Zuvand ərazisində bu bağlar elmi əsaslarla becərilir
Zuvand ərazisi uca dağların, sıldırım qayaların əhatəsində yerləşir. İqlimi rayonun digər ərazilərindən tamamilə fərqlənir. Yayı mülayim quru, qışı soyuq keçir. Bu yerlərdə yayın ən qızmar dövründə temperatur 15-20 dərəcədən yuxarı qalxmır. Kəndin münbit torpağı, quru iqlimi bağçılığın inkişafı üçün əlverişlidir.
Sovet dönəmində görkəmli torpaqşünas alim, akademik Həsən Əliyev dəfələrlə Zuvandda olmuş, bu yerlərin torpaq örtüyünü tədqiq etmişdir. Akademikin tövsiyəsi və məsləhətləri əsasında ilk dəfə rayonun Zərinqala kəndində 10 hektar sahədə badam bağları salınmışdır.
O dövrdə uzun illər rayonda rəhbər vəzifələrdə işləmiş, el ağsaqqalı Həmzə Şıxəliyevin oğlu, tanınmış tibb alimi, bacarıqlı səhiyyə təşkilatçısı Alim Şıxəliyev akademik Həsən Əliyevin Lerikdə kənd təsərrüfatının inkişafına göstərdiyi əvəzsiz xidmətlərindən danışaraq dedi:
– Yaxşı xatırlayıram, 1970-ci illərin ortalarında Həsən müəllim tez-tez Lerikə gələrdi. Məhz onun təşəbbüsü ilə rayonumuzda üzüm və badam bağları salındı. Həsən müəllim yaxın dostu, bacarıqlı təsərrüfatçı kimi ad çıxarmış Həmzə müəllimə Zuvandın təbiətinin, iqliminin Ordubad rayonunun iqliminə çox oxşadığını deyərək ərazidə badam ağaclarının əkməsini tövsiyə edib. Beləcə, Zuvandda badam bağları salınıb. Yeri gəlmişkən, təkcə Zuvandda deyil, o illərdə qonşu Qosmalian, Yuxarı Anburdərə və digər kəndlərdə də badam bağları salınıb.
Alim Şıxəliyev sonra vurğuladı ki, Azərbaycan təbiətinin vurğunu olan görkəmli akademik hər dəfə Lerikə gələndə yolunu badam bağlarına salır, agacların vəziyyəti, inkişafı ilə yerindəcə maraqlanırdı. O vaxt ildə orta hesabla bağlardan 30 tondan artıq məhsul yığılırdı.
Böyük təbiətşünas alimin yadigarı olan badam bağları bu gün Lerikdə necə qorunur? Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Zuvand Dayaq Məntəqəsinin müdiri Elxan Nurullayev sualımızı belə cavablandırdı:
– Üstündən yarım əsr keçsə də, hörmətli Həsən müəllimin təşəbbüsü ilə salınan badam bağlarını qiymətli yadigar kimi qoruyub saxlayırıq. Artıq şəxsi təsərrüfatlarda da badam ağacları əkilir, meyvəçiliyin bu gəlirli sahəsinin inkişafına böyük önəm verilir.
Yeni salınan badam bağları ilk illər əsasən 5-6 ildən sonra məhsul verməyə başlayır. Tam məhsula düşmüş bir badam ağacından 5-7 kiloqram, bir hektar badam bağından isə 3 tondan 4,2 tona kimi məhsul toplamaq mümkün olur. Badamın bir kiloqramı 5-7 manata satıldıqda, hektardan 2500-2800 xalis gəlir əldə etmək mümkündür.
Şirin badam əsasən təzə halda yeyilir. Acı badamdan badam və efir yağları alınır. Bu məhsullar ətriyyat, əczaçılıq sənayelərində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Acı badam ləpəsində olan amiqdalin alkaloidin mədə, bronxial astma, ciyər və qulaq xəstəliklərinin müalicəsində səmərəli nəticələr verir.
Bəli, bu gün Lerikdə badamçılığa maraq çox artıb. Şəxsi təsərrüfatlarda yeni bağların salınmasına, onların intensiv şəkildə becərilməsinə önəm verilir.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

