Millətin səmasında ulduza çevrilənlər

post-img

Bütün cəmiyyətlərdə ölüm yalnız insanlar arasında bərabər bölünür, çünki hamı onu dadır. Bütün canlılar və insan övladı ölmək üçün doğulub. Qarşımda yol var və bu yol da öləcək. Yalnız əziz şəhidlər ölmür, heç vaxt ölməyəcək! Şəhidlər ölümsüz olur, təkcə onlar əbədi doğulurlar, əbədiləşiblər. Əbədiyyət nəğməsinə çevrilərək əfsanələşən, indi yalnız Elman atanın və Hicran ananın deyil, hər birimizin övladı, əzizi olmaq haqqını qazanmış Bəhrəm və İman qardaşları məhz belə ölümsüz qəhrəmanlarımızdandır.

Onlar düşmənə arxa çevirmədilər, kürəklərini bir-birinə söykəyib qəhrəmanlığın, mərdliyin böyüklüyünü bəyan etdilər. Bu ailə tablosunun şəkili idi. O şəkiili şəhid qardaşlarının valideynləri çəkmişdi, o şəkildə ailə tərbiyəsinin, Vətənə bağlılığın, müqəddəs amallar uğrunda yaşamağın cizgiləri var idi. Bunun nəticəsi kimi onlar ali təhsilini yarımçıq qoyub ölkəmizin düşmənlərinə Vətən dərsi keçdilər, Vətəni necə sevməyi, necə qorumağın ustad dərsini yaşatdılar!

Onların hekayəsi sadəcə iki gəncin həyat yolu yox, bir millətin yaddaş kitabına yazılan ölməz sərlövhədir. Bu gün hər bir ana Bəhrəmin, hər bir ata İmanın timsalında öz övladını görür. Çünki onların igidliyi, sədaqəti, torpağa sevgisi bütün bir xalqın mənəvi gücünə çevrilib. Şəhid qardaşların adı indi səngərlərdə deyil, məktəblərin lövhələrində, sinif otaqlarında, uşaqların dilində yaşayır. Onlar bizə təkcə döyüşməyi deyil, bir olmağı, inamı, vətənə məhəbbətin ən saf formasını öyrətdilər.

Bu gün Bəhrəm və İman haqqında danışmaq Vətən haqqında danışmaq deməkdir. Vətən onların nəfəsində, son baxışında,  gülümsəyən şəkillərində yaşayır. Əsl ölümsüzlük də elə budur, torpaq səni qəbul edir, amma səni heç vaxt unutmur.

Sadə, kasıb, amma mənəviyyatca zəngin olan valideynlərinin gözlərinin nuru iki igid övlad Bəhrəm və İman Məmmədzadə qardaşları torpaq sevgisini hər şeydən üstün tutaraq, Rusiyada davam etdirdikləri təhsili yarımçıq qoyub Vətənin səsinə səs verdilər. Onların ürəyi səngər üçün döyünürdü, çünki hər qarış torpaq, hər dağ silsiləsi, hər bulaq pıçıltısı onları çağırırdı. Vətən yanırdı, onlar bu alova tərəddüds etmədən atıldılar. Döyüş bölgəsində briqada komandiri onlara baxıb dedi: “İkinizdən biri döyüşməlidir, biri arxa cəbhədə qalsın.” Amma Bəhrəm və İman üçün bu qərar mümkün deyildi. Onlar qardaşlıqdan da artıq bir ruhun iki parçası, bir ürəyin iki döyüntüsü idilər. “Bizdən birimizi döyüşdən ayırmaq, birimizi nəfəsdən ayırmaq kimidir. Bizi yalnız ölüm ayıra bilər” dedilər. O sözlər əsgər andından da müqəddəs, şəhidliyin başlanğıcına yazılmış bir cümlə idi. Elə həmin cümlənin təntənəsini tarix Xocavəndin Qırmızı Bazar qəsəbəsində və Çütçü kəndinin döyüşlərində yaşadı. Qardaşlar eyni səngərdə, eyni səma altında, eyni amal uğrunda vuruşdular. Düşmənlə üz-üzə gələndə biri yaralandı, digəri onu döyüş meydanında qucaqlayıb sarımaq istədi. Lakin həmin an düşmənin gülləsi ikisinə birdən toxundu  və  bir-birinə sarılıb şəhid oldular. Qardaşların son nəfəsi, son baxışı , son duası bir idi, Vətən!

Bu mənzərə bir ailənin faciəsindən bütöv bir xalqın qürur salnaməsinə çevrildi. 

Çünki qardaşlar vətənpərvərliyin ən saf, ən səmimi simvolu oldular. Onların adı yaddaşımıza qəhrəmanlıq dastanı kimi həkk olundu. Bu gün hər ana, hər ata, hər gənc onların hekayəsində öz övladını, öz borcunu, öz Vətən sevgisini görür. Elman ata və Hicran ananın evindən iki ocaq sönmədi, əksinə, o ocaqlardan iki alov qalxdı, millətin səmasında ulduza çevrildi. Zaman keçəcək, amma Bəhrəm və İman bu xalqın yaddaşında yalnız şəhid kimi deyil, vətəni canı ilə sevənlərin timsalı kimi yaşayacaqlar. Qəhrəman qardaşlarımızın igidliyi sadəcə tarixdə qalmadı, bugünümüzdə və gələcəyimizdədir. Bəhrəm və İman qardaşları bizə göstərdi ki, Vətən sevgisi hər şeydən uca və müqəddəsdir. Hər addımımızda onların ruhu bizə yol göstərir, hər nəfəsimizdə onların qüruru bizimlədir. Şəhidlər ölmür, Bəhrəm və İman kimi, onlar hər zaman qəlbimizdə, Vətənin hər zərrəsində və zirvəsində yaşayır.

Nə qədər ürəklər döyünür, nə qədər torpaq nəfəs alır Bəhrəm və İman daim bizimlədir, əbədi, ölümsüz və ilham verən qəhrəmanlar kimi. Ruhları hər addımımızda yolumuza işıq salır, hər sözümüzdə, hər düşüncəmizdə bizi birləşdirir və vətən sevgisini daha da ucaldır. Onların igidliyi bizə göstərdi ki, həqiqi qəhrəmanlıq təkcə döyüş meydanında deyil, hər gün yaşadığımız həyatın hər anında, ürəyimizdə, xatirələrimizdə davam edir.

Mehrab Dadaşov







Sosial həyat