Oğuzun bol taxılı

post-img

Əkinlər genişlənir, məhsuldarlıq artır

Oğuz rayonunda əhalinin məşğul olduğu aparıcı sahələrdən biri taxılçılıqdır. Burada məhsuldar buğda növləri yetişdirilir, zəhmət və bərəkətin vəhdəti sayəsində kəndlilərin güzəranı lazımınca təmin edilir.

Son illərdə Oğuzda bu sahə daha da inkişaf edib. Məsələn, rayon üzrə 2024-cü ilin məhsulu üçün 17 min 271 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun 10 min 646 hektarını buğda, 6 min 625 hektarını isə arpa təşkil etmişdir. Sahələrdən 57 min 298 ton taxıl istehsal olunmuşdur. Rayon üzrə orta məhsuldarlıq 33,1 sentner olmuşdur. Cari ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq əkin proqnozlaşdırılmış və həyata keçirilmişdir.

Hazırda rayonda 5 min 500 hektar sahədə payızlıq əkin aparılıb. Sahənin 1500 hektarında buğda, 3 min 900 hektarında arpa əkilib. Taxıl sahələrində 440 ton gübrədən istifadə olunub. Fermerlər taxıl sahələrindən yüksək məhsul əldə etmək üçün sertifikatlı toxumlardan istifadə edirlər. Əkilmiş taxıl sahələrinə mütəmadi olaraq baxış keçirilir. Ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır.

Rayon ərazisində 2 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuların hər biri 2024-cü ilin məhsulu üçün hektardan 50-60 sentner olmaqla yüksək məhsul əldə edib. Rayon ərazisində yüksək məhsul əldə edən tanınmış fermerlər çoxdur. Onlara misal olaraq Vaqif Əliyevi, Vasif Umarovu, İlqar Həbibullayevi və başqalarını göstərmək olar.

Qabaqcıl fermer kimi 2022-ci ildə “Əmək” ordeni ilə təltif edilmiş Vasif Umarov ötən ilin məhsulu üçün şəxsi mülkiyyətində olan 260 hektar sahədə taxıl əkmişdi. Hər hektardan orta hesabla 50-55 sentner taxıl istehsal edərək 260 hektar ərazidən bol məhsul əldə etdi. Fermerin özünə aid olan texnikaları və taxıl saxlamaq üçün anbarları mövcuddur.

Vasif Umarov əkin-biçinin vaxtında aparılması üçün texnikalarını bəzən özü idarə edir. Daim yüksəkreproduksiyalı, sertifikatlı toxumlara üstünlük verir. Əkin sahələrinin alaq otlarından və ziyanvericilərdən qorunması üçün lazım olan bütün tədbirləri vaxtlı-vaxtında həyata keçirir.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

İqtisadiyyat