Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlara start verilib. İlk yarış günündə qılıncoynatmanın sablya növü üzrə qadınların və şpaqa növü üzrə kişilərin şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Sablya növündə qadınların şəxsi yarışında Palina Kaspiaroviç, şpaqada kişilərin şəxsi yarışında isə Vahab Fətullayev bürünc medal qazanıblar!
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Vahab yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. Şpaqaçımız finalın bir addımlığında özbəkistanlı Javokhirbek Nurmatova 11:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 4 qələbə ilə bitirən Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında 1/4 finalda Türkiyə təmsilçisinə qalib gəlib. Palina gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə Özbəkistan sablyaçısı Gülistan Perdebaevaya 12:15 hesabı ilə uduzub.
Qabil YUSİFOĞLU
XQ

