Xatirələrə köçən Məmməd İsmayıl

post-img

Bu yaxınlarda əbədiyyətə qovuşmuş ünlü şairimiz Məmməd İsmayılın xatirəsinə həsr edilən kitabda onun ədəbi irsinin bir qismi, poeziyasının dərin fəlsəfəsi və şairlə bağlı xatirələr toplu halında cəmlənib.

Kitabın təqdimat mərasimində də vurğulandığı kimi, Məmməd İsmayıl təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının sevilən şairlərindən biri olaraq, ömrünü sözün, sənətin, milli kimliyin qorunmasına həsr edib. Onun şeirləri dünyanın bir çox ölkələrində oxunur, sevilir və tədqiq olunur.

Sözün Məmməd İsmayıl zirvəsinə səyahət bələdçisi olan kitabda verilmiş bədii nümunələr “Ana əlləri”ndən tutmuş “Arzuların yolu”na, “Duyğuların işığında”ya qədər poetik marafonunda öncüllərdən olan şairin iç dünyasına işıq tutur:

Nakam məhəbbətim nələr eylədi, -
Ay aya, il ilə xəbər eylədi,
Bir Məmməd İsmayıl səfər eylədi,
Yüz Məmməd İsmayıl qaldı Tovuzda.

Şair-publisist Ehtiram İlhamın tərtibçisi və redaktoru olduğu kitabda ipə-sapa düzülmüş xatirələr də böyük maraqla oxunur, cismən işıqlı dünyanı tərk etsə də, ruhən bizimlə qalan şairin ölməzliyinə dəlalət edir. Bir daha təsdiqlənir ki, Məmməd İsmayıl zəngin yaradıcılığı, poeziyasındakı milli ruh, vətən sevgisi və humanist dəyərlərin təcəssümü ilə Azərbaycan ədəbiyyatında silinməz izlər qoyub.

Əli NƏCƏFXANLI
XQ

 

Mədəniyyət