Lənkəranda 1918-ci il mart faciəsi

post-img

Qan yaddaşı ­– silinməz tarix

Erməni quldurların qanlı caynağı yurdun bu kənar bölgəsinə də çatmışdı

1918-ci il mart qırğını XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri – xalqımıza qarşı törədilən qanlı soyqırımıdır. Bu faciə Lənkərandan da yan keçməmiş, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir. Tədqiqatçı-alim Hacı Mirhaşım Talışlı ilə araşdırmalarımızda qeyd olunur ki, 1918-ci ilin mart, aprel, may aylarında Bakıda, Qubada, Lənkəranda erməni bolşevik silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı yerindən, yurdundan didərgin salmışdır. 

Bakı qırğınından sonra Lənkəranda və ətraf rayonlarda 40-a qədər kənd yandırılmış, günahsız insanlar qılıncdan keçirilmiş və güllələnmişlər. Faktlar isə belədir: həmin dövrdə Gərmətük və Kərgəlan kəndlərinin hər birində 70-dək, Mamusta kəndində 30-dək, Sütəmurdovda 25-dən çox günahsız insan hadisənin qurbanı olmuş, Şıxəkəran, Xolmili, Şağlakücə kəndlərində, Ləkər körpüsü ətrafında görünməmiş talanlar və qırğınlar törədilmişdi. Vilvan, Veravul, Girdəni, Cil, Osakücə kəndlərinin sakinləri qırğından qurtulmaq üçün yaxınlıqdakı meşələrə çəkilmişdilər.

Şəhərdə görünməmiş talanlar və qırğınlar törədilmiş, mayakın yanında yüzlərlə insan güllələnmişdir. 

                                                ***

Kövrək, həzin xatirələr arxada, keçmişdə qalsa da, unudulan deyil. Bu gün 1918-ci ilin mart qırğınından söhbət düşəndə Lənkəran hadisələrindən söz açmamaq mümkün deyil. Həmin hadisələrin şahidləri yaxın illərədək yaşayırdılar. Nə yaxşı ki, "Lənkəran" qəzetində məsul katib, redaktor müavini və qəzetin redaktoru işlədiyim dövrdə çoxları ilə görüşüb söhbət etmişdim. İndi onlar aramızda olmasalar da, xatirələri yaşayır. İnanmaq olmur, aradan neçə illər keçsə də, o qanlı-qadalı günlər unudulmayıb, yaddan çıxmayıb.

Bura Qala həbsxanasıdır. Ötən əsrlərin yadigarına baxdıqca heyrətimizi gizlədə bilmirik. İllərin sığal çəkdiyi qırmızı kərpiclərin arasından həyat eşqi ilə boylanan otlar, yaşıl kollar da mərmi, güllə izlərini gizlədə bilməyib. Xəzərin bir neçə addımlığında, «Qala»nın mərkəzində isə Lənkəran mayakı boylanır. Bir vaxtlar gözətçi məntəqəsi kimi fəaliyyət göstərən bu tarixi bina indi gəmilərin, qayıqların yol bələdçisinə çevrilib. Amma vaxtı ilə burada «Qala» həbsxanasınadək yeraltı yol varmış. Həmin yolla iki nəfər sərbəst hərəkət edə bilirmiş. Yeraltı yol su ilə dolduğundan indi ora girmək mümkün deyil.

Səhərdən tarixin canlı şahidi olan yerləri gəzirik. Gəzdikcə də xəyal bizi uzaqlara - yaxın keçmişə aparır. Araya çökmüş sükutu «Qala» həbsxanasının sağ küncündə özünə yuva salmış quşların civiltisi, bir də arabir küçədən ötüşən maşınların səsi pozur. 

Lənkəran həbsxanası 1965-ci ilədək fəaliyyət göstərib. Sonuncu həbsxana rəisi Babaxan cahangirov olub (1963-1965). Ondan əvvəl bu vəzifədə Nüsrət Məmmədov işləmişdir (1950-1963).

 Bu gün Dairəvi qala adı ilə tanınır. 1990-cı ildən tarixi abidə kimi mühafizə edilir (M.Talışlı, E.Əhədov. Lənkəran: Ensiklopedik məlumat, 2017, səh.220).

Bizdən bir qədər aralıda, 2002-ci il martın 31-də Lənkəranın vağzalyanı meydanının iki addımlığında soyqırımı qurbanlarına həsr edilmiş Xatirə-park kompleksi salınıb. 2007-ci ildə park yeni tərtibatda qurulub.

 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsi hər zaman hüzn və hörmətlə yad edilir. Hər dəfə yolumuz buraya düşəndə xəyalım qanadlanır. Postamentdən ətrafa boylanan ana abidəsinə baxdıqca qəlbimizdə kədər qarışıq kövrək hisslər baş qaldırır. 

Ağabacı nənəmin yaddaşında 1918-ci il mart ayı "qaçhaqaç" dövrü kimi qalmışdı, ömrünün axırınadək üzü gülmədi - nə çəkdisə, ürəyində çəkdi. Hüzr məclislərində isə elə bayatı çəkərdi ki... Deyərdin, axı, Ağabacı nənəmdə bu sözlər hardandı. Sən demə, dərd güc gələndə lal dilləri də açarmış. Ağabacı nənəmə dərd gələndə otağa çəkilər, başını taxta sandıqdan çıxartdığı paltarların üzərində əyərək səssizcə ağlayardı. Biz nəvələr isə pəncərədən nənəmizin seyrini vurar, heç nəyi anlamazdıq. İllər keçəndən, yaşa dolandan sonra hiss elədik ki, Ağabacı nənəm qəlbində dağ boyda kədər gəzdirirmiş. Ürək gərəkdi ki, bu boyda ağrını gəzdirə bilsin.

1918-ci il mart soyqırımı gözlərinin qabağında olmuşdu. Gözlənilmədən ətraf kəndləri dəniz tərəfdən top atəşinə tutmuşdular. Əri Ağacan Əzimov (bu sətirlərin ata tərəfdən babası - müəl.) kəndin cavanları ilə kənddən kənara çəkilərək erməni - denikinçi dəstələri ilə vuruşurdu. Atışma qızışanda qadınlar uşaqlarını yanına alıb Osakücə meşəliyinə tərəf üz tutmuşdular. Ağabacı nənəm uşaqlardan yalnız ikisini - Babacan və Zülfünü çiyninə alıb qaça bilmişdi. Hələ bir yaşına çatmamış körpəsi Əliağanı isə Allahın ümidinə buraxaraq həyətdəki yekə nil ağacının oyuğunda gizlədə bilmişdi. 

Ağabacı nənəm ətraf sakitləşəndə evə - oğluna tərəf qaçır. Görür ki, körpə hələ də sakitcə uyuyur. İllər keçdi, övladları yaşa doldu. Dörd oğul övladından təkcə Əliağa Əhədov müharibədən qayıtdı. Babacan, Zülfü və Əjdər 1941-1945-ci illərdə faşistlərlə vuruşmada həlak olmuşdular. Nənəmin sandıqdan çıxartdığı geyimlər isə 1942-ci ildə müharibənin qurbanı olmuş sonbeşik oğlu Əjdərin nişan paltarları imiş...

Soyqırımı günlərində kənddə təkcə Əhməd Əkbərovun beşatılanı varmış. O, köməksiz insanları müdafiə edə-edə onları Osakücə meşəliyinə tərəf apara bilmişdi. Ağabacı nənəm danışardı ki, Əhməd Əkbərov qohumumuz Hacı Hacıhüseyn Gəncəli oğlunun öldürüldüyünü eşidib dərhal hadisə yerinə qaçır. Hacı Hacıhüseyn kəndin hörmətli, nüfuzlu ağsaqqallarından idi. Aclıq illərində o, qonşu Astraxanbazara (indiki Cəlilabad rayonu) gedərək, oradan gətirdiyi taxılı savabına imkansız ailələrə paylayardı. Gecə qaranlığında atəşin parıltısına erməni quldurları Əhmədin gizləndiyi yeri gülləyə tuturlar. Əhməd gülləsi tükənənədək vuruşmuşdu. Onun ölümünə bütün kənd ağlayırdı.

Ağabacı nənəmin dediyinə görə, dənizdən top mərmilərindən biri Molla Davudun evinə düşmüşdü. Xoşbəxtlikdən mərmi partlamamış, tüstülənə-tüstülənə sönmüşdü. Amma təsirindən Molla Davud "Yasin" oxuyan yerdə keçinmişdi. Bir yaşında olan qızı Balabəyim beşikdə yatmışdı. Köməyə gələn qonum-qonşu tüstüdən boğulmaqda olan körpəni tələm-tələsik beşik qarışıq evdən çıxarmağa nail olmuşdular. Balabəyim 1968-ci ildə 50 yaşında vəfat edib.

Vilvan kəndində yaşayan ana tərəfdən babam Əmənulla Əzimov danışardı:

– 1918-ci il mart-aprel ayları idi. Kəndimizə bir dəstə atlı gəlib cavanları bir yerə yığdı. Onlar rus və başa düşmədiyimiz dildə danışırdılar. Şıvkunovu ilk dəfə onda gördüm. Dəstə bizi başına yığıb Ləkər körpüsünədək müşayiət etdi. Ali Əzimov, Mikayıl Quliyev, Davud Rəhimov, Mahmud Şərifov və başqaları da bizimlə idilər. Hərəmizə bir tüfəng verib dedilər ki, səngər qazın, vuruşacaqsınız. Biz düşmənin kimlər olduğunu bilmirdik, amma itaət edərək səngər qazdıq. Bizə güllə verməmişdilər. Deyirdilər ki, patronu «düşmən» yaxınlaşanda verərik. Qaranlıq düşərkən özümüzü Ləj meşəliyinə tərəf verdik, oradan özümüzü kəndə çatdırdıq. Bundan qəzəblənən şıvkunovçular Girdəni, Veravul və Vilvan kəndlərini top atəşinə tutdular. Vilvan kəndində bir neçə ev yandı, ölənlər də vardı.

 Adamlar Osakücə meşəliyinə çəkildiyindən tələfat çox olmadı. Atışma sakitləşəndə Şıvkunov öz quldur dəstəsi ilə yenidən kəndə gəldi, tüfəngləri istəyirdi. Ağsaqqalların təkidi ilə silahları qaytardıq. Gülləmiz olsaydı quldurlarla döyüşərdik, amma o vaxtlar güllə tapmaq müşkül məsələ idi. Şıvkunovun əmrinə itaət etmədiyimizə görə bizi ağaca sarıyıb öldürmək istəyirdilər. Amma təsadüfən kəndimizə gələn İbi İbayevin partizan dəstəsi onlarla döyüşə girdi. Nəticədə Şıvkunovun dəstəsi qaçmaq məcburiyyətində qaldı.

 Ləkər körpüsü ətrafında 10 nəfər öldürülmüş, kəndə yaxın tərəflərdə 5 ev yandırılmışdı. Təsadüfi deyildir ki, buradakı qanlı döyüşlər barəsində söz də qoşulmuşdur. El-obada deyilən sözlər bu gün də yaddaşlarda qalmışdır. Yas yerlərində qadınlar göz yaşlarını tökə-tökə deyirdilər:

Girdəni elə bir kənd idi,

Dörd yanı gülbənd idi.

Xaraba qalsın o Ləkər,

O da bir səngər idi.

Veravul məktəbinin direktoru Şahrza Abdullayev mart soyqırımı hadisələrindən ürək ağrısı ilə danışardı:

- Girdəni kəndində, Ləkər körpüsünə tərəf uzanan yerdə, Əli meydanı adlanan ərazidə bazar yerləşirdi, - dedi. - Qəzanın Ucarud tərəfindən və digər yerlərdən gələnlər bazara öz mallarını çıxarırdılar. Vilvandan olan Boylu qızı Gülbanu ilə Girdəniyə gedirmiş. Yolda arabanı gülləyə tuturlar, ata və qızı vəhşicəsinə qətlə yetirilir.

                                           ***

Lənkəranın keçmişi ilə bağlı tarixçi-müəllim Əlibala Nurullayevlə neçə-neçə maraqlı yazı hazırlamışıq. Sonra Lənkəran Ağasaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov da bizə qoşuldu. 2014-cü ildə birgə hazırladığımız «Gərmətük salnaməsi» kitabı işıq üzü gördü. Maraqlı kitabdır. Nələr yazılmayıb bu kitabda?! Vaxt olub ki, igidlər silaha sarılıb qaçaq-quldurlarla, erməni daşnakları ilə mübarizə aparıblar. Sonra partizan dəstələri yaradaraq pusquya keçiblər. Bu dövrdə camal Paşanın qərargahı Gərmətükdə Kərbəlayı Nurullanın evində yerləşirdi. Qərargahı 300 nəfərdən çox döyüşçü mühafizə edirdi. 

 - Qəni Nurullayev (1905-1998), Əbülqasım Qasımov (1911-2001) camal Paşanı yaxından görmüşdülər, - Əlibala müəllim deyirdi. - camal Paşa sağlam bədənli, eyni zamanda sərt və qəddar olmuşdur. O, hətta öz əsgər və zabitlərinə qarşı çox amansız imiş. Qanun-qaydanı pozanı qırmancla döyür, ayaqlarını fallaqaya saldırardı. camal Paşanın yarımmetrlik uzunluğunda bəzəkli bir əl ağacı vardı. Onu həmişə əlində oynadardı. Həm yürüşdə, həm də döyüşdə ordunun qabağında olardı və deyərmiş: «Gavur gülləsi mənə dəyməz.» Yay-qış soyuq su ilə çimərmiş.

camal Paşa inqilabi hərəkata qoşulanlara, oğrulara qarşı amansız idi. O, Gərmətükdən olan Hüseynəli Şirəli oğlunu və Digah kəndindən olan qırmızı partizanların başçısı Məm­mədəli Əkbərovu Güləli cabbar oğlu­nun həyətində ağaca sardırmışdı. Belə bir vaxtda Məmmədəli Əkbərovun Şilavardakı babası Məşədi Ağarəhim el arasında böyük hörmət və nüfuz sahibi olan Məşədi Qasıma (müəllim Əbülqasım Qasımovun babası - red.) onların əvf edilməsində kömək göstərməsini xahiş edir. Ağsaqqallar əllərində «Quran» camal Paşanın yanına gəlirlər. Bu vəziyyəti görən kənd camaatı da onlara qoşulur. camal Paşa gəlişlərinin məqsədini soruşduqda Hacı İsa axund deyir:

– Paşa əfəndiləri, biz bilirik ki, bizim müsəlman qardaşlarımız olan sizlər, öz müsəlman qardaşlarınız olan bizləri xilas etməyə gəlmisiniz. Allah sizlərə yar olsun. Biz səni bu müqəddəs «Quran»a and veririk ki, ölüm təhlükəsi altında olan, ağaclara sarıdığınız bu iki gənci əvf edəsiniz. cavandırlar, səhv ediblər, daha belə hərəkətlərə yol verməzlər.

camal Paşa camaatın diqqətinin onda olduğunu gördükdə müsəlmanların xilaskarı kimi, «Quran»ı alıb gözlərinə tərəf aparır və üç dəfə öpür. Bundan sonra cavanları azad etmək haqqında göstəriş verir (Sərhad Məmmədov, Əlibala Nurullayev, Etibar Əhədov. Gərmətük salnaməsi, B., 2014, səh. 76).

 

 

                                      ***

 

Qarşımızda səhifələri çoxdan saralmış bir kağız var. 1917-1918-ci illərdə Lənkəranda fəaliyyət göstərmiş qırmızı partizanların siyahısıdır. Siyahını bizə ötən əsrin 90-cı illərində dostum Hacı İdris cəfərovla Veravul kəndində olarkən əmisi Şükür cəfərov verib. Dediyinə görə, onu Digah kəndindən olan qayınatası Əhməddən alıb.

XIX əsrin ortalarından yerlərdə soyğunçuluq, talançılıq artmışdı. Erməni quldur dəstələri ilə mübarizə məqsədilə yerlərdə partizan dəstələri yaradılmışdı. Partizan təşkilatının gizli qərargahı Digah kəndində yerləşirdi, rəhbəri Bəhram Ağayev, qərargah rəisi Məmmədəli Əkbərov idi. Onlar qırmızı partizanları bir araya yığıb dəstələri birləşdirmişdilər.

Hər kənddə üç-dörd nəfərin tüfəngi ya olar, ya olmazmış. Çoxu da yaba, dəryaz və digər dəmir alətlərlə silahlanmışdı. 

Bu da siyahıda adları qeyd edilmiş və erməni-quldur dəstələri ilə mübarizə aparmış qırmızı partizanların adı: Məmmədəli Əkbərov, Əmrəli Əkbərov, Rəsul Musayev, Əbülfəz Qədirov, Bayram Qulu oğlu Məmmədov, Mirzəhəsən Heydərov, İsaq Məmmədov, Fərzi Qafarov, Rəzi Əsədov, Əhməd Məmmədov, Məmmədqulu Məmmədov, İsrafil Şükürov, Məcid Ramazanov, Feyzulla Əsgərov, Seydəli Mirəsgərov, Səttar Hüseynov (Bağırov), Səfərəli Şıxəliyev, Cabbar Əsədov, Fridrix Şeffer, Əli Şıxəliyev, Güləsi Məmmədov, Telman, Baloğlan, Barat…

Lənkəranın digər yerlərində yaradılmış partizan dəstələrində komissar Şükür, Nəsir Haqverdiyev, İlyas Axundzadə, Məmmədağa Kazımov, Səfərəli Köçəri oğlu, Salman Əkbərov, Ağa Məmmədli, Həşım Sadıqov, Əli Məmmədov, Mütəllim Kələntərli, Həmid Talışinski, Mustafa Quliyev, İosif Ponomaryov, Moisey Siviridov, İbrahim İsazadə, Tapışkin, Yaqub Şahbazi, İsgəndər Səmədzadə, Əhməd Axundov, Sara Medvedeva, çəkməçi Abdulla Mirzəyev, Əkbərxan Talışlı, Mikayıl Bağırov, Karapetov, Ağa Talışinski, İsmayıl Qənbərov, Abdulxalıq, Xudadat, İzzət Əliyev, Ələkbər Əliyev, Ələsgər Əliyev, Qulamhüseyn Qasımov, Ağamir Kazımov, Hacıbaba Əliyev, Ələsgər Fərzəliyev, Musa Ağayev, Musa Axundov, Zülfüqar Əhmədzadə və başqaları müxtəlif yerlərdə fəaliyyət göstərən gizli bolşevik təşlkilatlarının üzvü idilər.

Ötən əsrin 70-ci illərində şair Mirzə İsmayıl Qasirin nəvəsi, geoloq-mühəndis İshaq Axundov siyahı ilə maraqlandığımızı görüb dedi ki, 1937-1938-ci illərdə qırmızı partizanların əksəriyyəti «xalq düşməni» adı ilə həbs edilmişdi. Bir qismi Bakıda güllələnmiş, digərləri isə sürgün edilmişdilər. Sürgündən siyahıda adı çəkilənlərdən Şirəli Axundov, İsgəndər Səmədzadə, Həşim Sadıqov və Fridrix Şeffer qayıtmışdılar. Sürgünlük dövründə onların da sağlamlıqları itmişdi.

                                              ***

Ötən əsrin 80-ci illərində Gərmətük qəsəbə sakini Məmmədəli Məmmədov Bakı Dəmiryol vağzalında 1918-ci ildə onların kəndindəki qırğında iştirak etmiş yükdaşıyan bir erməni ilə rastlaşır. Erməni kənddəki məscidin yanında Kərbəlayı Nurullanın ikimərtəbəli evini necə yandırdığından danışır. Kərbəlayı Nurullanın nəvəsi Əlibala müəllim Bakıya gələrək erməninin sorağına düşür. Qarabağ hadisələrinin təzə-təzə vaxtları imiş. Dəmiryol vağzalında ona deyirlər ki, Rostom Xaçaturyan adında həmin şəxs Montində yaşayırdı, hadisələrdən bir qədər əvvəl ölüb. 

Məlum olur ki, Rostom Xaçaturyan Kərbəlayı Nurullanın evini qarət edib, aparmağa gücü çatmadığına görə bədənnüma güzgünü sındırıb və binaya od vurub. Ermənilər gedəndən sonra qonşular evi yanğından xilas etmişdilər. Sonralar həmin ev türk zabiti Camal Paşanın qərargahına çevrilmişdi. 1920-ci il aprel inqilabından sonra bina "Qadınlar klubu" üçün ayrılmışdı. Klubun sədri Qızıpaşa (Qızı Qasıməli qızı Novruzova) idi. Camal Paşanın iqamətgahında əyləşdiyinə görə, ona Qızıpaşa adı verilmişdi. Qızıpaşa 1922-ci ildə Azərbaycan qadınları nümayəndələri ilə birlikdə Moskvada V.İ.Leninlə görüşmüşdü.

Tarixçi-müəllim Ə.Nurullayevin məlumatına görə, Gərmətük kəndinin çayqırağı qəbiristanlığında denikinçi əsgərlərdən birinin güllə ilə vurulması qırğın üçün bir bəhanə oldu. Bununla əlaqədar araşdırma yazılarımız bir sıra mətbuat orqanlarında, o cümlədən «Gərmətük» (B., 2007), «Gərmətük salnaməsi» (B. 2014), «Lənkəran: ensiklopedik məlumat» (B. 2017) və s. kitablarda öz əksini tapmışdır. 

Velədili Mirsalam Gərmətükə gələrək xəbər verir ki, ermənilər gəlirlər, ehtiyatlı olsunlar. Vahiməyə düşən silahsız adamlar rayonun dağ kəndlərinə - o cümlədən, Yuxarı Nüvədi, Sefidor, Lüvəsər, Rvo və digər yerlərə üz tuturlar.

Cavanlardan bir hissəsi kənddən çıxmır. Kəndin adlı-sanlı adamlarından biri, ikimərtəbəli evi olan Kərbəlayı Səfərəli deyir ki, bizdən taxıl istəsələr taxıl, pul istəsələr pul verərik, təki bizə dəyməsinlər.

Buna baxmayaraq, kəndə soxulan əsgərlər tabe olmayanları sorğu-sualsız gülləyə tutmuş, evləri yandırmışdılar. Yusif Fərzulla oğlunun çayxanasına və onunla üzbəüz olan İbrahim Səfər oğlunun evinə od vurulmuşdu.

Qonşuluqda Abuzər Ağababa oğlu Babayevi və onun meyitinin üstünə sərilən arvadını da güllələyirlər. Bundan ürəyi soyumayan ermənilər Kərbəlayı Səfərəli Cabbar oğlunun taxıl anbarına girərək onu güllələyib, sonra qapını bağlayaraq ikimərtəbəli evini yandırırlar. 

Əsgərlər gənc Mirəbdülvahabı həyətlərində güllələyərkən atası Mirtağı özünü oğlunun üstünə atır, Mirtağını da güllələyirlər. Bu vəziyyətdə seyidin başından düşən əmmaməni təpikləyərək meyitdən uzaqlaşırlar. Bunlara qonşu olan Məşədi Həsəni (Qurbanəlinin atası), Əhməd Əkbər oğlunu (mərhum Eyvazın ana babası), Mirmusa Mirmustafa oğlu Həsənovu, Sadıq Nəzərəli oğlunu, Musa Qasım oğlunu güllələyirlər. 

Müəllim Əbülqasım Qasımovun məlumatına görə, Balasən Lələyevin darısqal evinə yeddi cavan sığınacaq tapıbmış. Əsgərlər evin qabağından keçərkən qapının səsinə geri dönürlər. Cavanları evin qabağına düzüb güllələyirlər. Onlardan İzzət bəy Lənkəran konsulxanasında işləyirdi, fars dilini yaxşı bilirdi. İzzət babası Nəsirin (kəndin yuxarı başında yaşayan Əşrəf Axundovun atası) evinə qonaq gəlmişdi. Öldürülənlər arasında Məşədi Museyib Kərbəlayı Nurulla oğlu da vardır.

 Qəbiristanlıqda onun başdaşı üzərində belə yazılıb: "Məşədi Museyib Kərbəlayı Nurulla oğlu, 1336, rəcəb ayının 20-si, cümə günü, miladi 26 aprel 1918-ci il". Yunus Nəsir oğlu, Fətəli Şükür oğlu (Şükürün ikinci oğlu evdə, xəstə yatağında ikən boynu kəsilir), Əli Qasımlələ oğlu və başqaları da vəhşicəsinə qətlə yetirilmişlər.

 Məşədi Zülfüqar Məmməd oğlu Məmmədov (1880-1968) yaralı halda canını qurtara bilmişdi. Qaçanda güllə ayağının arxa hissəsinə dəymişdi. Qəbri, öldürülən qardaşının qəbri ilə yan-yanadır. Mikayıl Qasımov da canını qurtara bilmişdi. O, öldürülmüş qardaşı Əliyə kömək edə bilməyəcəyini görüb ağaclıqlar arasından qaçmışdı.

Şahüseyn Məmmədovun ana babası Əhməd Hacı Məhəmməd oğlu da bu faciənin qurbanıdır. Axund Hacı Asif Əsgərov onun başdaşının üzərində nəstəli xətlə ərəb əlifbası ilə yazılmış "Məşədi Əhməd Hacı Məhəmməd oğlu (hicri 1336, rəcəb ayı 20)" sözlərini oxudu. 

Balasən Lələyevin lığlı, darısqal evinə yeddi cavan sığınacaq tapıbmış. Əsgərlər evin qabağından keçərkən qapının səsinə geri dönürlər. cavanları evin qabağına düzüb güllələyirlər. 

Əlimuxtar Rəhimov atası Qənidən babası Rəhimlə bağlı bir hadisə haqqında danışaraq dedi:

- 26 aprel 1918-ci il qırğını zamanı babam Rəhim ailəsi ilə sığınacaq üçün dağ kəndi Əşləyə gəlib. Ailəni tanışının evində qoyandan sonra Gərmətükə qayıdıb. Həyətində bir erməni əsgəri ilə üz-üzə gəlib. Erməni əsgəri silahını ona tuşlayır. Rəhim cəld tərpənərək özünü küçəyə tərəf atır. Güllələr ondan yan keçərək heyva ağacına dəyir. Güllə izləri son illərədək qalmışdı.

Həmin gün kənddə 70-dək günahsız insan güllələmişdi.

Gərmətük ağsaqqalları Kərbəlayı Nurulla, Kərbəlayı İsaq, Məşədi Qasım və başqaları 26 aprel 1918-ci il qırğınından sonra gəmidə olanlarla danışıq aparmaq istəyirlər. O zaman gəmi sahildən təqribən 1 kilometr aralı dayanırdı. Gəmiyə qayıqla gedirdilər. Ağsaqqalların əlində ağ bayraq vardı. Ağsaqqalları tanıyan şəhər sakinləri məsləhət görürlər ki, gəmiyə getməsinlər, yoxsa onları da qana qəltan edərlər. Bu sözdən sonra ağsaqqallar geri qayıdırlar.

Dəhşətli faciələr Nuru Paşanın rəhbərlik etdiyi Qafqaza İslam Ordusunun Azərbaycana gəldiyi günədək davam etmişdir. Lənkəran qəzasına gələn dəstəyə camal Paşa rəhbərlik edirdi.

Tədqiqatçılar türk qoşununun Lənkərana gəlməmişdən qabaq burada «Müəllim və müəllimlərin türklərlə birliyi haqqında ittifaq»ın yaradılmasını xəbər verirlər. Onun üzvləri qəzada müxtəlif tədbirlər keçirmiş, toplanmış vəsait müsavatın fonduna köçürülmüşdür. 1919-cü il aprel ayının 4-də türklərin şərəfinə verilən konsertdə 100 min manat toplanması haqqında məlumatlar vardır.

Əlibala müəllim yazır ki, inqilabdan sonra denikinçi əsgərlərdən Lənkəranda qalanlar da oldu. Behbud adında bir nəfər kəndin inqilabçı qüvvələrinə qoşulub burada özünə məskən saldı, Nabat adlı dul qadınla ailə qurdu. Nabatın birinci əri İsa Qasım oğlu olub. Ondan iki oğlu və bir qızı vardı. Oğlanların adı Manaf (Tofiqin atası) və Əbutalıbdır. Behbud ömrünün axırınadək kənddə yaşadı. Talış dilində sərbəst danışırdı. Ona yeni həyat qurmaqda kəndin sakinlərindən Hüseynəli Məmmədov, Ələkbər Əliyev, Kəlbi Məmmədov və başqaları kömək etmişdilər. 

Camal Paşanın qərargahı Gərmətük kəndində Kərbəlayı Nurullanın evində yerləşirdi. Güləli cabbarovun ləmi istirahət üçün ayrılmışdı. Qərargahı 300 nəfərdən çox döyüşçü mühafizə edirdi. 

Türklər barabanların müşayiəti ilə oxuya-oxuya kəndə daxil olmuşdular. Mahnı belə idi:

Türk oğluyam, ölmək istərəm,

canım qurban olsun, Azərbaycana.

Torpaq tikan olsun, yatağım yerim,

canım halal olsun Azərbaycana.

Əlibala müəllim danışardı ki, Lənkəranın denikinçi rus-erməni birləşmələrindən təmizlənməsində türk qoşununun mühüm xidmətləri vardır. Gərmətük yaxınlığında belə bir hadisə oldu. Yolu azmış bir denikinçi az qala əsir götürüləcəkdi. O, Küənil kəndi tərəfində kolluğa girərək gizlənir. Tutulacağını gördükdə isə ətrafa od vurub kolluq qarışıq özünü yandırır.

Qəni Nurullayev (1905-1998), Əbülqasım Qasımov (1911-2001) camal Paşanı yaxından görmüşdülər. Onların dediyinə görə, camal Paşa sağlam bədənli, eyni zamanda çox sərt və qəddar adam olmuşdur. O, hətta öz əsgər və zabitlərinə qarşı çox amansız idi. Qanun-qaydanı pozanı qırmancla döyür, ayaqlarını fallaqaya saldırardı. camal Paşanın yarımmetrlik uzunluğunda bəzəkli bir əl ağacı vardı. Onu həmişə əlində oynadardı. Həm yürüşdə, həm də döyüşdə ordunun qabağında olardı və deyərmiş: "Gavur gülləsi mənə dəyməz." Yay-qış soyuq su ilə çimərdi.

İnqilabi hərəkata qoşulanlara, oğrulara qarşı amansız idi. camal Paşa Gərmətükdən olan Hüseynəli Şirəli oğlunu və Digah kəndindən olan qırmızı partizanların başçısı Məmmədəli Əkbərovu ələ keçirib ikinci iqamətgahı Güləli cabbar oğlunun həyətində ağaca sardırmışdı. Bu işdən xəbər tutan Məmmədəli Əkbərovun Şilavardakı ana babası Məşədi Ağarəhim Məşədi Qasıma (Əbülqasım Qasımovun babası) onların əvf edilməsində kömək göstərməsini xahiş edir. Məşədi Qasım Lütfi Abbas oğlunu çağırıb el ağsaqqalı Kərbəlayı Nurullanı Hacı İsa axundun ardınca göndərir. Onlar Məşədi Qasımın xahişi ilə əllərində "Quran" camal Paşanın yanına gəlirlər. Bu vəziyyəti görən kənd camaatı da onlara qoşulur. camal Paşa gəlişlərinin məqsədini soruşduqda Hacı İsa axund deyir:

– Paşa əfəndiləri, biz bilirik ki, bizim müsəlman qardaşlarımız olan sizlər, öz müsəlman qardaşlarınız olan bizləri xilas etməyə gəlmisiniz. Allah sizlərə yar olsun. Biz səni bu müqəddəs "Quran"a and veririk ki, ölüm təhlükəsi altında olan, ağaclara sarıdığınız bu iki gənci əvf edəsiniz. cavandırlar, səhv ediblər, daha belə hərəkətlərə yol verməzlər.

Camal Paşa camaatın diqqətinin onda olduğunu gördükdə müsəlmanların xilaskarı kimi "Quran"ı alıb gözlərinə tərəf aparır və üç dəfə öpür. Bundan sonra cavanları azad etmək haqqında göstəriş verir.

O illərin canlı şahidi Əbülqasım Qasımov dedi:

– Babam Məşədi Qasım cavanları evə gətirmişdi. Yemək tədarükünü gördükdə Məmmədəli dedi ki, səhərdən ölüm hökmünü gözləyirdik. Ac da olsaq, boğazımızdan indi heç nə keçməz. Yaxşılığa görə çox sağ olun, evdəkiləri incitməyin. 

Babam dedi ki, bu gün sizi "Quran"ın gücünə azad etdik. Bu gün, ya sabah sizi başqa bəhanə ilə yaxalaya bilərlər. Onda heç kəs sizi qurtara bilməz. Yaxşısı budur ki, bu gecədən kəndi tərk edəsiniz.

1919-cu ilin iyun ayının axırlarında general Səlimovun və camal Paşanın qoşunları Lənkəranı mühasirəyə aldılar. Avqustun 12-də şəhərə daxil oldular. Qəzanın kəndləri denikinçilərdən azad edildi.

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan bir neçə gün sonra XI Ordunun hissələri Lənkərana daxil oldular. 1921-ci ilin yanvarında XI Ordu yeni qüvvələrinin gətirilməsi hesabına Lənkəran qəzasında Sovet hakimiyyəti quruldu. «Camal Paşa Astaranın Şahağacı ilə Lənkəran yaxınlığındakı döyüşdə qətlə yetirilir. Qəni Nurullayev (1905-1988) danışardı ki, camal Paşanı öz yoldaşlarından biri, Ataxan adında bir nəfər arxadan vurmuşdu» (Ə.Nurullayev, Gərmətük, B., 2007, səh. 30 ).

                              ***

Mamusta kəndinin tarixinə yaxşı bələd olan və dünyaya bu kənddə göz açmış II Dünya müharibəsinin veteranı, kəndin ilk ali təhsilli ədəbiyyat müəllimi, qayınatam Şükür Şükürovun məlumatına görə, xalqımızın qanına susamış quldurlar 1918-ci ilin mart ayında Mamusta kəndində Bəhram Cəfər oğlunun gözünü çıxarmış, qulağını kəsmiş və onu diri-diri yandırmışdılar. Erməni quldur dəstələri kənddə axtarış apararkən gənc qız Cavahirin köməyinə gələn cavanları qətlə yetirmişdilər.

Şükür müəllim danışardı ki, bir dəfə o illərin canlı şahidi Cavahir Abdullayevanı (Məmmədova) sorğu-suala tutdum, hadisəni onun özündən eşitmək istəyirdim. Cavahiri ağlamaq tutdu. Anam mənə acıqlandı. Sən demə, silahlı əsgərlər kənddə axtarış apararkən Qurbanovların evinin yanında Cavahiri yaxalayırlar. Nəhmətin oğlanları Məmmədhəsən, Məmmədhüseyn, həmçinin Bəhram Cəfərov, Mənsim Əliyev, İsaq Cəfərov, Hacıəli Əliyev və daha bir neçə nəfər qızın köməyinə atılır və onu qaçırdırlar. 

Cavahir xəndək içi ilə kəndin şərq tərəfinə - Qoçasələ meşəliyinə tərəf üz tutmuşdu. Denikinçi rus və erməni əsgərləri tutduqları cavanları Paşa Mikayıl oğlunun dərz-çəltik komasına salaraq yandırırlar. İtaətsizliyə görə Əbülhəsən Əkbər oğlu Hümmətovu qılıncla doğrayırlar. Davud müəllimin atası meşə yolu ilə evinə qayıdarkən onu da qanına qəltan etmişdilər. Ağagül Əlihəsən oğlu və daha bir neçə mamustalı da bu faciənin qurbanı olmuşdu. Bundan sonra kəndə od vurulmuşdu. Şükür müəllim ürək yanğısı ilə deyərdi ki, yanğın nəticəsində babam Şükürün öz oğlu Yunusa bağışladığı səkkiz otaqlı ikimərtəbəli evini də yandırmışdılar.

Denikinçi rus və erməni əsgərlərinin qərargahı qəzanın Şıxəkəran kəndin­də Sadıq Əvəz oğlunun evində yerləşirdi. Mamusta kənd sakini Şahmirzə Cəfərov o illərin canlı şahidi idi. Söhbət zamanı o, dedi:

- Rus denikinçi əsgərlərdən ikisi kəşfiyyata çıxmışdı. Onlardan biri öldürülmüş, digəri isə yaralamışdı. Bundan qəzəblənən denikinçi rus və erməni əsgərləri kəndimizə hücum çəkərək talançılığa başladılar. Çoxumuz yaxınlıqdakı meşəyə çəkildik. Atam Bəhram cəfər oğlu da bu faciənin qurbanı oldu. Onun qulağını kəsib, gözlərini çıxartdıqdan sonra yandırmışdılar. 

                                         ***

Jurnalist Hacı Mehman Fərzullayev babası Ayazın dediklərinə istinadən danışır ki, o günlərdə Kərgəlan kəndində 70 kişini çay qırağında al-qana boyamışdılar. İsmayıl Əliyev, Əli Ağayev, Mahmud Əzizov, Mirqulamhüseyn Miriyev, İsa Qurbanov, Fərzəli Quliyev, Mikayıl Əliyev və başqaları bu faciənin qurbanıdırlar. "Həmin günlərdə Əliyevlərin məhəlləsində bir gəlinin paltar yuduğunu görən erməni daşnakları həyətə hücum çəkirlər. Qayınata gəlini tez xalçaya büküb evin küncünə söykəyir. Əsgərlər gəlinin yerini demədiyinə görə, qayınatanı tüfəngin qundağı ilə vurub öldürmüşdülər. Bu kişi hazırda kənddə yaşayan Əliyevlərin babası olub, gəlin isə 1970-ci ilə kimi ömür sürmüş Səriyyə nənə idi". Şaban Şəfiyevin "Tarixlə üz-üzə" kitabında bu barədə qeydlər öz əksini tapıb (B.1999, səh. 64).

                                           *** 

Ermənipərəst Şıvkunov el arasında hörməti, nüfuzu olanları aradan götürməkdən çəkin­mirdi. Qonşu Veravul kəndində yaşayan istefada olan qvardiya polkovniki Mirməhəmmədrza xan (Miri bəy) Mirfərəculla bəy oğlu Talışxanovu (şair Ağamir Cavadın babası) ətraf yaşayış məntəqələrində də yaxşı tanıyırdılar. Müəllim Vaqif Cavadov nənəsi Miri bəyin qızı Mirşərəf xanımın dediklərinə əsaslanaraq danışardı:

- Nənəm deyərdi ki, yay günü həyətimizə bir əsgər girdi. Həyəcanlı idi, ağamı - Miri bəyi soruşdu. Ağama dedi ki, Şıvkunov səni öldürəcək, aradan çıxmaq lazımdır. Ağam qulluqçunu göndərib Mirmusa xanı çağırtdırdı. Mirmusa gələn kimi ağam üzünü ona tutaraq dedi:

- Uşaqları da götür amburə meşəsində (dəmirağac meşəsi - müəl.) gizlən, Şıvkunovun əsgərləri meşəyə girməyə ehtiyat edərlər.

Mirmusa xan etiraz etdi, ağama buyurdu ki, onsuz getməyəcək. Ağam ciddi görkəminə mülayim ifadə verdi, qarşısındakı kitabı vərəqlədi, dedi:

- Şıvkunov harada olsa, məni tapacaq. Siz aradan çıxın, mənə görə başqaları əziyyət çəkməsin. Həyatımın çoxunu yaşamışam...

İki gün sonra yaraqlı-yasaqlı bir dəstə atlı həyət qapısında görünəndə Miri bəy "Quran" oxuyurmuş. Alov bir andaca kəndin üstünü alır, sonra qəfil güllə əks-səda yaradır. Güllə səsindən, alov tüstüsündən bilirlər ki, Şıvkunovun quldur dəstəsi kəndə girib.

Miri bəy son nəfəsinədək Şıvkunovu sülhə, ədalətə, Allahın qəzəbindən qorxmağa çağırıbmış. Şıvkunov isə Miri bəyin sözlərini qulaq ardına vuraraq, onu amansızcasına qətlə yetirib.

Başından dəyən güllədən Miri bəy otağın ortasında "Quran" üstünə yıxılmışdı. Alnında qılınc yarası vardı. Onu sürüyə-sürüyə həyətin ortasına çəkmişdilər. Kitablarını isə ortaya çəkib süngü ilə deşik-deşik edərək yandırmışdılar.

İbi İbayevin partizan dəstəsinin gəlişindən sonra Şıvkunovçular aradan çıxmışdılar. Buna baxmayaraq, hər iki tərəfdən ölən və yaralananlar olmuşdu.

Veravul ağsaqqalı Rəsul Məşədi Rza oğlu Xəlilov o illəri xatırlayaraq dedi:

- Kəndimizin və ətraf yaşayış məntəqələrinin sakinləri Osakücə meşələrinə çəkilmişdilər. Mən onda on bir yaşında idim. Yadımdadır, iki gecə Osakücə meşəsində qaldıq. Sonra xəbər gəldi ki, düşmən bizə tərəf gəlir. Oradan Moloja meşəliyinə tərəf qaçdıq. Buradakı meşə sahəsində üç gün gecələdik. Möhkəm qar yağmışdı. Soyuq iliyimizə işləyirdi. Sonra eşitdik ki, kənd fəalı Abbas Hüseynov Cil kəndi yolunda bir qrup naməlum şəxslə üz-üzə gəlib. Quldurlar Abbasın müqavimət göstərdiyini görüb onu güllə ilə vurmuşdular. Tahir Qulamoğlu da bu faciənin qurbanı olmuşdu.

                                       *** 

Maraqlıdır ki, lənkəranlı qadınlar da erməni daşnakları ilə mübarizə aparmış, hünərdə heç də kişilərdən geri qalmayıblar. Rayonun Tükəvilə kəndindən Vəsmican Məmmədova, Veravul kəndindən Səkinə xanım at çapmış, tüfəng oynatmış, yaşadıqları kəndi qaçaq-quldurlardan, erməni daşnaklarından qorumuşlar. Tükəvilə kəndindəki özünümüdafiə dəstələrindən birinə Vəsmican Məmmədova rəhbərlik edirmiş (M. Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat, B.2017, səh. 475).

Vəsmican Əmirqulu qızı Məmmədova 1896-cı ildə Lerik rayonunun Mondigah kəndində anadan olmuş, əri, Lənkəranın Tükəvilə kəndindən olan Novruz Əbdül oğlu Məmmədovla kəndin qaçaq-quldurlardan, erməni daşnaklarından qorunmasında iştirak etmiş, 1918-1920-ci illərdə ayrı-ayrı vaxtlarda camaat tərəfindən təşkil olunmuş dəstəyə rəhbərlik etmişdi. 1977-ci ildə dünyasını dəyişib. Məzarı Lənkəranın Tükəvilə kənd qəbiristanındadır.

Bir dəfə qabaqcıl maarif xadimi İsa Ağayevlə Lənkəran mərkəzi xəstəxanasına getmişdik. Vaxtilə erməni quldur dəstələri ilə vuruşda iştirak etmiş anası Rübabə xanım əməliyyat olunacaqdı. 

1977-ci ildə ona vurulmuş iynə qolunda fəsad törətmişdi. Rübabə xanım ayağa qalxanda həkim-cərrah İlham Qubadova dedi ki, daşnak və qaçaq-quldurlarla vuruşan o qadın mənəm. İndi isə taqətim qalmayıb. Bu gün onlar həyatda yoxdurlar. Ölümdən qorxmuram. Gəlmişik, getməliyik. İnsana qalan yaxşı işlər olacaq. Siz də sağlamlığın qədrini bilin.

 Rübabə Ağayeva haqqında qəzetimizin 2000-ci il 15 may tarixli nömrəsində maraqlı bir yazı dərc etdik. İsa müəllim yazırdı ki, anam cəsarətli qadın olub, kənd qadınları ilə qaçaq-quldurlarla vuruşmuş, onların kəndə daxil olmalarına imkan verməmişdilər.

                                ***

...1974-cü ilin yaz günlərindən biri idi. Bənövşələr bahar həsrətilə torpaqdan baş qaldırmışdı. Həmin günlərdən birində Lənkəranda gözlənilməz partlayış səsindən yer-göy lərzəyə gəldi. Onun sədası ətraf yaşayış məntəqələrində də eşidilmişdi. Yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb tökülmüşdü. Dedilər ki, əsgərlər təlim keçirlər. Əslində belə deyildi. Adamlar hadisəni hələ tam təsəvvürə gətirə bilmirdilər. Az sonra həmin istiqamətdə rayonun məsul işçilərinin görünməsi hadisənin ciddiliyindən xəbər verirdi. Rayonun Aşağı Nüvədi qəsəbəsində top mərmisi partlamışdı. Bu, elə bir dövr idi ki, SSRİ bütün dünyaya meydan oxuyurdu. Bəs mərmi buraya haradan gəlib çıxmışdı, partlamasına səbəb nə idi? Əsl həqiqət sonralar, ölkədə Qarabağ hadisələri yaşananda üzə çıxdı. Sən demə, bu, erməni daşnaklarının 1918-ci il mart-aprel aylarında Lənkəranda törətdikləri soyqırımının daha bir sübutu imiş. Amma o vaxtkı sovet rejimi hadisəni qabartmadı, əsl həqiqəti xalqdan gizlətdi. 

Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində anılması çox qaranlıq məsələləri üzə çıxartdı.

Araşdırmalar göstərdi ki, 1918-ci il martında Lənkərana gələn rus-erməni daşnakları quldur Şıvkunovun dəstəsi ilə əlaqəyə girərək şəhəri dənizdən və sahildən top atəşinə tutmuşdular. Top mərmilərindən biri rayonun Aşağı Nüvədi kəndindəki bicarlığa - yumşaq torpaq üstünə düşərək partlamayıb, illərlə orada qalıbmış. Sonralar həmin yerdə kəndin sakini Şöhüb Məmmədov yaşayış evi tikdirmiş, ailəsi ilə orada sakin olmuşdu. Evin xanımı top mərmisini dəmir parçası bilərək, yanında ocaq qalamışdı. 1918-ci ildən naməlum şəraitdə qalmış mərmi düz 56 il sonra - 1974-cü ildə partlamış və faciə ilə nəticələnmişdi. Ailənin əkiz qız uşaqlarından biri həlak olmuşdu.

                                     ***

1918-ci il hadisələri tariximizin qanlı faciələrindəndir. Tariximizin həmin anları unudulan deyil. Həqiqət gec-tez üzə çıxır, haqq qalib gəlir. Qalibiyyət bizim tərəfimizdədir.

Əgər səsimizi vaxtında çıxartsaydıq, yəqin ki, ermənilər cəsarət edib 70 ildən sonra yenidən baş qaldırmazdılar.

Hələ o dövrdə Lənkəranda yaradılmış Fövqəladə İstintaq Komissiyası baş vermiş qanlı faciəni araşdırmağa çalışsa da, mövcud hakimiyyət buna imkan verməmişdi. Səbəb Sovetlər dövründə xalqlar dostluğunun təbliği olmuşdur. Amma fakt faktlığında qalır. Zaman keçsə də, xalq əsil həqiqəti bilməyə can atır. 

Son vaxtlar erməni millətçiləri bütün dünyaya səs salaraq, törətdikləri vəhşilikləri ört-basdır etməyə çalışırlar. Tarix sübut edir ki, qanlı faciələr erməni daşnakları tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. 

Hacı Etibar ƏHƏDOV,

“Aşkarlıq” qəzetinin baş redaktoru

Lənkəran

 





Qan yaddaşı