Qış turizm mövsümü ərəfəsində ölkədaxili turizm imkanları ictimaiyyətə təqdim edilib

post-img

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə noyabrın 18-19-da Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına mediatur təşkil edilib. Səfərin əsas məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Dövlət mühafizəsinə götürülən memarlıq abidəsi sayılan “Diri Baba” türbəsi  1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilməsi barədə  ətraflı məlumat verilib. Türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir.  

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir.

Dövlət Turizm Agentliyi “Basqal” Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir. 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində “Basqal” Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Jurnalistlər səfər çərçivəsində “Basqal” Qoruğu ərazisində kəlağayı istehsalı emalatxanasında ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izləyiblər. 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu isə Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində 30-a yaxın sənətkarlıq sahəsi inkişaf etmişdir. Qeyd edək ki, qəsəbənin mərkəzi küçəsi sayılan Böyük küçə və ya Bazar küçəsi sənətkarlar məhəlləsidir. Lahıcın demək olar ki, bütün mis mağazaları, emalatxanaları burada yerləşir. 

XIX əsrdə 52 misgər dükanı olan İsmayıllının Lahıc qəsəbəsi tarixən mis məmulatlarının istehsalında xüsusi yer tutub və bu gün də həmin ənənə yerli ustalar tərəfindən uğurla davam etdirilir. Dəri məmulatlarının istehsalı isə Lahıcda misgərlikdən sonra ikinci peşədir. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mediaturda jurnalistlər buradakı qədim daş küçələri, Bəndəvan məscidini, Hacı Gəray bulağını, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək, misgərlik və dəriişləmə sənəti ilə məşğul olan ustaların iş prosesini izləyərək Lahıcın memarlığı, sənətkarlıq tarixi barədə zəngin məlumat əldə ediblər.

XQ









Sosial həyat