Əsl bağban odur ki...

post-img

Qubalılar ata-baba alma sortlarına üstünlük verirlər

Son illər Qubada öz pay torpaqlarında dədə-baba meyvə sortlarını əkib-becərənlərin sayı artıb. Səbəbi isə budur ki, belə meyvələr çox ətirli və dadlı olur. Təbii ki, müştərilər ağızlarının dadlarını bilirlər. Kim təbii məhsulu qoyub hibrid meyvə alar?!

Uzun illər Birinci Nügədi kəndində meyvəçiliklə məşğul olan Firuz Babayev dedi ki, sovet dönəmində kolxoz və sovxozlara yuxarıdan qeyri-real planlar göndərilirdi. Ona görə də keyfiyyət arxa plana keçmişdi. İndi vəziyyət dəyişib. Fermerlər özləri imkanlarına və bazarın tələblərinə uyğun sərbəst qərarlar verirlər. Hamı istəyir ki, orqanik meyvələr yetişdirib daha çox gəlir əldə etsin. Axı şəhərlərdə alıcıların çoxu artıq geni dəyişdirilmiş meyvələrdən imtina edir.

65 yaşlı bağban Firuz Babayev kənddə səriştəli bağbanlardan sayılır. Mənə həyətyanı sahəsindəki alma, armud, heyva və zoğal ağaclarını bir-bir göstərib, böyük həvəslə onların bir çoxunun tingini haradan və nə vaxt tapıb gətirdiyini söylədi. İndi onun 30 sotdan bir qədər yuxarı olan həyətyanı sahəsində “Qəndi sinab”, “Cırhacı”, “Sarı turş” və sair qədimi alma ağacları var.

Ev sahibi sonra bir neçə armud ağacını göstərib şəstlə dedi ki, bunların çoxu hazırda rayonun kəndlərində az təsadüf edilən meyvə növləridir. Firuz kişi armud ağaclarının bir-bir göstərərək dedi:

– Buradakı “Abbasbəyi”, “Qorxmazı”, “Sarıarmud”, “Quşbudu” kimi nadir sortlarını öz əllərimlə əkib-becərmişəm. Hər birinin üstündə əsirəm ki, ömürləri uzun olsun, bol məhsul versinlər.

Bağban yaxınlıqdakı qollu-budaqlı tut ağacının yanına aparıb dedi:

– Bu ağac bizim çörək ağacımızdır. Yalan olmasın, bu il bundan 30 litrdən çox əla doşab hazırlamışıq. Bir hissəsini satmışıq, qalanını da özümüz üçün saxlamışıq.

Firuz Babayev sonra məni 10-15 metr irəlidəki şitilliyə apardı. Burada bəlkə yüzlərlə ting vardı.

Həmsöhbətim qeyri-ixtiyari olaraq özünü öymək vərdişindən də vaz keçmədi:

– Əsl bağban odur ki, özü məhsuldar tinglər becərsin, qohum-qonşunun, el-obanın işinə yarasın.

... Hacıbaba kişi də Birinci Nügədi kəndində yaxşı tingçi kimi ad çıxarıb. Onunla da görüşmək qərarına gəldim. Gəlişimə çox sevindi. Əslində, biz çoxdanın tanışları idik. Kəndimizdəki orta məktəbdə məndən bir sinif yuxarıda oxumuşdu. Sonra Qubada yerləşən sovxoz-texnikumda aqronom peşəsi üzrə təhsil aldı, uzun müddət kəndimizdəki meyvəçilik sovxozunda aqronom işlədi. Hazırda ən nadir meyvə növlərinin tinglərini yetişdirir. Onun sözlərinə görə, ata-baba meyvə ağaclarının tinglərinə tələbat ilbəil artırılır.

Şıxbabanın həyətində olarkən qonşu kənddən bir nəfər ting üçün gəlmişdi. Şıxbaba dedi ki, hələ ki, ağaclar yarpaqlarını tam tökməyib, 5-10 gündən sonra ağac əkməsi məsləhətdir. Sonra həm məni, həm də ting almaq üçün müştərini pürrəngi çay içməyə dəvət etdi. Hər üçümüz bir stəkan çay içib ayrıldıq.

Son illər, həqiqətən, Qubada tingçilik peşəsinə maraq artıb. Təkcə Birinci Nügədi kəndində onlarla tingçinin fəaliyyət göstərdiyini biləndə təəccüblənmədim. Öyrəndim ki, rayonun digər kəndlərində də bu peşəyə maraq göstərənlərin sayı artmaqdadır.

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat