Meşələr dünyamızın cənnət məkanıdır

post-img

Yanğınlar onu cəhənnəmə çevirməsin!

Qiymətli təbii sərvətlərimiz sayılan meşələrin bərpası və artırılması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Təəssüf ki, bu sahədə görülən işlərlə bərabər, həllini gözləyən problemlər də az deyil. Müsahibimiz AMEA Coğrafiya İnstitunun baş elmi işçisi, professor Mahmud Xəlilovdur. 

– Professor, bildiyimə görə, ölkəmiz meşələrlə o qədər də zəngin deyil. Müqayisə üçün, bəlkə, konkret rəqəmlər çəkəsiniz...

– Böyük məmnuniyyətlə. Azərbaycanda adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Bundan başqa, qiymətli ağac və kol cinsləri (qoz, şabalıd, qızılağac, cökə, palıd və s.) tükənmək təhlükəsi qarşısındadır. Avtomobil və dəmir yollarının kənarlarında, sututarların sahillərində salınmış qoruyucu və sahilbərkidici meşə zolaqlarının əksəriyyəti qırılıb. 

Hər il bir qayda olaraq taxıl biçildikdən sonra kövşənlərin yandırılması nəticəsində əkin sahələrinin ətrafında olan meşə və yaşıllıqlarda çox sayda yanğınlar baş verir. Bunun da nəticəsində heyvan və bitki aləminə ciddi zərər dəyir. 

Hazırda ölkəmizdə meşələrin sahəsi ümumi ərazinin 14 faizini təşkil etsə də, meşə ilə tam örtülü sahələr 11 faizdən artıq deyil. Amma meşələrimiz növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir ki, onlardan da 70-i endemik növlərə aiddir. 

Bundan başqa, meşələrin 85 faizi dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Meşələr nəfəs aldığımız havanı təmizləyir, içdiyimiz suyu süzür, eroziyanın qarşısını alır və iqlim dəyişikliyinə qarşı mühüm sədd rolunu oynayır. Bəli, meşələr ağac və qidadan dərman bitkilərinə qədər vacib təbii ehtiyatları təmin edir. 

– İstərdik ki, meşələrin qırılmasının əsas səbəblərini açıqlayasınız...

– Əsas səbəblərindən biri kənd təsərrüfatı fəaliyyətidir. Araşdırmalara görə, meşələrin 80 faizinin yox olması aqrar sektorun genişləndirilməsi ilə əlaqədardır. Bundan əlavə, kənd rayonlarında təbii qazın və yanacağın çatışmaması ilə bağlı olaraq yerli sakinlər meşə ağaclarını qırırlar. Təəssüf ki, son illər Oğuz, Qəbələ, İsmayıllı, Qusar və Lerik rayonlarında belə hallar daha çox olur. Lerik rayonunda əsas yaşayış məntəqələri meşələrin içərisindədir və qazlaşdırmanın zəif olması meşə sahələrinin qırılmalara səbəb olur.

Kömür əldə etmək üçün də az ağac qırılmır. Bu məqsədlə yandırılan ağaclar bir sıra regionlarda meşəsiz yarımsəhraya bənzər landşaftların əmələ gəlməsinə səbəb olub. Bununla yanaşı, tikinti materialları və mebel istehsalı üçün də qiymətli ağac növləri (qoz, şabalıd, palıd, fısdıq və s.) seçilərək qeyri-qanuni kəsilir. Hazırda rayonlarda mebel-taxta sexləri işləyir.

– Meşələrimizi yanğınlardan necə, qoruya bilirikmi? 

– Təəssüf ki, bu sahədə də ciddi nöqsanlarımız mövcuddur. Təkcə 2022-ci il ərzində 66 meşə sahəsinin yanğını hadisəsi qeydə alınıb və 870 hektara yaxın sahə yanğına məruz qalıb. 2023-cü ildə isə 33 yanğın hadisəsində 25 hektar meşə ərazisi məhv olub. Yüzlərlə qocaman ağac zədələnib, ya da dəqiqələr içərisində yanaraq külə dönüb. Adamın ürəyi ağrıyır...

– Məlumdur ki, işğalçı Ermənistan uzun illər Qarabağda meşələrimizə qarşı “soyqırımı” həyata keçirib. Erməni cinayətkarları buna görə nə vaxt cəzalandırılacaqlar? 

– Bəli, erməni vandalları meşələrimizə qarşı vəhşiliklər törədiblər. Məsələn, Ağdərə rayonunun ərazisində işğal dövründə mədənlərin istismarı ilə əlaqədar yüzlərlə hektarlıq ərazidə meşələr məhv olunub. “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı 82 hektara yaxın meşə örtüyü sıradan çıxarılıb. Nəticədə, ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirklənib. Uzun illər bu ərazidə yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb. “Qızılbulaq” və “Heyvalı” yataqlarının istismarı zamanı da eyni vəziyyət müşahidə edilib. 

Onu da qeyd edim ki, ölkəmizdə ən ağır vəziyyət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaranıb. Meşələr Qarabağın ümumi ərazisinin 36 faizini təşkil edir. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi həmin ərazilərdə bir çox bitki növlərinin məhvinə səbəb olub. Minlərlə hektar meşə sahəsi məhv edilib. 

Təkcə 2017-ci ildə Qarabağda 102 min 488 kubmetr meşə doğranıb. Beləliklə, işğal altında olan ərazilərdəki 260 min hektar yaşıl örtüyün 54 min hektarı 30 illik işğal dövründə yer üzündən silinib. Bu müddət ərzində qiymətli ağac növləri – qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar oduncaq tədarükü üçün qırılıb, mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılıb. Nəticədə meşələr xeyli seyrəkləşib, onların aşağı sərhədləri nisbətən yuxarı çəkilib, yuxarı sərhəddi isə aşağı düşüb.

O ki qaldı erməni vandallarının ölkəmizin ərazisində törətdikləri ekoloji cinayətlərə görə cəzalandırılmasına, bu, mütləq baş verəcək. Bu, sadəcə, zaman məsələsidir. 

– Meşələrlə yanaşı, tarlaların kənarında meşə zolaqlarının qırılmasının da mənfi tərəfləri çoxdur. Bu barədə də məlumat verərdiniz?

– Meşə zolaqlarının qırılması kənd təsərrüfatının məhsuldarlığa mənfi təsir edir. Quru küləklər meşə solaqları olmadıqda buxarlanmanı qüvvətləndirir, transpirasiyanı artırır, torpağı qurudur, mütləq və nisbi nəmliyi azaldır, yağan qarı sovuraraq torpağın üstünü açır, beləliklə də torpağa daxil olacaq nəmliyi azaldır. Bundan başqa, kənd təsərrüfatı bitkilərini zədələyir, onların çiçəyini və meyvəsini tökür, bitkilərin yatmasına səbəb olur. 

Açıq sahədə bərk əsən külək torpağın xırda hissələrini göyə sovuraraq külək eroziyasının əmələ gəlməsinə səbəb olur. Çox vaxt güclü əsən küləklər meşə zolağı olmayan yerlərdə min hektarlarla sahənin üst münbit qatını sovurur, ərazinin landşaft örtüyünün dağılmasına səbəb olur. Məsələn, Şamaxı rayonu ərazisində külək eroziyası 3 il ərzində 20 min hektar əkin sahəsini yararsız hala salmışdır. Abşeron yarımadasında belə hadisələr tez-tez baş verir.

Beləliklə, insanların meşə və meşə zolaqlarına artmış təsiri nəticəsində onların həm sahəsi azalır, həm də keyfiyyəti aşağı düşür. Qırılmış meşələrin və meşə zolaqlarının yeri əvvəlcə kolluğa, sonra isə bir qayda olaraq kənd təsərrüfatına yararsız sahələrə çevrilir. Bu, həm də oksigenin azalmasına, ekologiyanın pozulmasına gətirib çıxarır. 

– Meşələrin bərpa və yeni meşələrin salınması istiqamətində müvafiq qurumlar tərəfindən nə kimi tədbirlər görülür?

– “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramlar təsdiq edilib. Bu proqramlarda meşələrin rayonlaşdırılmış cinslər hesabına bərpa edilməsi, keyfiyyətinin və məhsuldarlığının artırılması, əlavə torpaq sahələri hesabına yeni meşəliklər və yaşıllıqların salınması ilə ölkənin yaşıl örtüyünün artırılması qarşıda duran əsas vəzifə kimi qoyulub. 

Böyük və Kiçik Qafqazın dağ meşələrinin qoruyucu funksiyalarını yüksəltmək üçün onun seyrək sahələrinin bərpası, meşə və örtülü olmayan sahələrdə isə məhsuldar ağac və kollar hesabına yeni meşə massivlərinin yaradılmasına başlanıb.

Talış meşələrində relikt və endem ağac cinslərinin qorunması, mühafizəsi, bərpası və onların yayılma arealının genişləndirilməsi istiqamətində işlər intensiv olaraq davam etdirilib. Kür-Araz çayları ətrafında Tuqay meşələrinin bərpası, rekonstruksiya yolu ilə cins tərkibinin yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb. Tuqay meşələrinin bərpası ilə əlaqədar qiymətli ağac cinsləri hesabına yeni meşələr salınıb. 

Abşeron və Qaradağ rayonlarının meşə landşaftından tamamilə məhrum olan arid ərazilərində yeni meşə massivlərinin salınması işləri ön plana çəkilib. Abşeron yarımadasında və Bakı şəhərinin ətraf ərazilərində (magistral yol kənarları daxil olmaqla) yeni meşə və yaşıllıqlar salınıb. 

– 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. İnanmaq istərdik ki, bu sahəyə diqqət və qayğı artıb.

– Son vaxtlar, həqiqətən, meşələrin bərpası və qorunması sahəsində pozitiv dəyşikliklər baş verir. 2023-cü ildə 6850 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə meşə səpinləri işləri aparılıb, 4,0 hektar sahədə meşə-bağlar, 8 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 5800 hektar sahədə təbii bərpaya kömək işləri görülüb. 

Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18 min 296,5 hektar təşkil edib. Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 16,2 hektar sahəyə toxumlar səpilib, çilik kökləndirməsi məqsədilə 0,4 hektar sahəyə 31,2 min ədəd çilik basdırılıb.

Bu işlər 2024-cü il də davam edir. 

Prezident İlham Əliyevin keçən il dekabrın 25-də imzaladığı müvafiq sərəncamla Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu il çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həyata keçirəcəkləri Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. 

Bu, çox zəngin tədbirlər planıdır. Orada ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların artırılması, maarifləndirmə, yeni milli parkların və xüsusi mikrotəsərrüfatların yaradılması və s. ilə bağlı tədbirlər var və artıq onların icrası ilə bağlı işlərə başlanılıb. Artıq Təsdiqlənmiş Tədbirlər Planında nəzərdə tutulan 5 milyon ağac və kol tinginin 2,5 milyonunun əkilməsinə nail olunub.

Söhbəti qələmə aldı: 
Pünhan Əfəndiyev 
XQ

 



Müsahibə