Düz 35 il əvvəl dəhşətli 20 Yanvar qırğınından sonra Bakı–Sumqayıt yolunda daha bir cinayət törədildi: zirehli tank Azərbaycanın 5 kimyaçı aliminin yol getdiyi 05-10 AQU dövlət nişanlı “Jiquli” markalı minik avtomobilini əzib keçdi.
Onlar 5 nəfər idi – İsmayıl Mursaqulov, Svetlana Məmmədova, İbrahim İbrahimov, İdris Əhmədov və Parlaq Mustafayeva. Sonuncu 2 nəfər istisna olmaqla, qalanları şəhadətə qovuşdu. Alimlər paytaxtdan Sumqayıta, birgə çalışdıqları Azərbaycan EA-nın orada yerləşən Polimer Materialları İnstitutuna gedirdilər. M.Qorbaçovun göstərişi və marşal D.Yazovun qaniçən generallarına verdiyi əmrlə Sovet qoşunlarının Bakıda törətdikləri vəhşiliklər onların hər birinin yaxın günlər üçün nəzərdə tutduqları planları büsbütün alt-üst etmişdi. Əvvəllər heç zaman siyasətə qoşulmayaraq, ancaq elmlə məşğul olan, lakin son günlər Sovet rəhbərliyinə hiddətlərini gizlədə bilməyən bu alimlər yanvarın
22-də Prezident Aparatı qarşısında keçirilən etiraz mitinqində iştirak etmişdilər. Hətta İbrahim müəllim orada söz alaraq, çıxışında M.Qorbaçov hakimiyyətinə, Bakıda günahsız həmvətənlərini gülləbaran etmiş hərbçilərin rəhbərlərinə öz kəskin etirazını və nifrətini bildirmişdi.
Tankın altına salınan “Jiquli”ni idarə edən Polimer Materialları İnstitutunun “Karbonil birləşmələr” laboratoriyasının rəhbəri İbrahim İsmayıl oğlu İbrahimov görkəmli alim idi. “Üzvi kimya” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdı. Tehranda, Varşavada, Riqada, Rostovda, elə Azərbaycanda qırğın törətmək əmrinin gəldiyi Moskvada dəfələrlə beynəlxalq və ümumittifaq miqyasında keçirilən konqres və simpoziumlarda məruzələrlə çıxış etmişdi. Hadisə yerindəcə həyatını itirib.
Sovet imperiyasının mənfur siyasətinin nəticəsində şəhid olan digər alim institutun şöbə müdiri İsmayıl Həsən oğlu Mursaqulov vəhşi tank hücumundan ağır zədə alıb və fevralın 3-də həyatdan vaxtsız gedib. Doktorluq dissertasiyasını M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İxtisaslaşmış Elmi şurasında müdafiə etmişdi, elə SSRİ paytaxtı Moskvanın da cinayət əməlinin badına getdi.
Svetlana Həmid qızı Məmmədova xalqımıza qarşı törədilən qanlı yanvar cinayətinin qadın alim qurbanı olub. O, yüksək molekullu birləşmələr sahəsində doktorluq dissertasiyası müdafiə edən ilk Azərbaycan qadını idi. Hardan biləydi ki, bircə il əvvəl dissertasiya müdafiə etdiyi M.Lomonosov adına Dövlət Zərif Kimya Texnologiyası Akademiyasının yaxınlığında yerləşən o vaxtkı Moskva Kremlinin xalqımıza qarşı verdiyi qanlı fərmanın bir qurbanı da o olacaq?
...“Jiquli” Saray qəsəbəsinin yanından keçib Ceyranbatana yaxınlaşmışdı, birdən silkələnərək dayandı. Mühərriki yoxlayıb, maşını birtəhər yenidən işə saldılar. 20–30 metr getdikdən sonra eyni hal baş verdi, sonra vəziyyət yenə təkrar olundu. Elə bu vaxt yanlarından qulaqbatırıcı uğultu ilə ötüb-keçən tanklardan biri onların üstünə şığıdı. Və maşını xıncım-xıncım edərək, hadisə yerindən sürətlə uzaqlaşdı. Yalnız Parlaq xanım və İdris müəllim uzun müddətli müalicədən sonra yaşamaqda davam edə bildilər. Taleyə baxın ki, hadisə zamanı möcüzəli şəkildə sağ qalan professor İdris Əhmədov 29 il sonra, məhz yanvarın
20-də dünyasını dəyişib. Parlaq xanım da artıq dünyadan köçüb.
Beləcə, sovet faşizminin cinayəti görkəmli kimyaçılarımızın da həyatında silinməz izlər qoyub. İstedadı və böyük perspektivi olan bu alimlər həm də vətənpərvər ziyalılar, gözəl insanlar kimi xatırlanırlar.
İbrahim İbrahimov 200-dən çox elmi əsərin, o cümlədən 48 müəlliflik şəhadətnaməsinin müəllifi kimi elm fədaisi sayılırdı. İsmayıl Mursaqulov və Svetlana Məmmədova isə hərəsi 130 elmi əsər yazmışdı. Xatırlyırıq ki, “Qanlı şənbə” ilə bağlı ilkin məlumatlarda 131 nəfərin şəhid olduğu bildirilmişdi. Onlar isə 131-ci elmi işlərini yaza bilmədilər, amma 131-ci, 132-ci və 133-cü şəhid kimi əbəiyyətə qovuşdular.
Artıq 35 ildir ki, Polimer Materialları İnstitutunda hər il 20 Yanvar şəhidlərinin anım tədbirləri keçirilir, rəhmətliklərin amansızlıqla qətlə yetirildikləri Bakı–Quba yolunun 24-cü kilometrliyindəki xatirə abidəsinə ziyarət təşkil olunur. “1990-cı ilin yanvar ayının 24-də burada Azərbaycanın görkəmli alimləri İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetiriliblər" sözləri həkk edilmiş mərmər postamentin üstünə gül dəstələri düzülür.
Bəli, yanvarın 20-də Bakıda törətdikləri ilə “ürəyi soyumayan” imperiya yanvarın 24-də Sumqayıt yolunda sözügedən vəhşiliyə imza atdı, daha sonra – yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda azadlıq mücahidlərini qanlarına qəltan elədi.
Ə.ƏLİYEV
XQ