Dünya iqtisadiyyatında yeni reallıqlar: Azərbaycan–Çin iqtisadi əməkdaşlığı

post-img

XXI əsrdə dünya iqtisadiyyatının strukturu kəskin dəyişir. Qərbə dayanan iqtisadi model zəifləyir, əvəzinə yeni güc mərkəzləri, xüsusilə Çin meydana çıxır. ABŞ və Çin arasında texnoloji-iqtisadi rəqabət qlobal ticarətə, maliyyə sistemlərinə və geoiqtisadi münasibətlərə yön verən əsas meyarlardan birinə çevrilir. Bu fonda Azərbaycan öz iqtisadi modelini yeni reallıqlara uyğunlaşdıraraq çoxqütblü iqtisadi əməkdaşlıq siyasəti yürüdür. Azərbaycanın Çin ilə iqtisadi əlaqələri təkcə ticarətlə məhdudlaşmır və texnologiya, rəqəmsal transformasiya, enerji sahələrində strateji sinerji yaratmağa yönəlib. Prezident İlham Əliyevin belə bir çoxvektorlu yanaşması ölkəmizin geoiqtisadi və qlobal mühitdə mühüm oyunçu mövqeyinin güclənməsinə xidmət edir.

Çoxqütblü qlobal iqtisadi sistemə keçid

Hazırda dünya iqtisadiyyatında dərin və çoxşaxəli struktur dəyişikliyi müşahidə olunur. ABŞ və Çin arasında getdikcə kəskinləşən rəqabət qlobal iqtisadi sistemin təkqütblü modeldən çoxqütblü düzənə keçidini sürətləndirir. Bu rəqabət əsasən yüksək texnologiyalar, qlobal dəyər zənciri, enerji təhlükəsizliyi və beynəlxalq valyuta sistemləri kimi strateji sahələrdə cəmlənmiş iqtisadi və geosiyasi maraqlar fonunda baş verir. Artıq bu qarşıdurma iqtisadi üstünlüklə yanaşı, yeni beynəlxalq iqtisadi qaydaların formalaşdırılması uğrunda mübarizə kimi səciyyələnir. 

Belə bir kontekstdə qeyri-Qərb yönümlü iqtisadi ittifaqların güclənməsi yeni çəki mərkəzlərinin formalaşmasına səbəb olur. Ölkələr arasında milli valyutalarla ticarətin genişlənməsi, ortaq inkişaf banklarının rolunun artması və institusional iqtisadi koordinasiyanın dərinləşdirilməsi bu qurumların funksional və normativ təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır. Formalaşmaqda olan bu çoxqütblü iqtisadi sistem 4 əsas komponent üzərində qurulur:

Birinci komponent BRICS+ ticarət modelidir. Bu model ABŞ dollarının beynəlxalq ticarətdə hegemon rolunu zəiflətməyi və əvəzində milli valyutalarla hesablaşmaların payını artırmağı hədəfləyir. Təsadüfi deyil ki, Rusiya və Çin qarşılıqlı ticarətin 90 faizindən çoxunu yuan və rubl ilə həyata keçirilir. Hindistan və BƏƏ isə bir sıra neft müqavilələrini rupi və dirhəmlə bağlamağa başlayıblar. Bu tendensiyalar ABŞ dollarının qlobal dominantlığının zəifləməsi və regional valyuta alternativlərinə marağın artması ilə nəticələnir.

İkinci komponent texnoloji suverenlikdir. Çin və ABŞ arasında texnologiya sahəsində liderlik uğrunda mübarizə getdikcə kəskinləşir. Çin “Made in China 2025” strategiyası çərçivəsində daxili texnoloji istehsal və innovasiya imkanlarını genişləndirməyə çalışır. ABŞ isə kritik texnologiyalar sahəsində dominantlığını qorumaq üçün ticarət məhdudiyyətinə üstünlük verir. Çin Huawei, Tencent, SMIC kimi nəhəng texnoloji şirkətləri vasitəsilə süni intellekt, bulud hesablama və 5G infrastrukturu sahələrində qlobal liderlik ambisiyasını davam etdirir.

Üçüncü komponent regional iqtisadi ittifaqların güclənməsidir. Regional Əhatəli İqtisadi Tərəfdaşlıq (RCEP) hazırda dünya ticarətinin təxminən 30 faizini təşkil edən ən böyük sərbəst ticarət platformasına çevrilmişdir. Avrasiya İqtisadi İttifaqı Rusiya ətrafında inteqrasiya olunmuş iqtisadi məkan funksiyasını daşıyır. ASEAN isə Cənub-Şərqi Asiyada iqtisadi inteqrasiyanın əsas lokomotivi kimi çıxış edir. Bu strukturlar qlobal ticarət axınlarını Qərb mərkəzindən kənara yönəltmək üçün alternativ mexanizmlər formalaşdırır.

Dördüncü komponent yeni investisiya banklarının yaranmasıdır. Bu çərçivədə BRICS-in yaratdığı Yeni İnkişaf Bankı, habelə Çinin təşəbbüsü ilə qurulan Asiya İnfrastruktur İnvestisiya Bankı mühüm rol oynayır. Hər iki qurum Bretton Woods sisteminə alternativ kimi çıxış edir. Bu maliyyə təsisatları inkişafda olan ölkələr üçün daha əlçatan və siyasi şərtsiz maliyyələşmə imkanları yaradır. Məsələn, BRICS Bankı 8 ölkəyə ümumilikdə 3,5 milyard ABŞ dolları həcmində kredit ayırmış, bu vəsaitin əhəmiyyətli hissəsi rubl, yuan və digər qeyri-dollar valyutasında təqdim olunub.

Avropa İttifaqının iqtisadi rolu: yeni çağırışlar

Avropa İttifaqı (Aİ) uzun illər qlobal iqtisadiyyatda “normativ güc” kimi çıxış etmişdir. Yəni, geniş iqtisadi potensiala malik olmuş və insan hüquqları, ətraf mühitin qorunması, eləcə də demokratik idarəetmə sahəsində qlobal standartların təşəkkülündə mühüm rol oynamışdır. Lakin son illərdə qlobal iqtisadi sistemdə Aİ-nin təsir gücü azalmaqdadır.

Bu, ilk növbədə, Aİ iqtisadiyyatının zəifləməsi ilə əlaqədardır. Beynəlxalq Valyuta Fonduna (BVF) görə, ötən il Aİ iqtisadiyyatı cəmi 0.9 faiz artmış, cari ildə isə bu göstərici 0.8 faiz olacaq. Zəif iqtisadi artım xüsusilə İttifaqın lokomotivi sayılan Almaniyada daha kəskin hiss olunur: ötən il Almaniya iqtisadiyyatı 0,2 faiz resessiyadan sonra bu il cəmi 0.1 faiz artacaq. Bu isə Avropanın sənaye və ixrac gücünün tədricən zəiflədiyini göstərir. İqtisadi artımın zəifləməsi investisiya axınlarını məhdudlaşdırır, məşğulluqda çətinliklər yaradır və sosial-iqtisadi sabitliyə təzyiqi artırır. Əksinə, BVF-nin proqnozuna görə, 2025-ci ildə 3.2 faiz-lik qlobal iqtisadi artımın 60 faizi Asiya-Sakit Okean regionu, xüsusilə Çin, Hindistan və digər inkişafda olan ölkələr tərəfindən təmin olunacaq. ABŞ iqtisadiyyatı sabitlik nümayiş etdirsə də, onun qlobal payı azalır.

Aİ-də iqtisadi dinamizmi zəiflədən digər mühüm amil demoqrafik tənəzzüldür. Aİ əhalisinin 21.3 faizi yaşı 65-dən yuxarı olan şəxslərdən ibarətdir. Əhalinin yaşlanması və əmək bazarında daralma xüsusilə Almaniya və İtaliya kimi ölkələrdə iqtisadi dinamikanı zəiflədib. Avrostata görə, 2025-ci ilə qədər bəzi Aİ ölkələrində işçi qüvvəsinin payı 1-2 faiz azalacaq. Onun qlobal sənaye bazarındakı payı da Asiya ölkələrinin yüksəlişi fonunda tədricən zəifləyir.

Texnologiya sahəsində geri qalmaq Aİ-nin qlobal iqtisadi mövqeyinin zəifləməsinin digər amillərindən biridir. ABŞ ÜDM-in təxminən 3,7 faizini tədqiqat və inkişaf sahəsinə ayırdığı halda, Aİ-də bu göstərici 2,3 faiz təşkil edir. Bu fərq Aİ-nin texnologiya və innovasiya sahəsində rəqabət qabiliyyətini zəiflədir və onun qlobal rəqəmsal dəyər zəncirində daha passiv, asılı və izləyici mövqe tutmasına səbəb olur. Son illər Aİ-nin texnoloji məhsullar ixracı 3 faizədək azalmışdır ki, bu da onun yüksək texnologiyalı sektorlarda dünya lideri mövqeyini itirdiyini göstərir. Nəticə etibarilə, Aİ texnoloji ticarət sahəsində “üçüncü aktor” statusuna geriləmiş, ABŞ və Çinin ardınca daha çox adaptasiya olunan və cavab verən tərəf kimi çıxış edir. Nəticədə Aİ texnoloji transformasiyada liderlik imkanlarını tədricən itirir.

Avropa İttifaqının 2050-ci ilədək karbon neytrallığı hədəfi çərçivəsində tətbiq etdiyi “Yaşıl razılaşma” təşəbbüsü sənaye sektorunda istehsal xərclərinin artmasına səbəb olmuşdur. Sərt ekoloji tənzimləmələr nəticəsində Aİ şirkətləri, xüsusilə enerji baxımından, ABŞ və Çinlə müqayisədə daha yüksək (orta hesabla 32 faiz) xərclərlə üzləşirlər. Bu fərq sənaye istehsalının digər regionlara miqrasiyasına, sərmayələrin azalmasına və Aİ-nin qlobal rəqabət qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Beləliklə, yaşıl keçid prosesi ekoloji məqsədləri güdsə də, iqtisadi baxımdan Avropa sənayesinin mövqeyini zəiflətmişdir.

Bütün bu tendensiyalar Aİ-nin uzun illər əsaslandığı normativ gücdən funksional effektivliyə keçid perspektivinə dair suallar doğurur. Yəni Aİ texnologiya, süni intellekt və enerji sahəsində qlobal liderlik rolunu tədricən itirir və daha çox adaptasiya edən aktor kimi çıxış edir. Bu isə Aİ-nin qlobal iqtisadi transformasiyanın sürətləndiyi bir dövrdə yeni ticari-iqtisadi sahədə reallıqlara uyğunlaşmaqda ciddi çətinliklərlə üzləşdiyini göstərir.

Qlobal iqtisadi balansın yenidən qurulması

BVF-nin 2025-ci il Dünya İqtisadi İcmalı qlobal ticarət sistemində köklü dəyişikliyin baş verdiyini göstərir. Bu prosesin mərkəzində isə Çin, ABŞ və Aİ arasında xarici ticarətdə struktur dəyişikliyi dayanır. Hazırda bu sahədə müşahidə olunan əsas tendensiyalar aşağıdakılardır:

1. Qarşılıqlı ticarətdə azalma və iqtisadi əlaqələrdə zəiflik. 2025-ci ilin ilk yarısında Çin–ABŞ ticarət dövriyyəsi 9.3 faiz azalmışdır. Bu azalma texnoloji məhsul ixracına məhdudiyyət, yüksək gömrük rüsumları və proteksionist siyasətin təsiri ilə izah olunur. ABŞ-ın “friend-shoring” strategiyası bu prosesin struktur elementinə çevrilmiş və Çinlə ticarət risklərinin azaldılması məqsədilə alternativ təchizat zəncirlərinə keçidə təkan vermişdir. Eyni zamanda, Çin–Aİ ticarəti də əhəmiyyətli zəifləyib. 2025-ci ilin ilk yarısında bu ticarət cəmi 1.2 faiz artmışdır ki, halbuki 2023-cü ildə bu göstərici 5.6 faiz olmuşdur. Aİ-nin texnologiya sektoruna yönəlmiş təhlükəsizlik standartları, karbon sərhəd tənzimləməsi (CBAM) və yeni gömrük tarifləri bu zəifləmənin başlıca səbəbləri sırasındadır.

2. İxracda texnologiya yönümlü transformasiya. Çinin ixracında əhəmiyyətli struktur dəyişikliyi başlayıb. Ənənəvi məhsullar olan tekstil, məişət texnikası və digər istehlak mallarının ixracı 6.4 faiz azalıb. Əvəzində yüksək texnoloji məhsullar – elektrikli nəqliyyat, batareyalar və bərpa olunan enerji texnologiyaları üzrə ixrac 18.7 faiz artıb. Bunun səbəbi daxili iqtisadi transformasiya və texnoloji məhsullara tələbin artması ilə izah olunur. Bu, Çinin qlobal texnologiya bazarında yeni mövqe axtarışında olduğunu, eləcə də iqtisadi modelini daha çox innovasiya üzərində qurduğunu göstərir.

3. Regional diversifikasiya və yeni bazarlara inteqrasiya. ABŞ və Aİ bazarlarında yaranan qeyri-müəyyənliyə qarşı Çin hökuməti alternativ ticarət marşrutlarına və regional tərəfdaşlığa yönəlmişdir. Məsələn, 2025-ci ilin ilk yarısında ASEAN ölkələri ilə ticarət dövriyyəsi 6.9 faiz artaraq 481 milyard ABŞ dollarına çatmışdır. Bundan əlavə, Çin–Rusiya və Çin–Mərkəzi Asiya ticarət əlaqələri də genişlənmiş, Qərb bazarlarından asılılığın nisbətən azalması və regional ticarət bloklarına inteqrasiyanın güclənməsi ilə nəticələnmişdir.

4. Geoiqtisadi parçalanma və qlobal güc balansının dəyişməsi. ABŞ və Aİ ilə iqtisadi əlaqələrdə yaranan gərginliklər, ticarət axınlarında struktur dəyişikliyi və texnoloji sahədə proteksionizm qlobal ticarət sisteminin parçalanmasına yol açır. Çin bu prosesə cavab olaraq iqtisadi inteqrasiya və ixracın strukturunun yenidən qurulması vasitəsilə daha dayanıqlı və regional yönümlü model formalaşdırmağa çalışır. Bu isə qlobal iqtisadi güc balansında yeni mərkəzlərin formalaşmasına və geoiqtisadi çəki mərkəzinin Qərbdən Asiyaya doğru yerdəyişməsini göstərir.

Çinin artan gücü: yeni iqtisadi istiqamətlər

Belə bir fonda Çin dünya iqtisadiyyatında miqyas və struktur baxımından qlobal oyunçular arasında strateji mövqe qazanmışdır. Bu yüksəliş yeni ticarət marşrutlarının, texnoloji prioritetlərin və institusional güc mərkəzlərinin formalaşmasında mühüm rol oynayır. Zbiqnev Bjezinski “Böyük şahmat lövhəsi. Amerika ağalığı və onun geostrateji imperativləri” əsərində Çinin yüksəlişini Avrasiyanın iqtisadi taleyində dönüş nöqtəsi kimi qiymətləndirmişdir. Onun fikrincə, Çin yalnız iqtisadi miqyas baxımından deyil, həm də geoiqtisadi sistemdə yeni mərkəzlərin formalaşması potensialı ilə fərqlənir və bu, ABŞ-ın Avrasiyadakı üstünlüyünə alternativ ola bilər.

BVF-ə görə Çinin qlobal iqtisadiyyatda payı davamlı artır. Hazırda Çin alıcılıq qabiliyyəti pariteti ilə ÜDM-nin təxminən 18 faizini təşkil edir və növbəti onillikdə bu göstəricinin 25 faizə çatması proqnoz edilr. Bu artım texnoloji modernləşmə, daxili istehlakın genişlənməsi və regional ticarət əməkdaşlığının dərinləşməsi ilə bağlıdır. Bu inkişafın təməlində “Made in China 2025” sənaye strategiyası dayanır. Strategiya Çində aşağı texnologiyalı məhsullardan yüksək əlavə dəyərli, innovativ sənaye modelə keçidi hədəfləyir. Nəticə olaraq qlobal 5G texnologiya bazarının 35 faizi və elektrikli nəqliyyat vasitələri bazarının 40 faizə yaxını Çinin payına düşür. Texnologiya sektorunda Huawei, Xiaomi, Tencent və Baidu kimi nəhənglər süni intellekt, bulud platformaları və böyük məlumatların emalı sahəsində qlobal səviyyədə rəqabət aparır. Bu şirkətlər Çinin texnoloji potensialını və beynəlxalq texnologiya standartlarının formalaşmasında onun mövqeyini möhkəmləndirir.

Çinin iqtisadi inkişafında əsas rol oynayan “Dual Circulation” doktrinası bu prosesə mühüm dəstək vermişdir. Doktrina daxili bazarın güclənməsi, xarici asılılığın azalması və texnoloji suverenliyi hədəfləyir. BVF-ə görə, bu model iqtisadiyyatın balanslı və dayanıqlı transformasiyasını sürətləndirib. Daxili bazarın təşviqi, istehlak yönümlü iqtisadi artım və regional tarazlığın bərpası bu siyasətin əsas sütunlarıdır. 2025-ci ilin ilk yarısında Çinin daxili ticarət dövriyyəsi 9.8 trilyon ABŞ dollarına yaxınlaşmış, daxili istehlakın ÜDM-də payı isə 60 faizi üstələyir ki, bu da urbanizasiya və orta təbəqənin artımı ilə əlaqədardır.

Çin, eyni zamanda, qlobal iqtisadi münasibətlərdə RCEP və BRICS+ kimi alternativ inteqrasiya platformalarına önəm verir. Bu strukturlar vasitəsilə Çin yeni bazarlara çıxış imkanlarını genişləndirir və Qərbmərkəzli iqtisadi modeldən kənarda yeni institutlar, iqtisadi rejimlər yaradır. RCEP dünyanın ən böyük sərbəst ticarət zonasına çevrilib, BRICS+ isə inkişafda olan ölkələrlə maliyyə və texnoloji əməkdaşlıqda Çinin təsir dairəsini artırır. Bu yanaşmalar Çinə qeyri-Qərb iqtisadi sistemlərində dominant aktor kimi çıxış etmək imkanı verir.

Çin iqtisadiyyatının əsas struktur elementi dövlət kapitalizmi modelidir. Burada dövlət iqtisadi nizamlayıcı olmaqla yanaşı enerji, nəqliyyat, texnologiya və səhiyyə sahələrində aparıcı rol oynayır. Sinofarm, BYD, CATL kimi dövlət dəstəkli şirkətlər beynəlxalq arenada yüksək mövqe tutaraq Çin modelinin effektivliyini nümayiş etdirir. Bu, bazar və planlı iqtisadiyyat elementlərini birləşdirən, çevik və uzunmüddətli inkişaf üçün nəzərdə tutulan bir modeldir.

Henri Kissincerin 2011-ci ildə “Çin haqqında” əsərində qeyd olunur ki, Çin qlobal güc mövqeyinə tələsmir, lakin öz təsirini mərhələli şəkildə artıraraq müasir dövrün “təcavüzsüz ekspansiyası” modelini həyata keçirir. Bu model Çin üçün hərbi güc tətbiq etmədən iqtisadi mexanizmlər, texnologiya və infrastruktur vasitəsilə təsir dairəsini genişləndirmək imkanı yaradır. Kissincer Çinin “Bir kəmər, bir yol”, Asiya İnfrastruktur İnvestisiya Bankı və Regional Əhatəli İqtisadi Tərəfdaşlıq (RCEP) kimi təşəbbüslərinin Bretton Woods sisteminə alternativ olduğunu bildirirmişdir. 

Beləliklə, Çin artıq “qlobal fabrik” rolunu oynamaqla kifayətlənmir, geniş daxili bazarına əsaslanaraq texnoloji suverenliyi təmin edən modelə doğru irəliləyir. Bu yanaşma uzunmüddətli dayanıqlığı və inklüziv iqtisadi inkişafı dəstəkləyir. O, həmçinin istehsalçı ölkə funksiyasını tərk edərək texnologiya və institusional model ixrac edən qlobal aktora çevrilir. Ənənəvi iqtisadi güclərlə müqayisədə Çin daha çevik, dövlət yönümlü və məqsədli struktur islahatları həyata keçirərək qlobal iqtisadi sistemdə çoxqütblülüyün əsas dayaqlarından birinə çevrilir. 

Azərbaycanın Çinlə əməkdaşlığa yanaşması

Qlobal trendlərə uyğun olaraq, Azərbaycanın Çinlə münasibətləri ticarət çərçivəsində deyil, daha geniş bir geoiqtisadi baxışla formalaşmışdır. Bu yanaşmanın təməli 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə səfəri zamanı ifadə etdiyi strateji fikirlərlə qoyulmuşdur. Həmin səfərdə Heydər Əliyev qeyd etmişdir ki, Azərbaycan Çinlə əməkdaşlığı gələcək üçün yol, sabitlik və inkişafın təməli kimi görür. Bu yanaşma Azərbaycanın Çinlə davamlı və sistemli iqtisadi tərəfdaşlığa əsaslanan strategiyasının təməlini qoymuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu strateji baxış daha da dərinləşmişdir. Yeni çoxqütblü iqtisadi reallıqlar fonunda bu baxış konkret layihə və platformalarla praktik məzmun qazanmışdır. Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta dəhliz kimi təşəbbüslər Azərbaycanın Çin modelindən rasional şəkildə faydalanmaq və adaptasiya niyyətini əks etdirir.

Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdəki mövqeyi qlobal sistemin müxtəlif elementləri ilə strateji və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu münasibətlər iqtisadi səmərəlilik, texnoloji yenilənmə və regional sinerji kimi aydın və praktik prinsiplər üzərində qurulmuşdur. Bu yanaşma sayəsində Azərbaycan Çini iqtisadi tərəfdaş və qlobal geoiqtisadi sistemin formalaşmasında mühüm rol oynayan strateji aktor kimi qiymətləndirir.

Buna uyğun olaraq Azərbaycan–Çin iqtisadi əməkdaşlığı ölkəmizin Avropa və Mərkəzi Asiya bazarlarına inteqrasiyasında körpü rolunu oynayır. Prezident İlham ­Əliyevin vurğuladığı kimi, bu çərçivədə birgə istehsala yönəlmiş daha kompleks strateji təşəbbüslər həyata keçirilir. Son illər Çin iqtisadiyyatı dövlət kapitalizmi modeli ilə güclü planlama, texnoloji irəliləyişlər və ixracyönlü sənaye klasterləri üzərində inkişaf etmiş, Azərbaycan bu modelin bəzi elementlərini öz iqtisadiyyatına ağıllı şəkildə uyğunlaşdıraraq texnoloji modernləşməni və dayanıqlı sənaye inkişafını təmin edir. Çin şirkətləri ilə reallaşdırılan birgə layihələr, eləcə də Ələt Azad İqtisadi Zonasındakı sənaye parkları bu yanaşmanın konkret təzahürləridir. 

Nəticə etibarilə, Azərbaycanın geoiqtisadi strategiyası təkcə iqtisadi artım deyil, həm də qlobal dəyişikliklərə çevik uyğunlaşma qabiliyyəti baxımından dəyərləndirilir. Bu bacarıq ölkəyə qlobal iqtisadi güc mərkəzləri arasında tarazlığı qorumaq, innovasiyaya əsaslanan və gələcəyə yönəlmiş inkişaf trayektoriyası formalaşdırmaq imkanı verir. 

Bütövlükdə, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari və texnoloji əməkdaşlıq aşağıdakı 5 əsas strateji istiqamət üzrə sistemli şəkildə formalaşdırılmışdır: 

1. Tranzit və coğrafi üstünlüklərə əsaslanan dəyər yaradılması. Azərbaycanın əlverişli coğrafi mövqeyi strateji infrastruktur layihələri ilə iqtisadi dividendlərə çevrilir. Tranzit nəqliyyat layihələri vasitəsilə ölkəmiz Mərkəzi Avrasiya məkanında logistika və tranzit qovşağı kimi önəmli strateji rolunu artırır. Məsələn, 2025-ci ilin ilk yarısında Transxəzər dəhlizi üzrə yükdaşımaların 30 faizdən çox artması bu uğurun bariz göstəricisidir.

2. Qlobal geoiqtisadi balans və çoxtərəfli tərəfdaşlıq. Azərbaycanın qlobal miqyasda iqtisadi tarazlıq yaratmaq strategiyası ölkəyə mühüm üstünlüklər qazandırır. Ölkə “Bir kəmər, bir yol” təşəbbüsünə aktiv qoşulmaqla Şərq-Qərb ticarət yollarında vacib tranzit məntəqəsinə çevrilmişdir. Eyni zamanda, Aİ ilə enerji sahəsindəki əməkdaşlıq enerji təhlükəsizliyi və dayanıqlı ixrac yönümlü model baxımından strateji dəyər daşıyır. Bu çoxvektorlu yanaşma Azərbaycanın həm Şərq, həm də Qərblə qarşılıqlı faydalı əlaqələr quraraq geoiqtisadi baxımdan sabit, etibarlı tərəfdaş imicini gücləndirir.

3. Rəqəmsal transformasiya və texnoloji əməkdaşlıq. Azərbaycanın növbəti strateji mərhələsi rəqəmsal suverenliyin gücləndirilməsi və xarici texnologiyaların lokallaşdırılması ilə bağlıdır. Huawei, ZTE və digər aparıcı Çin texnoloji şirkətləri ilə əməkdaşlıq ölkənin rəqəmsal infrastrukturunun inkişafına töhfə verir. Bu proses ölkənin innovasiya potensialını artırmaqla yanaşı, texnologiya asılılığını azaldır və yeni sənaye sahələrinin formalaşmasına zəmin yaradır.

4. Yaşıl enerji gündəliyi. Azərbaycanın “yaşıl enerji ixracatçısı”na çevrilmək hədəfi, xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa olunan enerji layihələri fonunda ölkəyə yeni strateji status qazandırır. Bu sahədə Çin və digər ölkələrlə texnoloji əməkdaşlıq, həm enerji, həm də rəqəmsal sahədə sinxron transformasiyanı mümkün edir. Rəqəmsallaşma ilə enerji keçidinin paralel aparılması Azərbaycanın regional “yaşıl texnologiya qovşağı”na çevrilməsi üçün şərait yaradır.

5. Çinlə selektiv iqtisadi inteqrasiya və balanslı yanaşma. Ölkənin Çinlə artan iqtisadi əlaqələri təkcə ticarət deyil, həm də texnologiya, infrastruktur və sərmayə sahələrini əhatə edir. Lakin bu inteqrasiya bəsit imitasiya üzərində deyil, milli maraqlara uyğunlaşdırılmış selektiv strateji yanaşma ilə həyata keçirilir. Azərbaycan Çin və Avropa arasında texnoloji və iqtisadi körpü rolunu oynayır və bununla daha çevik, kompleks regional aktora çevrilir. Bu yanaşma ölkəyə həm Şərq, həm də Qərb modellərini sintez etmək imkanı yaradır. Nəticədə unikal və milli xüsusiyyətlərə uyğun bir iqtisadi model formalaşır.

Şərqə açılan yol: Çinlə iqtisadi sinerji potensialı

Dünya iqtisadiyyatının ağırlıq mərkəzinin Şərqə doğru dəyişməsi və Çinin iqtisadi güc və qlobal texnoloji platformaların yaradıcılarından biri kimi ön plana çıxması fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan geoiqtisadi mühitdə strateji körpü rolunu oynayan önəmli aktora çevrilir. Ölkəmizin Çinlə əməkdaşlığı artıq ticarət əlaqələrindən kənara çıxaraq, çoxşaxəli strateji sinerji əsasında inkişaf edir. Bu əməkdaşlıq Azərbaycanın inkişaf planları ilə Çin iqtisadiyyatının yeni ticarət və sərmayə ehtiyaclarını uyğunlaşdırır.

Azərbaycanla Çin arasında əməkdaşlığın dərin təməli hər iki ölkənin iqtisadi idarəetmədə dövlətin aktiv rolunu qorumasına əsaslanır. Çin iqtisadiyyatı dövlət kapitalizmi modeli üzərində yüksəlir və yüksək texnologiyalı sənaye və texnoloji modernləşmə ilə fərqlənir. Paralel olaraq, Prezident İlham ­Əliyevin rəhbərliyi ilə 2022−2026-cı illər üçün hazırlanan Sosial-iqtisadi İnkişaf Strategiyası dövlətin iqtisadi proseslərdə yönəldici funksiyasını gücləndirir və rəqəmsal, “yaşıl” və bilik əsaslı iqtisadi sistemin formalaşmasına şərait yaradır. Bu konseptual yaxınlıq texnologiya transferi, birgə müəssisələrin yaradılması və lokallaşma proseslərində uzunmüddətli və dayanıqlı əməkdaşlıq üçün əlverişli zəmin yaradır.

2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,7 milyard ABŞ dollarına çatmışdır. Ən əhəmiyyətli məqam isə ticarətin strukturunun dəyişməsidir: əvvəllər ənənəvi malların üstünlük təşkil etdiyi dövriyyədə son vaxtlar yüksək texnoloji məhsulların payı davamlı artmışdır. Bu, Azərbaycanın xarici ticarətinin həm miqyas baxımından, həm də keyfiyyətcə yenilənməsi və daha dayanıqlı struktur əldə etməsi deməkdir.

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” çərçivəsində Çinlə texnoloji əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Çin şirkətlərinin Azərbaycana birbaşa investisiyaları artıq 1 milyard ABŞ dollarını keçmiş, Huawei, ZTE və BYD kimi nəhənglər ölkəmizin informasiya-kommunikasiya texnologiyaları və rəqəmsal infrastrukturlarında aktiv iştirak edir. 5G şəbəkələrinin genişləndirilməsi, ağıllı texnologiyaların tətbiqi, məlumat təhlükəsizliyi və rəqəmsal idarəetmə platformalarının qurulması kimi layihələr həm iqtisadi inkişafı, həm də milli rəqəmsal suverenliyi gücləndirir.

Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizlərində strateji mövqeyi Çinlə iqtisadi əlaqələrə əlavə dinamika verir. Orta dəhliz üzrə yük daşımalarının 30 faizdən çox artması ölkəmizin logistika və enerji qovşağı kimi rolunun gücləndiyini təsdiqləyir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası Çin məhsullarının Avropaya çıxışını sürətləndirən infrastrukturlardır və Azərbaycanın regional geoiqtisadi körpü funksiyasını möhkəmləndirir. 

Azərbaycanın “yaşıl enerji” strategiyası Çinlə texnoloji əməkdaşlıqda yeni prioritet sahələr müəyyən edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən enerji layihələrində Çin texnologiyalarının tətbiqi geniş imkanlar açır. “Ağıllı” enerji şəbəkələri, effektiv enerji sistemləri, “yaşıl” nəqliyyat və elektrikli nəqliyyat vasitələrinin lokallaşdırılması üzrə əməkdaşlıq ölkəmizin iqlim məqsədlərinə uyğunlaşmasına və enerji ixracının diversifikasiyasına töhfə verir.

Beləliklə, Azərbaycanın Çinlə əməkdaşlığa yanaşması yalnız iqtisadi-ticari maraqlarla məhdudlaşmır, əksinə, geoiqtisadi, texnoloji, rəqəmsal və ekoloji vektorları özündə birləşdirən çoxtərəfli strateji konsepsiyaya çevrilmişdir. Bu yeni konsepsiya selektiv iqtisadi inteqrasiya, dövlət kapitalizminin lokal adaptasiyası, rəqəmsal və yaşıl transformasiyanın sinxronluğu, eləcə də regional geoiqtisadi körpü funksiyasının möhkəmləndirilməsi kimi əsas prinsipial istiqamətləri ehtiva edir. 

Azərbaycan bu yanaşma ilə həm iqtisadi maraqlarını qoruyur, həm də dəyişkən və çoxqütblü qlobal iqtisadi sistemdə çevik, balanslı və proaktiv aktor kimi çıxış edir. Nəticə etibarilə formalaşan Azərbaycan–Çin iqtisadi əməkdaşlıq modeli ölkəmizin gələcək inkişaf strategiyasında uzunmüddətli dayanıqlıq, texnoloji suverenlik və qlobal sinerji yaradan yeni geoiqtisadi baxışın praktik ifadəsi kimi dəyərləndirilə bilər.

Şaiq ADIGÖZƏLOV, 
iqtisad üzrə fəlsəfə doktoru

 



Siyasət