1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi, amma iradəsi sınmadı, milli ruhu sarsılmadı. Bu qanlı olay Azərbaycan tarixinə qara hərflərlə yazılsa da, axıdılan qanlar müstəqilliyimizə gedən yolun qırmızı lenti oldu. 20 Yanvar şəhidləri gənclərimiz üçün də nümunədir. Onlar ölümləri ilə özlərindən sonrakı nəslə böyük bir vətənpərvərlik məktəbi qoyub getdilər. Bəs xalqımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın – “Azadlıq qaranquşları”nın qəhrəmanlığı gənc nəslin tərbiyəsində, dünyagörüşündə hansı izləri buraxıb? Bu sualın cavabını 1990-cı ildən sonra dünyaya gələn gənclərin dilindən eşidək.
Yaponiyada təhsil alan 24 yaşlı Yaqut Şəkizadə bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinin həm ən faciəli, həm də ən şərəfli günlərindən biridir: “Bu gün xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilmiş, eyni zamanda, milli ruhumuzun gücünü, birliyimizi və əyilməzliyimizi dünyaya nümayiş etdirmişdir. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə, insanlığa qarşı törədilmiş bir cinayət idi. 20 Yanvar faciəsi hər nə qədər dəhşətli olsa da, Azərbaycan xalqının azadlıq ruhunu qıra bilmədi. Əksinə, bu hadisə milli birliyi daha da möhkəmləndirdi və müstəqillik yolunda dönüş nöqtəsi oldu.
Azərbaycan Dillər Universitetinin tələbəsi Günay Mustafazadə: “20 Yanvar faciəsindən artıq 35 il keçir. Lakin bu qətliam heç vaxt unudulmadı, xalqımızın yaddaşında əbədiləşdi. Azərbaycan xalqı hər il bu dəhşətli faciəni xatırlayır. Mən və yaşıdlarım 20 Yanvar hadisəsinin şahidi olmamışıq. Amma böyüklərimiz o qəhrəmanların, oğul və qızların Vətən sevgisini və sönməyən ümidlərini bizə örnək göstəriblər. Hər bir azərbaycanlı bu gün sahib olduğumuz müstəqilliyin, demokratik dövlətdə yaşamağın hansı mücadilələr bahasına qazanıldığını unutmamalıdır. On illər ötsə, nəsillər dəyişsə də 20 Yanvar şəhidlərinin xatirəsi ürəklərdə yaşayacaq”.
Milli Təhsil Texnologiyaları Mərkəzində çalışan Amil Hüseynli: “Düşünürəm ki, 20 Yanvar hadisəsi azadlığın qanla qazanıldığını göstərən nümunədir. Həmin gecə insanlar əliyalın tankların qarşısına çıxaraq, azadlıq uğrunda canlarını fəda etdilər. Yəni bilərəkdən ölümə getdilər. Müstəqilliyimizin əldə olunmasında onların fədakarlığı danılmazdır. O qanlı gecəyə aid videolar və şahidlərin danışıqları xalqımızın həmin gecə zülmə məruz qaldığını göstərir. Valideynlərimdən və müəllimlərimdən eşitdiyimə görə, hadisə baş verən günü televiziyanın enerji blokunu partladıblar ki, xalqın nələrin baş verdiyindən xəbəri olmasın. Allah xalqımıza bir daha belə ağrı-acılı günləri yaşatmasın”.
“Heydər Əliyev böyük cəsarətlə 20 Yanvar faciəsinin hüquqi və siyasi qiymətini verdi. O, bu tarixə milli şərəf və qəhrəmanlıq rəmzi kimi yanaşdı”. Bu sözlərin müəllifi gənc tarix müəllimi Nərgiz Əhmədova deyir ki, işlədiyi tədris ocağında şagirdlərinə 20 Yanvarın yalnız faciə deyil, həm də qəhrəmanlıq tarixi olduğunu aşılayır: “Həmin dövrdə baş verənlər bizə milli iradənin və birliyin nəyə qadir olduğunu göstərdi. Şəhidlərimizin xatirəsini yaşatmaq və onların uğrunda mübarizə apardıqları dəyərləri qorumaq hər bir azərbaycanlının mənəvi borcudur. Şəhidlər xiyabanı –xalqımızın azadlığı və müstəqilliyi uğrunda canından keçənlərin uyuduğu məkan indiki və gələcək nəsillərimizin ziyarətgahı, and yeridir.”.
Azərbaycan Dillər Universitetinin tələbəsi Rüqəyya Babayevanın fikrincə, hər bir xalqın tarixində ağır illər və dirçəliş dövrü olur: “Qanlı Yanvar gecəsi Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. O dövrün şahidlərinin dilindən eşitdiyimiz, qanlı hadisələri əks etdirən filmlərdən və fotoşəkillərdən izlədiklərimiz yaddaşımıza əbədi həkk olub. Üstündən 35 il keçsə də biz o müdhiş gecənin səslərini eşidirik. Həm də bu gün bayrağımızın yüksəklikdə qürurla dalğalandığını görürük”.
* * *
Onların arzuları sönmədi, gerçəkləşdi. Şəhidlik zirvəsinə yüksələrək Haqq dünyasına qovuşanların ruhları bu gün şaddır. Uğrunda canlarından keçdikləri Azərbaycan bu gün müstəqil və suverendir. Qarabağı görməyən igidlərimiz də Vətən uğrunda ölümə getdilər və şəhid, qazi oldular. Azadlıq məhz belə qazanılır.
Azər MUSTAFAYEV