Şəhid şair

post-img

Müşfiqin taleyini yaşamış əminəvəsi

Həmin gecə qaniçən sovet ordusunun güllələrinə tuş gələnlərdən biri də 28 yaşlı nakam şair Cavad Yunis oğlu İsmayılov olub. O Cavad ki, şeirə, sənətə sıx bağlı olan İsmayılzadələr nəslinin nümayəndəsi, Mikayıl Müşfiqin doğma əmisi nəvəsi idi.  

Cavad fəhlə işlədiyi Bakı Şüşə Zavoduna axşam növbəsinə getmişdi. İş olmadığı üçün geri qayıdanda, o vaxtkı “XI Qızıl Ordu” (indiki “20 Yanvar”) stansiyasında metrodan çıxan kimi güllə yağmuruna düşüb. Digər cavanlartək yalın əllə tankların üstünə şığıyıb ki, qadınları, qızları əzməsinlər. Yaralandığı üçün xəstəxanaya çatdırılsa da, tibb institutununn tələbə qızları ona qan versələr də, Cavad 2 gün sonra həyatını itirərək şəhid bacı-qardaşına qovuşub… 

Cavadgilin Bakının Dağlı məhəlləsindəki evlərindəyik. Böyük qardaşı Vahab İsmayılzadə (o da şairdir, gözəl şeirlər, qəzəllər müəllifidir) deyir ki, elə bil, taleyinin qəmli gələcəyi əvvəlcədən ona bəlliymiş kimi, şeirlərini Cavad Qəmli təxəllüsü ilə imzalayırdı. Bu barədə bir avtobioqrafik bayatısı da var:

Qəmlidi,

Yer də, göy də qəmlidi.

Bu qəbri soran olsa,

Deyin Cavad Qəmlidi.

Heyf ki, onun ömrü də, şeirləri də yarımçıq qaldı. Şəhidlər haqqında ilk kitabın müəllifi, həmkarım, Əməkdar jurnalist Rafiq Səməndər yazır: “Əgər şair olsaydım, Cavad haqqında bu qeydlərimi şeirlə yazardım. Qafiyə axtarmağa da çətinlik çəkməzdim. Qafiyələri Cavadın öz taleyi düzüb-qoşardı: Tale elə gətirib ki, o da Müşfiq ömrü yaşayıb, Müşfiq əcəli ilə ölüb.

Mən də öz dövrümün bir Müşfiqiyəm,

Artıq yorulmuşam, yoxdur taqətim… – deyib.

Cavadın da, 15 yaşında ikən Sibirə sürgün edilmiş atası Yunis Dağlının da, qardaşı Vahabın da yaradıcılığında sanki bir Müşfiq qanı var, Müşfiq havası, Müşfiq nəfəsi var”.

Cavad eynilə Müşfiq ruhunda şeirlər yazırdı:

Mən şair ürəkli bir yeni gəncəm,

Şüur, qabiliyyət, dəyanətim var.

Kim deyə bilər bir insana qarşı

Mənim pis əməlim, xəyanətim var?

Eh, ömür çox qısa olduğu üçün

Özümdən-özümə şikayətim var…

Sanki ömrünün yarımçıq qalacağını duymuşdu Cavad. Vahab deyir ki, o fəhlə olsa da, şeir-sənət vurğunu idi. Yazardı, amma heç kimə oxumazdı. Çox adam bilmirdi onun da şeir yazdığını. Atasından, Müşfiqin ruhundan utanardı. İki qızı onun əziz yadigarıdır – Firuzə və Əzizə. Onları xoşbəxt böyütmək üçün hər cür zəhmətə qatlaşardı Cavad. İş yerində də elə bu zəhmətkeş keyfiyyətlərinə görə hörmət qazanıbmış. 

Yeri gəlmişkən, evlərində ona həsr olunmuş guşə ilə tanışlığımız zamanı qardaşı bizə bir sənəd göstərdi. Bakı Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 1992-ci il 3 yanvar tarixli qərarının surəti idi. Orada yazılmışdı: “Şəhid xatirəsinin əbədiləşdirilməsi məqsədilə  Xətai Rayon İcra Hakimiyyətinin təklifini qəbul edərək, Bakı Şüşə Zavoduna Cavad Yunis oğlu İsmayılovun adı verilsin”. Təəssüf ki, o zaman çox keçmədən zavod bağlandığı üçün şəhər sovetinin sədri M.Əliyevin imzaladığı bu sənəd kağız parçası olaraq qalıb.

Ölməz Mikayıl Müşfiq yazmışdı: 

Həyatdan doymayan, işdən doymayan,

Əfsanə sözlərə məhəl qoymayan,

Xalq ilə titrəyən, xalq ilə gülən                                                        

Vətənçin yaşayan, Vətənçin ölən                                                              

Səmimi bir insan nə bəxtiyardır.

Sanki elə özü üçün, dostu – istiqlal şairi Əhməd Cavadın eşqinə onun adı qoyulmuş Cavad Qəmli üçün yazıb ölməz şairimiz. Onu da qeyd edək ki, qısa ömür yaşamış Cavada həsr olunmuş “Dövrümüzün Müşfiqi” adlı qısametrajlı bir film də çəkilib. Ötən il Bakıdakı 159 nömrəli məktəbdə onun xatirəsinə həsr olunan gecədə göstərilib. Şagirdlər Cavadın şeirlərini söyləyiblər. Qızı Firuzə İsmayılova Vətən uğrunda şəhid olan Azərbaycan oğullarının qəlbimizdə xüsusi yeri olduğunu vurğulayıb: “Mən də Cavadın qızı, belə bir nəslin nümayəndəsi olduğuma görə fəxr edirəm”.

Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə isə bildirib ki, Cavad və onun kimi Azərbaycan oğulları hər zaman yaşayacaq.

Əli NƏCƏFXANLI  
XQ

Qan yaddaşı