu prosesin planlı həyata keçirilməsinin əsas səbəbi bölgədə etnik dəyişiklik etmək, ermənilərin hesabına yerli türk-müsəlman toplumunu sıxışdırmaq və gələcək siyasi planlarda sadiq ermənilərdən müthiş şəkildə istifadə etmək idi. Bu “erməniləşmə” siyasətinin nəticəsi özünü doğurtdu. Belə ki, bölgənin etnik tərkibində gözlə görüləsi kəskin dəyişiklik özünü gözlətmədi. Əgər XIX əsrin 20-ci illərində təkcə Qarabağ xanlığı ərazisində 20 min ailədən 1.5 mini erməni ailəsi idisə (91%-in 8,4%-ə nisbətində), 80-ci illərdə bu rəqəm kəskin artaraq Şuşa qəzasında azərbaycanlılar ümumi əhalinin 41,5, ermənilər isə 58,2%-ni təşkil edirdilər. 1917-ci ilin statistikasına görə, bu rəqəmlər 40,2 və 52,3% təşkil edirdi. Göründüyü kimi, milli tərkibin dəyişdirilməsi siyasəti öz “bəhrəsini” verməklə bölgədə azərbaycanlıların demoqrafik mövqeyinə zərbə vuruldu. Cənubi Qafqazda çar hakimiyyətinin əsas dayağına çevrilən ermənilər artıq öz dövlətlərini yaratmaq “arzu”larını həyata keçirmək üçün siyasi zəminə sahib idilər.
1978-ci ildə Dağlıq Qarabağın erməni əhalisi buraya gəlmələrinin 150 illiyini təntənəli surətdə qeyd etdilər. İrandan ilk 200 erməni ailəsinin gəlişini qeyd edən ermənilər Ağdərə rayonunun Marağaşen-Leninavan kəndində (indiki Şıxarx kəndində) bu münasibətlə xüsusi bir abidə qoydular. Lakin bu abidə elə ermənilərin özləri tərəfindən söküldü. Belə ki, 1988-ci ildə ermənilər Azərbaycana qarşı ərazi iddialarına başladılar. Ermənilərin bu bölgəyə gəlmə olduğunu, Rusiya siyasi bayrağı altında köçürülüb gəldiyini sübut edən üzərində “Marağa-150” yazılan abidə özünü bu bölgənin əzəli sakinləri olduğunu iddia edən erməniləri elə özləri tərəfindən ifşa edirdi. Abidənin qalıqları hələ də qalmaqdadır.
Dənizdən dənizə “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün əzəli Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilər yerli azərbaycanlı əhaliyə qarşı milli zəmində qırğınlar və terror törətməyə başladılar. XX əsrin əvvəllərində bu daha kütləvi hal almağa başladı. Belə ki, 1905-1907-ci illərdə və 1918-ci ildə Azərbaycanın müxtəlif ərazilərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar soyqırım siyasətinin tərkib hissəsidir.
1905-1907-ci illərdə Bakıda, İrəvanda, Zəngəzur, Ordubad, Naxçıvan, Qazax və başqa bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar, yerli əhaliyə qarşı qarət, soyğun, talanlar təşkil edilmiş, minlərlə yerli əhali yaşadığı yerlərdən qovulmuşdu. Təkcə Gəncə və Qazax quberniyalarında 200-ə yaxın kənd dağıdılmışdı.
Təkcə 1918-ci ilin mart soyqırımı nəticəsində Bakı şəhərində 15 mindən çox əhali erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir. Bu işə Bakı Xalq Komissarlarının Sovetinin sədri S.Şaumyan rəhbərlik edirdi. O, Birinci Dünya Müharibəsindən qayıdan erməni əsgər və zabitləri də Bakıda cəmləmişdi və milli zəmində həyata keçiriləcək soyqırıma ciddi hazırlıq aparılmışdı. V.İ.Leninin də dəstəyini alan daşnak-bolşevik qüvvələri və bolşeviklərin əsas zərbə qüvvələrindən olan “Daşnaksütyun”un silahlı dəstələrindən istifadə etməklə yerli türk-müsəlman əhalisinə divan tutulmuşdu. İnsanlığa sığmayan hərəkətlərlə soyqırım törədən ermənilər qadın, uşaq, yaşlı baxmadan müsəlmanlar yaşayan evlərə girərək dinc əhalini, ümumiyyətlə qarşılarına çıxan hər kəsi qılıncdan keçirmiş, qarşılarına çıxan bütün müsəlmanları gülləbaran etmişdilər. Müsəlmanları müxtəlif işgəncələrlə öldürməklə yanaşı, onların evlərini qarət edib qiymətli əşyaları talan edib özləri ilə aparırdılar. Qaçıb canını qurtarmaq istəyənləri xüsusi qoyulmuş pulemyotlardan atəş etməklə qətlə yetirmişdilər. Gülləbaran edilmiş, qətlə yetirilmiş müsəlman meyitləri ya birgə atıb yandırır, ya da kütləvi basdırırdılar.
Öz siyasətlərini vətəndaş müharibəsi adlandıran S.Şaumyan ona qarşı çıxanların hamısını düşmən elan etməklə, əslində Azərbaycanda bu dövrdə milli ruhun güclənməsini görür və yüksəlməkdə olan milli azadlıq hərəkatının qüvvətlənməsinin də qarşısını almaq istəyirdi.
Lakin Azərbaycan xalqının milli oyanışını daşnakların heç bir siyasəti durdura bilmədi. Xalq başa düşürdü ki, bütün bu özbaşnalıqlara, qırğınlara son qoymaq üçün xalqın özünün dövlətinin olması şərtdir. Beləliklə, Şərqin ilk müsəlman cümhuriyyəti – Azərbaycan Xalq Cümhuriyyəti doğuldu.
Sonradan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bolşevik-daşnak qüvvələrinin yerli türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırım siyasətini araşdırmaq üçün Xüsusi Tədqiqat Komissiyası yaradıldı. Bu komissiyanın araşdırmalarını incələdikcə insanın qanı damarda durmur. İnsanları qətlə yetirərkən xüsusi vəhşilik törətmiş bolşevik-erməni cəlladları uşaqları həm diri, həm ölü yanar evlərin içinə atmış, süngünün uclarına keçirmiş, qadınların müxtəlif orqanlarını kəsib divara mıxlamış, insanları diri-diri yandırmış və s. kimi misli görünməmiş və insanlıqdan kənar hərəkətlərə yol vermişlər.
Bakıdan sonra Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Nəvahi, Kürdəmir, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa bölgələrdə azərbaycanlılara qarşı törədilən qırğın siyasəti məqsədli və əvvəlcədən planlı şəkildə həyata keçirilmişdi. Təkcə Quba qəzasında 162 kənd dağıdılmış, yandırılmış, 16 mindən çox, Şamaxıda 7 min müsəlman qətlə yetirilmişdir.
Cənubi Qafqaz sovetləşdikdən sonra da böyük Sovet dövlətinin tərkibində “qardaş” respublikalar elan edilmələrinə baxmayaraq, ermənilərin azərbaycanlılara qarşı münasibəti və ənənəvi siyasəti dəyişmədi. Sovet hökumətinin də dəstəyini almaqla daha da dərinləşdi. Sovet rəhbərliyi də o dövrdə ermənilərin arzularına uyğun olaraq Dağlıq Qarabağ ərazisində yaşayan 80 minlik erməniyə muxtariyyət verdi. Lakin Ermənistanda yaşayan yarım milyonluq azərbaycanlıya belə bir hüquq verilmədi. Göründüyü kimi, Rusiya dövləti müsəlman xalqlarına münasibətdə tarixən yeritdiyi siyasətə sadiq qalmış, Azərbaycanın əzəli torpaqlarına köçürülüb gətirilmiş ermənilər hər cür imtiyazlarla mükafatlandırılmışlar. Beləliklə, Dağlıq Qarabağdan azərbaycanlıların etnik təmizləməsi həyata keçirilməyə başladı. Burada məqsəd bu bölgədən azərbaycanlıların tamamilə çıxarılması, bölgənin monoton erməniləşdirilməsi və Dağlıq Qarabağı Azərbaycandan qoparmaqla Ermənistan SSR-in tərkibinə daxil edilməsi idi.
Millətçi-separatçı qüvvələrin növbəti addımları Ermənistan SSR-i ərazisindən azərbaycanlıların deportasiyasının həyata keçirilməsi oldu. 1948-1953-cü illər ərzindən 150 mindən çox azərbaycanlı tarixən yaşadıqları etnik ərazilərdən qovuldular. Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası bölgədə yaşayan azərbaycanlıların heç bir hüquqları nəzərə alınmadan amansız formada həyata keçirildi. Təəccüb doğuran hal o idi ki, SSRİ rəhbərliyi tərəfindən ermənilərin apardığı etnik təmizləmə siyasəti nəinki susqunluqla qarşılandı, hətta himayə edildi. Dədə-baba torpaqlarından zorla çıxarılmış azərbaycanlıların yerinə xaricdən gətirilən ermənilər yerləşdirildi.
“Azərbaycanlılarsız Ermənistan” şüarı SSRİ-nin mövcudluğunun son dövrlərində də davam etdirilərək daha kəskin və aqressiv formada özünü təzahür etdi. Belə ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı həm ərazi iddialarının, həm siyasi aqressiyasının fonunda əsrin əvvəllərindən planlı şəkildə azərbaycanlıların etnik təmizlənməsinin son mərhələsi həyata keçirildi. Bu zaman 50 minə yaxın azərbaycanlı ailəsi, daha dəqiq desək 185519 nəfər azərbaycanlı məcburi şəkildə ölkədən çıxarıldı. Deportasiya nəticəsində yüzlərlə azərbaycanlı öldürülmüşdü. Onların bəziləri soyuq havada qaçarkən donaraq, bəziləri ağır işgəncələrə məruz qalmaqla, güllələnməklə, onlarla azərbaycanlı itkin düşmüş, yüzdən çoxu diri-diri yandırılmaqla məhv edilmişdilər. Müxtəlif bədən xəsarətlərindən azərbaycanlıların öldürülməsinə görə heç bir erməni məsuliyyət daşımamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bütün bunlar Azərbaycan xalqına qarşı soyqırım siyasətinin Ermənistanın dövlət siyasətinin tərkib hissələrindən biri olduğunu təsdiq edir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra yaxın və uzaq keçmişdə baş vermiş tarixi hadisələrə bağlı siyasətində öz mövqeyini ortaya qoymuşdur. Belə ki, ermənilərin 1918-ci ilin martın sonlarında Azərbaycanın müxtəlif bölgələrində yerli türk-müsəlman əhalisinə qarşı törətdikləri və xalqımızın tarixinə qanlı hərflərlə yazılan soyqırıma prezident Heydər Əliyev hüquqi-siyasi qiymət verərək 1998-ci ildə mart ayının 31-ni Azərbaycanlıların Soyqırımı günü elan etmişdir. 2013-cü ildə isə prezident İlham Əliyevin qərarı ilə Quba qəzası ərazisində 1918-ci ildə erməni daşnakları tərəfindən törədilmiş qırğınlar nəticəsində öldürülən yerli əhalinin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır.
XX əsrin 90-cı illərinin əvvəllərində tarixi Azərbaycan ərazilərini işğal etməklə Ermənistana birləşdirməyi qarşılarına məqsəd qoyan erməni millətçi-separatçı qüvvələri dünyada və SSRİ-də gedən siyasi proseslərdən istifadə edərək öz tarixi məkirli siyasətlərini reallaşdırmağa başladılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə müharibə elan edilmədən təcavüz etməsi ilə qanlı münaqişə başladı. Ermənistanın məqsədi Dağlıq Qarabağ ərazisini birdəfəlik Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək idi. Azərbaycana qarşı silahlı hücumların intensivləşməsi və hərbi təcavüzün doğurduğu müharibə Dağlıq Qarabağın və yeddi Azərbaycan rayonunun işğalı ilə nəticələndi. Birinci Qarabağ müharibəsi zamanı 30 min insan həlak olmuş, minlərlə insan itkin düşmüş, 1 milyona yaxın azərbaycanlı isə öz dədə-baba yurdlarından qaçqın düşmüşdülər.
Birinci Qarabağ münaqişəsi dövründə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı və ən amansız cinayətlərdən biri Xocalı soyqırımıdır. Kütləvi qırğın törətmək üçün Xocalının seçilməsi də təsadüfi deyil. Xocalının Xankəndi yolunun üstündə əlverişli mövqedə yerləşməsi, ərazidə aeroportun olması və şəhərin strateji vəziyyəti onun ermənilər tərəfindən işğalının vacibliyini tələb edirdi. Belə ki, Xocalını işğal etməklə Dağlıq Qarabağın digər şəhərlərinə yol açılır və ermənilər strateji üstünlük qazanırdılar. Belə də oldu. Xocalı hələ 1991-ci ilin payızından mühasirəyə alınmış, rayonla yerüstü əlaqənin kəsilməsi səbəbindən yalnız helikopter vasitəsilə digər rayonlarla əlaqə saxlanılırdı. 1992-ci ilin yanvarından elektrik təchizatı da dayandırılan şəhərin camaatı ağır şərtlərdə yaşayırdılar.
Bu genosid hadisəsi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə separatçı erməni silahlı dəstələri və MDB-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayı tərəfindən reallaşdırılmışdır. Qaçmaq istəyən şəhər sakinləri pusquya salınıb güllələndi, ya da əsir götürüldü. Dağlara qaçanların çoxu isə qışın soyuğunda donvurmadan həlak oldular. İnsanlıq əleyhinə törədilmiş bu soyqırım zamanı şəhərin 5379 nəfər əhalisi qışın qarlı, şaxtalı havasında ağır şəraitdə deportasiya olunmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmışdır. Əsir və girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil. Eyni zamanda 487 Xocalı sakini müxtəlif bədən xəsarətləri almış, minədək dinc sakin əlil olmuş, 8 ailə tam məhv edilmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın ağılasığmaz işgəncələrlə vəhşicəsinə öldürülmüş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirmiş, Xocalı şəhəri dağıdılaraq xarabalığa çevrilmişdir.
Hadisələrin real görüntüləri 2 gün sonra aşkara çıxdı. Cəsədləri toplamağa gəlmiş iki helikopter ermənilər tərəfindən atəşə tutulduğu üçün onlar bu işi həyata keçirə bilmədilər. Onların içərisində jurnalistlər də var idi. Qarşıya çıxan mənzərə dəhşətli idi. İşgəncələrlə qətlə yetirilmiş hər tərəfə səpilmiş insan meyitlərinin olduğu sahə gələn qrupun nümayəndələrinin qanını dondurmuya bilməzdi. İnsanların kütləvi şəkildə və vəhşicəsinə qətl edilməsi onları və sonra bu görüntüləri görən bütün Azərbaycan xalqını və dünyanı dəhşətə gətirdi. İnsanlığa sığmayan əməllər törətmiş, ağlasığmaz cinayət hərəkətləri ilə uşağa, yaşlıya, qadına rəhm etməmiş, insanları diri-diri yandırmış, gözlərini oymuş, müxtəlif orqanlarını kəsmiş ermənilər hətta meyitləri belə rahat buraxmayaraq onlara da xəsarət yetirərək çoxunun baş dərisini soymuş, meyitləri təhqir etmişdilər. Erməni qəddarlığı insanların yaxın məsafədən xüsusi qəddarlıqla öldürülməsi, hamilə qadınların qarınları cırılaraq dərmə-deşik edilməsi, kişilərin baş dəriləri soyulması, insanların qulaqları, burunları, qolları və başqa orqanları kəsilmiş vəziyyətdə olması, uşaqların amansızcasına işgəncə ilə öldürülməsində özünü açıq göstərirdi.
Bu hərəkətləri yerinə yetirərkən soyuqqanlılıq erməni millətçilərinin nifrət və kin qusmalarından irəli gəlir. Bu da təəccüblü deyil. Onlar bu ideologiyada tərbiyə almış və ruhları azərbaycanlıya nifrətlə doyuzdurulmuşdu. Bu ideologiyanı yayan erməni ideoloqlardan biri də Zori Balayandır. Qarabağ müharibəsinin və Xocalı qətliyamının birbaşa iştirakçısı olan Z.Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabı ilə bu gün hər bir azərbaycanlı və türk tanışdır. Bu kitabın 260-cı səhifəsində Xocalıda törətdikləri soyqırım hərəkətlərini etiraf etməklə yanaşı əsl erməni xislətini ortaya qoyur.
Daha bir erməni müəllifi David Xerdiyan “Xaç uğrunda” kitabında Xocalıda baş verənlər və amasız qətliyamda ermənilərin törətdikləri qeyri-insani əməlləri açıq etiraf edir.
“Artsaxın qəhrəmanı” ordenli Z.Balayan və onun kimilərinin ideyaları ilə, xeyir-duası ilə bu əməlləri törədən ermənilər ağlasığmaz və insanlığa yaraşmayan hərəkətlər törətmişlər. Bu gün hər bir azərbaycanlı onları tanımalı və düşmənin adlarını unutmamalıdır.
Azərbaycan dövləti həm mart soyqırımı, həm də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı faciəsinin dünyada və beynəlxaq aləmdə tanıdılması, soyqırıma siyasi-hüquqi qiymətin verilməsi, bu soyqırım siyasətinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törətdiyi cinayət kimi qəbul olunması, soyqırım aktı kimi tanınması üçün dövlət siyasəti yeridir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi qeyd olunur. 1995-ci il 24 fevral tarixində Milli Məclis dünya parlamentlərinə və müxtəlif beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət etmişdir. “Xocalıya ədalət!” çağırışına cəmi 18 dövlət müsbət cavab verməklə bu qanlı faciəni soyqırım aktı kimi qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli fərmanı ilə hər il 25 fevral saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bütün ölkə ərazisində sükutla qeyd edilir.
2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsindəki tarixi qələbə və 2023-cü il 19-20 sentyabrında Azərbaycan ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarını tamamilə işğaldan azad edən Azərbaycan Respublikası Qarabağ müharibəsində tarixi zəfər çalmaqla özü tarixi ədaləti bərpa etmiş oldu. Dünyanın bir sıra aparıcı dövlətlərinin Ermənistana açıq dəstək vermələrinə, silahlandırmalarına baxmayaraq, Azərbaycan tarixi torpaqlarını separatçılardan təmizləməyə nail oldu. Prezident İlham Əliyev 44 günlük müharibədən sonra Ağdamda çıxışında Z.Balayan və digərlərini yalançı qəhrəman adlandırmış və sinələrinə taxdığı dəmir-dümürləri tullamağı təklif etmişdi. O, Xocalı qatillərinə “Siz öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız” demişdi. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə qeyd edirdi: “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Və nəhayət, o tarixi an 2023-cü ildə yaşandı”. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırılmaqla tarixi ədalət bərpa olundu.
Bu gün bizə əsrlərdən bəri düşmən münasibəti bəsləyən, bunu təkcə bir millətin ruhunda yaşatmaqla bərabər dövlət siyasətinə çevirən bir xalqın azərbaycanlılara qarşı zaman-zaman törətdiyi əməlləri gənc nəslin unutmaması üçün hərtərəfli iş görmək bizim öhtəmizə düşür. Tariximizi öyrənməli və tarixdən dərs çıxarmalıyıq. Müzəffər ordumuzun və dövlətimizin uğurlu siyasəti sayəsində əldə etdiyimiz qələbəni və siyasi uğurları, dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının müqəddəs amalıdır.
Fəzail İbrahimli
Millət vəkili, professor