Son günlər sosial şəbəkələrdə istər regionlarda, istərsə də şəhər ərazisində ilanların müşahidə olunması ilə bağlı vətəndaşların paylaşımlarına tez-tez rast gəlirik. Bu da, təbii ki, insanlarda narahatlıq yaradır. Xatırladaq ki, bir neçə gün öncə Göyçay rayonunun Şəkər kəndi sakini 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən ilan onun baş nahiyəsindən sancıb. Digər hadisə isə Ağdamın Mirəşeli kəndində baş verib. Kənd sakini Tamaşa Məmmədova həyətdə iş görərkən ilan onu sancıb. Maraqlıdır ki, ilanların aqresivləşməsinə səbəb nədir?
Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin onurğalıların biomüxtəlifliyi və ekologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov XQ-yə mövzu ilə bağlı açıqlamasında bildirdi ki, son vaxtlar havaların istiləşməsi ilə ilanların aktivləşməsi müşahidə olunur. Apreldə havalar hələ tam istiləşmədiyindən belə hallar az olurdusa, may ayının ilk günlərindən etibarən günəşli havaların ardıcıl olması, yer səthinin də istiləşməsi ilanların aktivliyini daha da artırır. Bu aylardan etibarən ilanların qışlamadan çıxması və uzun müddət qışlamada olduqları üçün ac qalmaları səbəbindən aktiv şəkildə yemlənməyə ehtiyacı var. Nəticədə ətraf ərazilərdə yaşayış məskənləri, iş, istirahət obyektləri varsa, bu yerlərə kimi gəlirlər.
Bu rastlaşmanın bir səbəbi də tək ilanların fəallığı deyil, eyni zamanda, insanların da təsərrüfatla, gəzinti ilə bağlı ərazilərə çıxmalarıdır. Çox vaxt belə təəssürat yaranır ki, ilanlarla tez-tez rastlaşmanın səbəbi onların sayca artımıdır. Bu, qətiyyən doğru deyil. İlanlar hansı güvənlə artsın? İlan yaşayan yerlər getdikcə azalır, sıradan çıxır və sıxışdırılır.
İndiki şəraitdə vətəndaşlar daha çox ehtiyatlı olmalı və rastlaşan zaman aqressivlik göstərib ilanın üstünə getməməlidirlər. Əgər ilanla rastlaşmısınızsa, bu halda ilanın üstünə gedib onu öldürməyə cəhd edəcəksinizsə, o da, necə deyərlər, instinktiv olaraq özünümüdafiə davranışı edəcək, sancmağa çalışacaq. Yaxud ilan olan ərazidə gəzərkən ehtiyatlı olmasaq, kolun dibində, hansısa sığınacağın yaxınlığından keçsək, ilan bunu özünə təhlükə bilib sanca da bilər. Ona görə də belə vaxtlarda ərazidə gəzərkən, işləyərkən ilanları cəlb edən amil varsa, yaxud olması mümkündürsə, ehtiyatlı olmağınız məsləhətdir.
Alimin sözlərinə görə, həyət-bacada ilanların gizlənməsi üçün sığınacaqlar olmamalıdır. Yəni ağac budamalarından yığılan, tikinti materialından, zibil tullantılarından, kol-kos, siçan dəlmə-deşikləri olan yeraltı yuvalar–belə yerlər ilanların sığınması üçün ən əlverişli yerlərdir. Yay günlərində havalar istiləşir, yerin üstünə əl qoymaq olmur, yandırır, belə hallarda ilanlar görünmür. Onlar yalnız sərinlik axtarıb gizlənirlər. İlanlar çox vaxt həyətdə meyvə ağaclarına qidalanmaq üçün gələn və burada qurulan quşların yuvalarına da hücum edir. İlanlar belə yerlərdə quşu tutmaq və yaxud da quş yuvasında çıxmış balaları yemək üçün ağaca da çıxırlar.
Bir məlumatı da qeyd edək ki, 2026-cı ilin aprel ayında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Pasiyentlərdən 3 nəfər ilan sancmasında müalicəyə cəlb olunub.
T.İsgəndərov daha sonra bildirdi ki, şəhər mühitində, məsələn, şəhər mərkəzində ilanların yaşaması üçün heç bir şərait yoxdur. İlanların sevmədiyi bir şey də insan iştirakıdır, səs-küy, narahatedici faktorların olmasıdır. Şəhər mühitində bu faktorlar çoxdur, ilanların gizlənməsi üçün, yemlənməsi üçün şərait yoxdur. Hər yer abadlaşmış qazonlardır, asfaltdır və belə yerdə ilanların qalması uzun müddət mümkün deyil.
Hətta şəhərin mərkəzində, bu xüsusən də dənizkənarı bulvar ərazisində də ilanlarla rastlaşmaq mümkündür. Xırda balıqlarla qidalanmaq üçün daşlı-qayalı dəniz sahilində su ilanları kütləvi halda yaşayırlar. Orda olan su ilanları da bulvar ərazisinə yem axtarmaq, yumurta qoymaq üçün sığınacaq axtarmaqla əraziyə çıxa bilər.
Azərbaycanda indiki təsnifata görə, 26 növ ilan yayılıbdır. Onlardan dördü zəhərlidir. Bu dörd zəhərli ilanın insanlara daha çox rastlaşanı Levant gürzəsidir və Azərbaycanın bütün arid ərazilərində geniş yayılıb. Bu gürzəyə enliyarpaq dağ meşələrindən, yüksək dağlıq ərazilərdən, Talış zonasından başqa Azərbaycanın bütün isti və quraq düzənliklərində, dağətəyi çöllüklərində rast gəlinir.
Təvəkkül müəllimin fikrincə, ilanlardan qorunmağın iki yolu var. Birincisi, təbii yoldur. Unutmamalıyıq ki, qışlamadan yenicə çıxmış ilanlar olduqca fəaldırlar. Çox vaxt biz, ilanlar üçün öz ərazimizdə əlverişli şərait yaradıb, sanki, ilanları “dəvət” edirik. Bu nə deməkdir? Çünki ilanlar gizlin həyat tərzi keçirirlər. Onlar yedikləri heyvan növləri olan əraziləri tapır, sonra orada şikarını tutmaq üçün gizlənmə yeri seçib pusqu qurur və şikarı keçərkən ani sıçrayışla tutur. Əgər biz təsadüfən bu yerə çox yaxın keçsək, ilan təhlükə hiss etdiyi üçün bizi də sanca bilər. Belə halda günahkar ilan deyil, biz özümüz oluruq ki, ilanın həmin yerdə gizlənə biləcəyini unudub ehtiyatsızlıq etdik!
Qorunmağın ikinci yolu ilan keçməsi ehtimal olunan yerləri, hasardakı məsamələri, ərazidə gizlənməsi mümkün ola biləcək yerləri xüsusi kəskin qoxulu maye, toz və ya briket (dənəvər) formada olan ilanqovucu preparatlarla işləməkdir. Bu preparatlar zəhərli olmayan, ərazini ekoloji cəhətdən çirkləndirməyən kəskin qoxulu kimyəvi qarışıqlar və maddələrdən ibarət olmalıdır. İlanların kəskin iy və qoxulara qarşı həssas olduğunu nəzərə alsaq, ancaq onların köməyi ilə ilanları ərazidən uzaqlaşdırmaq mümkündür.
Mütəxəssis ilan sancması zamanı görülməli olan ilkin tədbirlərə də toxunur: “Əgər ilan sancması baş veribsə, birinci növbədə, sancılmış nahiyəni hərəkətsizləşdirmək lazımdır. Çünki hərəkət zamanı qan dövranı sürətlənir və zəhər orqanizmə daha tez yayılır. Şini qoymaq, yəni sınıqlarda olduğu kimi qolu və ya ayağı bərkitmək lazımdır ki, hərəkət etməsin.
Yaranı kəsmək, yandırmaq və ya rezinlə sıxmaq (turna qoymaq) qətiyyən olmaz. Bu, toxumaların ölməsinə və daha ağır fəsadlara yol aça bilər. Ən düzgünü xəstəyə bol maye vermək və təcili olaraq yaxın tibb məntəqəsinə, xəstəxanaya çatdırmaqdır. Azərbaycanda bütün dövlət xəstəxanalarında zəhər əleyhinə zərdablar (antigürzə) mövcuddur və vaxtında tibbi yardım göstərildikdə xəstənin həyatını xilas etmək tamamilə mümkündür”.
Müşfiq MİRZƏ
XQ


