Cəzaçəkmə müəssisində Novruz şənliyi

post-img

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Novruz bayramı münasibətilə şənlik tədbiri təşkil olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd məhkumların mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması və bayram əhval-ruhiyyəsinin paylaşılması olub.

Tədbirdə Penitensiar Xidmətin əməkdaşları və məhkumlar iştirak ediblər. Xidmətin Strateji Planlaşdırma və Monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək məhkumları bayram münasibətilə təbrik edib. O qeyd edib ki, bayramlar insanları birləşdirən, ümid və xoş əhval yaradan xüsusi günlərdir və bu cür tədbirlər məhkumların sosial adaptasiyasına müsbət təsir göstərir.

Proqram çərçivəsində iştirakçılar üçün bayram süfrəsi təşkil olunub, səmimi və xoş ovqatlı mühitin yaradılması məqsədilə məhkumların iştirakı ilə bayram tonqalı qalanıb. Həmçinin tədbirdə Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin əməkdaşları “Harmoniya” instrumental ansamblının nümayəndələri tərəfindən musiqili çıxışlar təqdim olunub, Novruz bayramının əsas personajları Kosa və Keçəl tərəfindən bədii nümunələr nümayiş etdirilib.

Səbuhi HƏSƏNOV
XQ









Sosial həyat