“Odlar yurdu”ndan “Qoca qitə”nin 12 ölkəsinə 51 milyard kubmetr qaz nəql edilib
Xəzər regionu ilə Avropa qitəsi arasında etibarlı enerji körpüsünə çevrilmiş Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə bu ilin birinci yarısında İtaliyaya, təxminən, 4,8 milyard kubmetr təbii qaz nəql olunub. Bu da 2024-cü ilin müvafiq dövrü ilə eyni səviyyədədir. Bu barədə TAP AG şirkətinin səhmdarlarından biri olan “Snam” açıqlama yayıb. Bununla yanaşı, şirkət qaz kəmərinin gücünün potensial genişləndirilməsinə marağı qiymətləndirmək məqsədilə yeni məcburi olmayan bazar sınağı mərhələsinə start verilməsi ilə bağlı da məlumat verib. Xatırladaq ki, İtaliya Azərbaycanın ən çox “mavi yanacaq” ixrac etdiyi Avropa ölkəsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda bu ölkə idxal qazının, təqribən, 15 faizini TAP vasitəsilə tədarük edir.
TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə – Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək İtaliyanın cənub sahillərinə çıxır. TAP həm də mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir.
Bununla yanaşı, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan bu boru kəməri 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan – Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. Ümumi uzunluğu 182 kilometr olan interkonnektorun 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Yaxın gələcəkdə boru kəmərinin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetrə çatdırılacağı gözlənilir. Hələlik isə “Bulgargaz EAD” dövlət şirkəti ilə Şahdəniz konsorsiumu arasında imzalanmış müqaviləyə əsasən Bolqarıstan ölkəmizdən ildə 1 milyard kubmetr qaz alır. Bütövlükdə isə, TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı ölkəmizdən Avropa bazarlarına daha çox qazın ixracına əlavə imkanlar yaradır.
Yeri gəlmişkən, Trans-Adriatik Boru Kəməri Azərbaycan qazının böyük bazarlara çıxarılmasını təmin edən mühüm infrastrukturdur. TAP-ın ərsəyə gəlməsində ölkəmizin çox böyük rolu olub. Təsadüfi deyil ki, 2013-cü ildə boru kəmərinin tikintisi ilə bağlı imzalanmış müqavilənin iştirakçıları olan təsisçi şirkətlərin 60 faizi məhz Azərbaycandakı hasilatçılar idi. Bunlar, əsasən, hər biri 20 faiz iştirak payına malik SOCAR, BP və “Statoyl” şirkətləri olub. Yəni, TAP-ın ərsəyə gəlməsinə sərf olunan əziyyətin, çəkilən xərcin yarıdan çoxu Azərbaycan və tərəfdaşlarının payına düşür. Hazırda isə TAP-ın pay sahibləri BP (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (20 faiz) və “Enagas” (20 faiz) şirkətləridir.
Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının 2-ci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qazın TAP kəməri vasitəsilə Avropaya nəqlinə isə həmin il dekabrın 31-də başlanılıb. Prosesin ilk günündə kəmərlə 10,7 milyon kubmetr qazın Avropaya ixracı qeydə alınıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı qazanıb.
2021-ci ildə ölkəmizdən “köhnə qitə”yə 8 milyard 150 milyon kubmetr təbii qaz ixrac olunub. Avropada Azərbaycan qazına tələbatın getdikcə çoxalması ilə əlaqədar həm alıcı ölkələrin, həm də “mavi yanacağ”ın həcmi ildən-ilə artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir ki, bunun da 12-si Avropa dövlətləridir. 2024-cü ildə həmin ölkələrə 12,9 milyard kubmetr qaz ixrac olunub. Ümumilikdə, ötən müddətdə TAP Avropaya 51 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql edib.
Trans-Adriatik Qaz Boru Kəmərinin ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.