1918-ci il mart soyqırımı tarixinə bir nəzər

post-img

Tariximizə qanla yazılan 1918-ci il Mart soyqırımı hadisəsi üzərindən yüz ildən artıq zaman keçsə də, yenə də öz həqiqətləri ilə qan dondurmaqdadır. Heç şübhəsiz ki, tariximizə laqeydliyimiz XX əsrin əvvəlində olduğu kimi, sonunda da bu cür faciələri təkrar yaşamağımızla nəticələnmişdi. Bundan sonra isə artıq belə faciələri yaşamamaq üçün tarixdən doğru nəticə çıxarılması zəruridir. Məhz bu zərurət də təkrar-təkrar 1918-ci ilin mart günlərinə qayıdaraq həmin vaxt  soyqırımının hansı səbəblərdən və necə baş verməsi üzərində düşünməyə ehtiyac yaradır. 

“Qanlı mart”a doğru aparan hadisələrin silsiləsi 1917-ci il Rusiya Fevral inqilabı ilə başlamışdı. Oktyabr ayında Rusiyada bolşeviklərin hakimiyyəti ələ keçirməsi  tezliklə Cənubi Qafqazda  siyasi və milli qüvvələrin fəaliyyətinə ciddi təsir etmişdi. 

1918-ci il fevralın 23-də Zaqafqaziya Seyminin fəaliyyətə başlamasından az müddət sonra martın 3-də  Sovet Rusiyası  ilə Almaniya arasında Brest-Litovsk sülhünün imzalanması Cənubi Qafqazda siyasi qüvvələr arasında münasibətlərin kəskinləşməsinə təsir etmişdi. Bakı münasibətlərin həll oluncağı məkana çevrilmişdi. 

Sülhə görə Sovet Rusiyasının  Qars, Ərdahan və Batumdan imtina etməsi bu ərazilərə iddialı olan Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığını  üz-üzə qoymuşdu. Osmanlı dövlətinin sadalanan əraziləri tutması erməni və gürcülərin müqavimətinə səbəb oldu. Toqquşma qaçılmaz idi. Bu vaxtdan etibarən  də Azərbaycan milli qüvvələrinin Osmanlının müttəfiqi olması fikri Bakı Sovetinin tərkibində yer alan sosialistlərin (eser, menşevik və bolşeviklər olmaqla) və daşnakların ağlına hakim kəsilmişdi. 

Brest-Litovsk müqaviləsinə əlavə olaraq imzalanmış müqavilənin 1-ci maddəsinin 5-ci bəndində əsasən, Rusiya tərəfi öz üzərinə müharibə zamanı rus qoşunlarının tutduğu türk ərazilərində və Rusiya hüdudlarında erməni könüllü dəstələrini tamamilə tərksilah edib buraxılması barədə öhdəlik götürmüşdü. Lakin tezliklə aydın oldu ki, bolşevik hakimiyyəti yenə də, erməni muxtariyyətinin reallaşdırılmasını dəstəkləyir, dolaysıyla Bakıda bolşeviklərin və daşnakların alyansına ilkin əsas yaradırdı. 

Zaqafqaziya Seyminin açıldığı gün bolşeviklərin Tiflisdə etiraz mitinqi dağıdıldıqdan sonra Qafqazın Müvəqqəti Fövqəladə Komissarı kimi fəaliyyəti faktiki olaraq uğursuzluqla nəticələnən Stepan Şaumyan martın əvvəlində Bakıya dönmüşdü. Məhz bu dövrdə Bakıda bolşeviklərlə daşnakların stiuativ alyansı baş tutdu. 

Sözügedən alyansı şərtləndirən amillərdən  biri Şimali Qafqazda baş verən siyasi proseslər idi. Burada dağlıların milli lideri Nəcməddin Qotsinskinin Petrovsk şəhərini tutmasından sonra Bakının həm Şimali Qafqazla, həm də Saritsınla əlaqəsi kəsilmiş, Bakının ərzaqla təhcizatı işində böhranı dərinləşdirmişdi.   

Alyansı şərtləndirən digər bir amil bolşeviklərin Bakıda mütləq  hərbi gücə sahib olmaması idi. Qafqaz Ordusu  Hərbi İnqilab Komitəsinin Tiflisdən Bakıya köçməsindən sonra Bakı Sovetinin hərbi qüvvələrinin təşkili prosesi sürətlənmişdi. Artıq martın sonlarında Bakı Sovetinin hərbi qüvvələrin sayı qvardiya, qırmızı ordu hissələri və donanma ilə birlikdə 7 mindən çox idi. Lakin bu Bakı Soveti üçün kifayət deyildi.

Bolşeviklərin kifayət qədər hərbi qüvvəsi olmasa da, Türkiyə ilə müharibəyə  göndərilmək üçün Bakıda cəmlənən xeyli erməni hərbi qüvvəsi var idi. Belə ki, 1917-ci ilin dekabrın sonlarından Petroqraddakı Erməni Hərbi Komissarlığı tərəfindən Qafqaza erməni korpusunun ünvanına silah və sursat göndərilirdi. Bakının limanı, dəmiryol stansiyası, neft mədənləri ələ keçirilərdisə, bütün regionda hərbi-siyasi vəziyyətə nəzarət imkanı yaradılmış olardı. Elə həmin vaxtdan Bakıda 2-ci erməni ehtiyat alayının formalaşması başlanmış, fevralın ortalarında isə onun zabit heyəti tam olaraq təşkil edilmişdi. Bəzi mənbələrə görə  həmin vaxt artıq Bakıda 10 minə yaxın erməni əsgəri toplaşmışdı. Martın əvvəlindən Erməni hərbi komissarlığı üzvləri olan yüksək rütbəli erməni hərbiçiləri (A. Baqratuni, İ. Baqramyan və digərləri) Petroqraddan Bakıya gəlmişdilər.  Lakin Yelizavetpol quberniyası ərazisində, Zaqafqaziya dəmir yol xəttinin buradan keçən hissəsinə Azərbaycan milli qüvvələrinin nəzarət etməsi (tamamilə olmasa da) erməni hərbi qüvvələrinin hərəkətinə maneə yaratmışdı. Məhz belə vəziyyətdə martın 15 -də Bakı Sovetinin geniş iclası çağrılmış və burada  S. Şaumyan Bakı Sovetinin yaxın planlarını açıqlamışdı. O, Cənubi Qafqazın Rusiyadan ayrılması təhlükəsinin olduğunu və bunun da əsas səbəbkarlarının Azərbaycan milli qüvvələri olduğunu bildirmişdi. İclasda həmçinin  Bakı Soveti İcariyyə Komitəsinə ayrı-ayrı milli hərbi hissələrin ləğvi və ya şəhərdən çıxarılması və şəhərin bütün hərbi hissələrinin Bakı Sovetinə və Qafqaz Ordusu Hərbi İnqilab Komitəsinə tabe etdirilməsi məqsədi ilə tədbirlərin görülməsi tapşırılmışdı. 

Bir sözlə, sonda həm bolşeviklərin, həm də daşnakların maraqlarını təmin edən nəticə əldə edilmişdi. Həmin vaxt Şaumyan Bakı Sovetinin hərəkətə keçməyəcəyi halda gözlənilən nəticəni bu cür izah edirdi: “O, (Bakı Soveti – A.Ə.) əksinqilabçılara qarşı mübarizəyə qalxmasa, onlar özləri bizim üstümüzə gələrlər. Axı, müsəlman millətçiləri Bakını Azərbaycanın paytaxtına çevirməyi arzu edirlər”.

Onu da qeyd etmək lazımdır ki, mart hadisələri ərəfəsində Şaumyan muxtariyyət məsələsində müsəlmanlara güzəştə getmək barədə Stalindən məktub almışdı. Məktub yenicə “Orta Asiya və Bakının Fövqəladə Komissarı” təyin edilmiş P.A. Kobozev vasitəsilə çatdırılmışdı. Stalin mövcud şəraitdə hətta burada müsəlmanlar muxtariyyət tələb etsələr, mərkəzdə və yerlərdə sovet hakimiyyətini tanımaq şərtilə muxtariyyət verilməsini lazım bilmişdi. Lakin Bakı Soveti rəhbəriyinin bu məsələdə mövqeyi Stalinin mövqeyi ilə üst-üstə düşmürdü.

Bu zaman müsəlman sosialistlər açıq şəkildə federativ  Rusiyanın daxilində muxtariyyat şuarını səsləndirsələr də, onların zəifliyi bu siyasi şüarı da eşidilməz etmişdi.  Halbuki 1918-ci ilin yanvarında III Ümum-Rusiya Sovetlər Qurultayında Rusiya Federativ Sovet Respublikası elan edilmişdi. Bu milli muxtariyyatların sovet variantlarının yaradılması üçün hüquqi əsas verirdi  və Azərbaycanda da bunu həyata keçirmək prinsipcə mümkün idi. İdeoloji səbəblərdən dolayı Müsavat partiyasının rəhbərlik etdiyi milli siyasi qüvvələrin “Azərbaycan  muxtariyyəti” şüarının gerçəkləşdirilməsindən isə söz gedə bilməzdi. 

Şəhərin idarəçiliyini öz əlində cəmləyən Bakı Soveti 1918-ci ilin yanvar və fevral ayları boyunca Bakı quberniyası ərazisində öz hakimiyyətini yaymağa calışırdısa da, buna nail ola bilmirdi. Bu zaman bütün Qafqazda olduğu kimi, Azərbaycan qəzalarında da demək olar ki, anarxiya hökm sürürdü. Formal olaraq Zaqafqaziya Seyminin idarəçiliyi altında olan qəzalarda Azərbaycan milli qüvvələrinin mövqeyi möhkəmlənməyə başlasa da, mütəşəkkil hərbi gücə malik olmayan Azərbaycan milli qüvvələri ümumən vəziyyətə nəzarət edə bilmirdilər. Azərbaycanlıların quberniya ərazisində mütləq üstünlüyünə baxmayaraq milli siyasi qüvvələrin siyasi hakimiyyətə və hərbi gücə malik olmaması  əhalini köməksiz vəziyyətdə qoymuşdu.

Bu zaman Lənkəran və Muğanda müsəlmanlar və rus kolonistləri arasında əməlli-başlı qarşıdurma yaranmışdı. Həmin vaxt İranın şimalında yaşayan şahsevən tayfaları ərzaq qıtlığı səbəbindən mütəmadi olaraq Arazdan şimaldakı ərazilərə, xüsusən Muğana basqınlar edirdilər. Burada yaşayan kolonistlərin və müsəlmanların təsərrüfatları qarət olunurdu. Baş verən toqquşmadan istifadə edən kolonistlər hücum edərək müsəlman kəndlərini yandırmağa başlamışdılar. Bəzi qəzet məlumatlarında bu ərazidə 7 müsəlman kəndinin yandırıldığı barədə xəbər yer almışdı. Martın 14-də Bakı Soveti Lənkərana hərbi dəstə göndərmişdi. Rus kolonistlərin nümayəndələri gəmiyə gələrək həyacanla Cavad qəzasında müsəlmanların rusları qırdıqlarını söyləmişdilər.

Eynilə Şamaxı qəzasında gərginlik hökm sürürdü. Martın ikinci yarısında Bakıya gələn Şamaxı qarnizon rəisi Bakı Sovetindən aldığı silahlı dəstə və çoxlu silahlarla geri qayıtmışdı. Ardınca Bakı Sovetinin 1200 nəfərlik dəstəsi oraya göndərilmişdi. Vəziyyətin gərginliyini nəzərə alan Müsavat partiyasının və Partiyalararası komitənin üzvləri də martın 26-da Şamaxıya gəlmişdilər. Sözügedən dəstə ilə danışmaqlar nəticə verməmiş, əksinə vəziyyət pisləşmişdi. 

Mart ayı boyünca qəzalardan gələn həyacanlı xəbərlər Bakıda  əhalinin müxtəlif qrupları arasında müxtəlif cür qəbul olunur və şəhərdə gərginlik yaradırdı. Bu cür xəbərlər həm müsəlman, həm də qeyri-müsəlman əhalinin hisslərini coşdururdu. 

Mart soyqırımı bilavasitə “Evelina” gəmisində müsəlman hərbçilərinin tərksilah edilməsindən sonra müsəlman əhalinin buna sərt reaksiyası ilə başlamışdı. Belə ki, Lənkəranda olan təqribən 300 nəfərlik müsəlman divizonunun bir qrup əsgər və zabiti həmin divizionda xidmət edən və silahdan istifadə zamanı ehtiyatsızlıq üzündən ölən H.Z Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfnində iştirak etmək üçün martın 27-də Bakıya gəlmişdi. Ayın 29-da həmin dəstə “Evelina” gəmisi ilə yenidən Lənkərana yola düşməyə hazırlaşarkən Bakı Soveti dəstəni tərksilah etmək məqsədi ilə limana tərkibində çoxlu erməni olan silahlı qvardiyaçılar göndərmiş və dəstə tabe olmaq istəmədikdə qvardiyaçılar güclə silahları onlardan almışdılar. 

Qeyd etmək lazımdır ki, müsəlmanların hərbi qüvvələrinin təşkili həmin vaxt heç kəsə sirr deyildi. Bu proses 1917-ci ilin sonlarından başlamışdı. Ərzincan barışığından sonra Qafqaz cəbhəsi dağılmağa başlayırdı və 1917-ci il dekabrın 6-da (19 dekabr) Zaqafqaziya Komissarlığı Bakıda və Dağıstanda yaranmış vəziyyəti müzakirə edərkən bolşevizmə qarşı mübarizənin kəskinləşdirilməsinin zəruri olduğu və milli hərbi qüvvələrin yaradılmasının labüdlüyü bildirilmişdi.  Erməni və gürcü hissələrinin mövcud ordu hissələri əsasında komplektləşdirilməsi başlansa da, azərbaycanlıların belə hissələri yox idi. 1917-ci dekabr ayının 11-də də  Zaqafqaziya Komissarlığı Müsəlman korpusunun yaradılması barədə qətnamə vermişdi. Korpusun komandiri təyin edilən  və dekabrın 31-dən Gəncəyə gələn Əliağa Şıxlinski korpusun təşkili ilə məşğul olmağa başlamışdı. İlk olaraq Gəncədə yerləşən 219-cu alay, sonradan isə Lənkəran qəzasındakı 4-cü və 7-ci sərhəd alayları tərksilah edilmişdi. Müsəlman Hərbi Qərargahı milli diviziyanı təşkil etmək üçün martın 10-da Tiflisdən Bakıya gəlmişdi. Tərkibinin böyük əksəriyyətini rus zabitləri təşkil edən heyətə general X.Talışınski başçılıq edirdi. Həmin vaxt Bakı Soveti İcraiyyə Kmitəsinin sərəncamı ilə heyət üzvləri və X.Talışınski həbs edilsə də, müsəlman əhalinin ciddi narazılığına səbəb olduğundan o, N.Nərimanovun və M.H.Vəzirovun zəmanəti ilə azad edilmişdi.  Qarşıdurma yaratmaq istəməyən müsəlman hərbçilər isə Lənkərana köçürülmüşdü. 

Martın 29-da müsəlman əsgərlər tərksilah edildikdən sonra hadisə barədə məlumat ildırım surəti ilə şəhərə yayılmışdı, ertəsi gün ayın 30-da şəhərin müxtəlif yerlərindən narazı əhalinin pərakəndə şəkildə toplaşması başlanmışdı. Əvvəlcə, səhər saat 9-da Təzəpir məscidində müsəlmanlar mitinq etmişdilər. Orada 12 nəfərlik bir nümayəndə heyəti seçilərək Bakı Soveti İcraiyyə Komitəsinə axşam saat 6-yadək silahların qaytarılması barədə tələb verilməsini qərara alınmışdı. Daha sonra saat 12-də həmin mitinqdən çıxan nümayəndələr və əhalinin müşayəti ilə Azərbaycan milli siyasi qüvvələrinin əsas məkanı olan İsmailiyyə binasına gələrək siyasi təşkilatlardan silahların qaytarılmasına nail olmağı tələb etməyə başlamışdılar. 

Qarşı tərəf isə cəld şəkildə qüvvələrini səfərbər etməyə başlamışdı.Martın 30-da Hərbi İnqilab Komitəsi və Bakı Soveti İcraiyyə Komitəsi rəhbərliyi Q. Korqanovun başçılığı altında  Bakı şəhəri mədən –zavod rayonlarının İnqilabı Müdafiə Komitəsi adlı qurum yaradılmış və S.Şaumyan, P.Caparidze, İ.Suxartsevdən ibarət bu komitəyə sağ eserlərdən S.Saakyan, daşnaklardan S.Melik-Yolçiyan, hümmətçilərdən isə N.Nərimanov dəvət olunmuşdular. 

Bu zaman Bakıda Müsəlman Milli Komitəsinin işini əhali arasında ciddi nüfuzu olmayan müsəlman sosialistlərin digər siyasi partiyalarla birgə fəaliyyət göstərdiyi Partiyalararası Komitə görürdü. Kütlələrə təsir gücünə malik Müsavat partiyasının lideri M.Ə. Rəsulzadə və milli qüvvələrin bir sıra nüfuzlu nümayəndələri bu vaxt Tiflisdə Zaqafqaziya Seymində idilər. Milli qüvvələrin aparıcı liderlərindən biri olan Ə.Topçubaşov özü son iki ayda ağır xəstə olduğundan şəhərin ictimai-siyasi həyatında iştirakdan müəyyən qədər uzaqlaşmışdı. Bu amillər narazı müsəlman əhalini idarəedilməz vəziyyətdə qoymuşdu. Üstəlik, yuxarıda qeyd edildiyi kimi, qəzalardan gələn xəbərlər əhalini qəzəbləndirirdi. Bakının müsəlman əhalisinin, ən əsası da onun özünü millətə və ümmətə görə məsuliyyətli hiss edən hissəsinin müsəlmanlara qarşı yaranan təhlükəni (həm dinə, həm millətə qarşı) aradan qaldırmaq üçün Azərbaycan milli siyasi qüvvələrindən, eləcə də, əhalinin “başbilənləri”ndən tələbi də tamamilə haqlı və başadüşülən idi. Milli siyasi qüvvələrin hərbi gücünün azlığını nəzərə almayan bu qüvvələr müsəlmanları daha çox müsəlmançılığın xilası naminə mübarizəyə səsləyirdilər. Öz gördüklərini 1919-cu ildə qələmə alan S. Axundzadə əhalinin küçələrə çıxaraq “…rus milli firqəsi (partiyası) bizim qoşunun silahlarını təhvil verib özü də burdan getsin” tələbini irəli sürdüyünü yazır. Göründüyü kimi, əslində ayağa qalxan əhalinin timsalında xalq mövcud vəziyyətlə barışmayaraq, Bakı Sovetinin artıq fevral ayının sonlarından möhkəmlənən hakimiyyətinin devrilməsini istəyirdi. 

Baş verənlərin qanlı hadisələrə səbəb olcağını aydın dərk edən N.Nərimanov ayın 30-da səhər Təzəpir məscidi və İsmailliyyədəki mitinqlərdən sonra öz evində iclas çağırmışdı. Saat 12-də Şaumyan da iclasa  gəldikdə N.Nərimanov ondan vəziyyəti sülhlə yoluna qoymağı və silahların müsəlman siyasi təşkilatlarına verilməsini xahiş etmişdi.  

Bu arada ermənilərin bəzi addımları müsəlmanları çaşdırmışdı.  Belə ki, İsmailiyyə binasında olan toplantıya gələn Bakının keçmiş qradonaçalniki H.Ter-Mikaleyan Erməni Milli Şurası və Daşnaksütyun partiyası adından müsəlmanlara bolşeviklərə qarşı çıxacaqları halda ermənilərin onlarla birlikdə bolşeviklərin şəhərdən qovulmasına kömək edəcəklərini bildirmişdi. Faktiki olaraq isə erməni siyasi qüvvələri burada təxribatçı addım atmışdılar. 

İcmailiyyədə olan yığıncaq Təzəpir mitinqinin seçdiyi 12 nəfəri qəbul olunmuş tələbnamə ilə Bakı Soveti İcraiyyə Komitəsinə göndərmişdi. Müsəlman sosialistlərin cəhdləri ilə sonda silahların qaytarılması barədə razılaşma əldə olunacağı halda, yenidən müsəlmanları tərəddüdə salan məsələ ortaya çıxmışdı. Belə ki, Erməni Milli Şurasının  nümayəndəsi Ter-Qazarov müsəlman nümayəndələrinə müraciət edərək birgə fəaliyyət göstərmək yollarını müzakirə etməyə çağırmışdı. Onun şuranın göndərdiyi məktubda “Bakı sizin şəhərinizdir, burada biz heç nəyə çalışmırıq. Biz birgə hərəkət etməliyik” sözləri yazılmışdı. 

Şəhərdə toqquşma olacağını bilən Erməni Milli Şurası tərəfindən əhalinin müdafiəsi məqsədlə erməni hissəsi sahələrə bölünmüş, onlara rəislər təyin edilmişdi. Toqquşma olacağı təqdirdə kəndlərdən müsəlmanları şəhərə buraxmamaq məqsədi mövqelər seçilmişdi. 

Görünürdü ki, müsəlmanlar ermənilərin mövqeyini düzgün qiymətləndirə bilməmişdilər. Çünki şəhərdə bir neçə ay ərzində gərgin vəziyyətdə hər kəsin öz təhlükəsizliyini qorumağa cəhd etməsi təbii görünürdü. Siyasi qüvvələrin təxribata getməmək çağırışlarına riayət edənlər isə elə müsəlmanlar olmuşdu.

Hadisələrin sonrakı inkişafı müxtəlif milli və siyasi təmayüldən olan şahidlərin yazılarında təfərrüatlı şəkildə təsvir olunmuş və elmi tədqiqat əsərlərində təhlil edilmişdir. Qırğının gedişatı, nəticələri, ermənilərin törətdiyi vəhşiliklər barədə geniş bəhs olunduğundan burada təkrarçılığa yol verməyə ehtiyac qalmır. Sadəcə, hadisənin mahiyyətini daha aydın izah edən bir sıra məqamları qeyd etmək lazım gəlir. Belə ki, qırğınlar zamanı artilleriyadan və pulemyotlardan istifadə edilməsi müsəlmanlara kifayət qədər tez sarsıdıcı təsir göstərmişdi. Həm Ermənikənd tərəfdən ermənilər, həm Xəzər Hərbi Donanmasının gəmiləri müsəlman məhəllələrini top atəşinə tutmuşdular. Donanmanın hadisələrə qoşulması daşnakların təxribatı ilə baş vermişdi. Daşnak təşkilatı adından Hərbi İnqilab Komitəsinə məlumat verilmişdi ki, İçərişəhərə yaşayan xristianlar müsəlmanlar tərəfindən məhv edilib və malları qarət olunub. Bundan sonra komitənin əmri ilə donanma həmin istiqaməti bombardman etmişdi.

Müsəlmanlara qarşı “vuruşan” tərəflərin hər birinin məqsədləri və “müsəlmanlara qarşı qəzəb”in səbəbləri də fərqli idi. Bakıda qalmağa məcbur olan rus əsgərləri (Onlar müsəlmanlarını dəmir yolları bağlamaqda ittiham edirdilər), sinfi düşmənlə mübarizə aparan rus qvardiyaçıları, “milli düşmən”inin qanına susayan erməni əsgərləri və böyük nifrətlə və “entuziazm”la ona qoşulan şəhərin erməni əhalisinin demək olar ki, bütün kasıb və varlı, savadsız və savadlı hissəsinin qəzəbi bir hədəfə – müsəlman əhali üzərinə yönəlmişdi. Qırğınlarda erməni əhalisinin bütün təbəqələri iştirak edirdi. 

Qeyd etmək lazımdır ki, müsəlmanlar tərəfindən əvvəlcə müqavimət göstərilmişdi. Müqavimət göstərənlərin xeyli hissəsini isə müsavatçı fəhlələr təşkil edirdi. Müsavat və ya milli qüvvələr barədə tarixşünaslıqda aydın bir fikir və dəqiq rəqəm əldə edilməmişdir. Fikrimizcə, bolşeviklərin qeyd etdiyi “milli qüvvələr” və ya “vəhşi diviziya” adları onların müsəlmanların daxil olduğu  qeyri-nizami silahlı qüvvələrə verilən  ümumi ad idi. Əslində, bu qüvvələrə milli hərbi dəstə şəklində cəm olan və imtiyazlı təbəqələrdən olan könüllülər dəstəsi, könüllü müsavatçı fəhlələr (Müsavat qvradiyası), Bakı qoçuları və onlara qoşulmuş hücuma məruz qalaraq ailəsinin müdafiəçisinə çevrilən ayrı-ayrı şəxslərin pərakəndə kiçik dəstələri daxil idi. Azərbaycan milli hərbi qüvvələrinin təşkili prosesi getsə də, onun komplektləşdirilmiş şəkildə nizami ordu hissəsi kimi mövcudluğundan danışmaq olmazdı. Lakin hər halda qətliam vaxtı Bakıda bolşevik-daşnak qüvvələrinə müqavimət göstərən bir hərbi güc mövcud  idi və faktiki olaraq xalq müqavimətini həyata keçirmişdi.

Nəhayət, 36-cı Türküstan polkunun tələblərindən və dənizçilərin hədələrindən, Bakı Soveti İcraiyyə Komitəsinin sədri P.Caparidzenin fəal müdaxiləsindən sonra qırğın dayandırılmışdı. Hətta dənizçilər qırğınını dayandırmayacaqları təqdirdə şəhərin ermənilər yaşayan məhəllələrini top atəşinə tutacaqları ilə hədələmiş, “Ərdəhan” və “Krasnovodsk” gəmiləri isə bu məqsədlə limana yaxınlaşmışdı.

Aprelin1-də saat 1-də İnqilabı Müdafiə Komitəsi “Müsavat və digər milli qruplara” ünvanlı ultimatum vermişdi. Ultimatumda Bakı Sovetinin hakimiyyətinin sözsüz olaraq qəbul edilməsi, “Vəhşi dviziya”nın Bakı və rayonları ərazisində dözülməz olması, digər müsəlman milli hissələrinin, eləcə də, erməni hissələrinin şəhəri tərk etməsi və ya Sovetə tamamilə tabe edilməsi, Bakı-Tiflis və Bakı- Petrovsk dəmir yollarının açılması üçün təcili tədbirlərin görülməsi tələbləri var idi. 

Müsəlmanların təslim olduqları aydın olduqdan sonra, artıq bolşevik hakimiyyətinə “təhlükə” qalmadığına görə bundan sonra şəhərdə vəziyyətin nəzarətdən çıxmaması üçün dərhal tədbirlər görülməyə başlanılmışdı. 

Artıq istədiqklərinə nail olan bolşeviklər S.Şaumyanın rəhbərliyi altında Bakı Sovetinin şəhərdə Sovet Rusiyasının yerli hökumətini –  Bakı Xalq Komissarları Sovetini (XKS) təşkil etdiyi elan etdilər. Bununla da Azərbaycanın bir hissəsində qan hesabına sovet hakimiyyəti bərqarar oldu.

Bolşeviklər Bakıda mövqelərini möhkəmləndirdikdən sonra Şaumyan aprelin 13-də Rusiya XKS-nə məktubunda yazırdı: “....Cənubi Qafqazın taleyi həll olunurdu. Əgər onlar qalıb gəlsəydilər şəhər Azərbaycanın paytaxtı elan olunar və bütün qeyri-müsəlman əhali qırılardı. Müsəlman əks inqilabçılar Cənubi Qafqazda ağalıq edərdilər”. Daşnakların iştirakının “müharibəyə müəyyən qədər milli qırğın xarakteri verdiyini” qeyd edən Şaumyan öz siyasətinə haqq qazandıraraq bildirirdi: “...bundan qaçmaq mümkün deyildi və biz şüurlu surətdə buna getdik”. Aprelin 19-da Bakı Sovetindəki çıxışında isə “şəhərin milli tərkibinin onları (bolşevikləri – A.Ə) qorxutduğu”nu bildirən Şaumyan: “...qələbə o qədər böyükdür ki, gerçəkliyə az kədər gətirir” –, deyə, öz addımlarına bəraət qazandırırdı.  

Göründüyü kimi, Bakıda öz hakimiyyətlərini itirməmək və Azərbaycan milli demokratik hərəkatını boğmaq üçün ən sərt üsuldan – siyasi qüvvəni dəstəkləyən sosial bazanın məhvi və ya ən azı onun sarsıdılması üsuluna üstünlük verən bolşeviklər daşnaklarla alyansa girərək faktiki olaraq bir milli qrupdan digərinə qarşı istifadə etmişdilər. Bunu daşnak lideri H. Kaçaznuni özü də etiraf edirdi: “Bolşeviklərə qarşı real qüvvəni iki partiya – Müsavat və Daşnaksütyun təşkil edirdi. Lakin bolşevizmə qarşı uğurlu mübarizə üçün bu partiyaların birləşməsi lazım idi. Bu isə ağılasığmaz idi, cünki onlar arasında qarşılıqlı inam və etibar yox idi.” 

Bakıda bolşeviklərin bu “taktiki addımı”nı Stalin də tənqid etmişdi. Bolşevik Hüsü Hacıyev yazırdı: “Yadımdadır ki, Stalin mənə dedi ki, görünür, biz Bakıda çox qala bilməyəcəyik, çünki, milli müharibə xarakteri alan mart hadisələri çox uğursuz oldu. O dedi ki, siz bir milli qrupu digərinə qarşı qaldırmaqla səhv yanaşma etdiniz”.

Sonda qeyd etmək lazımdır ki, erməni millətçiliyi və bolşevizmin ideologiya və  prinsiplərinin vəhdəti nəticəsində həyata keçirilən, 12 mindən çox azərbaycanlının məhvi ilə nəticələn 1918-ci il Mart soyqırımı Azərbaycanın yalnız bir hissəsində – Bakıda bolşevik Rusiyasının hakimiyyətinin bərqərar olması ilə nəticələnsə də, lakin bu eyni zamanda Azərbaycan milli hərəkatının keyfiyyətçə yeni mərhələsinin başlanmasına təkan olmuşdu.  

Beləliklə, 1918-ci ilin martında Azərbaycan xalqı Bakının müsəlman əhalisi timsalında öz iradəsini nümayiş etdirmişdi. Bu səbəbdən də, Mart hadisələri  öz siyasi nəticəsinə görə azərbaycanlıların sadəcə mənfur bolşevik-daşnak alyansının törətdiyi soyqırımının qurbanı olması deyil, eyni zamanda xalqın tarixin imtahanından qalib çıxdığını təsdiq edən hadisədir.

Aygün Əzimova

AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru


 

Qan yaddaşı