Dünyada insanabənzər robotların ilk kütləvi tədarükü başladı
Çinin Şenjen şəhərində dünya robototexnikası üçün əhəmiyyətli bir hadisə baş verib. UBTech Robotics şirkəti yüzlərlə insanabənzər Walker S2 robotunun fəaliyyətdə olan sənaye müəssisələrinə göndərildiyini elan edib. Şirkətin məlumatına görə, istehsal noyabrın ortalarında sürətlənib və ilk partiya artıq quraşdırma xətlərində əlavə işçi qüvvəsinə ehtiyacı olan tərəfdaşlara çatdırılıb. UBTech bu hadisəni humanoidlərin həqiqətən geniş miqyasda həyata keçirilən ilk tədarükü adlandırır.
İnsanabənzər robotların kütləvi şəkildə sənayeyə inteqrasiyası istehsal və logistika sahəsində köklü dəyişikliklər vəd edir. Ən böyük sifarişçilər arasında avtomobil sənayesinin nəhəngləri – BYD, Geely Auto, FAW-Volkswagen və Dongfeng Liuzhou Motor kimi şirkətlər var. Bu təşkilatlar operatorların daimi müdaxiləsi olmadan stabil, 24 saatlıq fasiləsiz proseslərə nail olmağa çalışırlar. İlk sınaqlar göstərir ki, robotlar yalnız laboratoriya şəraitində deyil, fabriklərdə və anbarlarda da uğurla işləyirlər. Bu, sadəcə, avtomatlaşdırılmış qolların və ya mobil platformaların yerləşdirilməsindən daha çoxunu ifadə edir. İnsanabənzər robotlar insanların çalışdığı mövcud infrastruktur və iş mühitinə daha asanlıqla uyğunlaşa bilər və əvvəllər yalnız insanlara məxsus olan daha mürəkkəb manipulyasiyaları yerinə yetirmək potensialına malikdir. Bu, xüsusilə dəyişən istehsal ehtiyaclarına çevik cavab verə bilən sənaye sahələri üçün kritik əhəmiyyət kəsb edir.
UBTech şirkəti Walker S2-nin ən güclü tərəflərindən biri kimi akkumulyator sistemini qeyd edir. Robot insan müdaxiləsinə ehtiyac duymadan, cəmi bir neçə dəqiqə ərzində öz akkumulyator blokunu müstəqil şəkildə çıxarıb dəyişdirməyə qadirdir. Bu funksiya robotun fasilə vaxtını azaldır və daimi yerimə və yüklərin daşınması ilə uzun iş növbələrini yerinə yetirməyə imkan verir. Bu cür avtonom enerji idarəetməsi robotların işçi qüvvəsinə inteqrasiyasını əhəmiyyətli dərəcədə sadələşdirir və onların sənaye proseslərinə daha effektiv daxil olmasını təmin edir.
İnsanabənzər robotların kütləvi tədarükü, təkcə avtomobil sənayesində deyil, digər sahələrdə də geniş tətbiqolunma potensialına malikdir. Robotların monoton və təkrarlanan işləri öz üzərinə götürməsi insanların daha mürəkkəb, yaradıcı və yüksək ixtisas tələb edən vəzifələrə yönəlməsinə şərait yaradacaq. Eyni zamanda, fasiləsiz işləmə qabiliyyəti sayəsində istehsalın effektivliyi artacaq və uzunmüddətli perspektivdə istehsal xərclərinin optimallaşdırılmasına gətirib çıxaracaq. UBTech Robotics-in Walker S2 robotlarının kütləvi tədarükü sənayenin dördüncü inqilabı çərçivəsində robototexnika sahəsində atılan mühüm bir addımdır. Bu, insanabənzər robotların yalnız elmi fantastika deyil, real sənaye işçi qüvvəsinə çevrildiyi bir dövrün başlanğıcını qeyd edir və gələcəkdə istehsal proseslərinin, işçi qüvvəsinin və bütövlükdə cəmiyyətin necə formalaşacağını müəyyənləşdirəcək.
Bir sözlə, əgər bu robotlar real istehsal şəraitində gözləntiləri doğruldarsa, bu, avtomatlaşmanın yalnız xüsusi xətlərdə deyil, bütün iş mühitində tətbiq olunmasına imkan verən texnoloji kəskin dəyişiklik olacaq. Bu dəyişiklik iqtisadi artımı sürətləndirəcək, lakin, eyni zamanda, qlobal miqyasda işçi qüvvəsinin təhsil və ixtisaslaşmasına dair yeni strategiyalar tələb edəcək.
S.ELAY
XQ

