Əlillik və reabilitasiya sahəsində aparılan işlər uğurludur

post-img

Əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsas fəaliyyət istiqamətləridir. Ötən il ərzində agentlik tərəfindən 54 min 500 şəxsə əlillik təyin edilib. Onlardan 25 min 300 nəfərə ilkin, 29 min 200 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Son illərdə əlilliyin təyin olunması sahəsində aparılan islahatlar bu mexanizmin daha sistemli və effektiv şəkildə qurulmasına imkan yaradıb. Nəzarət mexanizmləri gücləndirilib, xidmətlərin keyfiyyəti artırılıb və bütün mərhələlərdə şəffaflıqla yanaşı vətəndaş məmnuniyyəti əsas prioritet kimi müəyyən edilib. Xüsusilə, əlilliyin qiymətləndirməsi prosedurunun rəqəmsallaşdırılması bu sahədə əsaslı dönüş yaradıb. Hazırda əlillik dərəcəsinin müəyyənləşdirilməsi tam elektron qaydada, şəxsin kimliyini müəyyən edən bütün məlumatlar anonimləşdirilmiş sənədlərlə  həyata keçirilir ki, bu da prosesin obyektivliyini və ədalətliliyini daha da gücləndirir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin elektron göndərişləri əsasında müəyyən edilir. 

 Belə ki, qiymətləndirmə üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edir. Tibb müəssisəsi tərəfindən göndəriş (Forma-88) tərtib edilərkən əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılıb, ƏƏSMN-nin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin “Əlillik” altsisteminə ötürülür. 

 Bu prosesdə həkim-ekspertlər vətəndaşın yalnız tibbi göstəricilərini – diaqnoz və xəstəlik barədə məlumatları görürlər. Beləliklə, qiymətləndirmə zamanı subyektiv yanaşma mümkün olmur, vətəndaşın əlillik vəziyyəti barədə qərar obyektiv meyarlara əsaslanır. Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat vətəndaşın mobil telefonuna SMS-lə göndərilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. 

Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi

Ötən il “Əlillik” altsistemində tətbiq edilmiş süni intellekt əsaslı funksionallıq tibbi göndərişlərdə mətn analizinin aparılmasına, qərarvermə üçün əhəmiyyətli göstəricilərin avtomatik müəyyənləşdirilməsinə və  s. imkan yaradıb. Bu texnoloji həll, həmçinin sui-istifadə hallarına səbəb ola bilən həssas və riskli məlumatların avtomatik aşkarlanmasını təmin edərək nəzarət mexanizmlərini gücləndirib. Nəticədə subyektiv yanaşmaların və potensial yanlışlıqların minimuma endirilməsi istiqamətində mühüm addım atılıb. 

Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində işlər davam edir. Bu işlər çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Nəticədə qiymətləndirmə zamanı qərarvermə prosesində həm sürət, həm də dəqiqlik əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, süni intellekt alətlərinin tətbiqi bu prosesdə vahid standartları formalaşdıracaq və məlumatların sistemli şəkildə analizinə, mümkün uyğunsuzluqların operativ aşkarlanmasına imkan verəcək.

Əlilliyin yeni meyarlar əsasında qiymətləndirilməsinin üstünlükləri

2022-ci il iyulun 1-dən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minib. 

Mütərəqqi dünya təcrübəsinə uyğun tətbiq edilən yeni meyarlara əsasən, əlilliyin ənənəvi üç dərəcəsi əvəzinə, həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinə uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizinə əsaslanan qiymətləndirilmə mexanizmi tətbiq edilir. I, II və III dərəcə üzrə müvafiq olaraq 81–100 faiz, 61–80 faiz və 31–60 faiz aralıqları müəyyən edilir. Əlilliyə əsas verən meyarların sayı 128-dən 5 dəfə  artırılmaqla 634-ə çatdırılıb. 

Bununla da, əlilliyin əhatə dairəsinə daxil olan diaqnozların sayı genişləndirilib. Eyni zamanda, artıq vətəndaşa iki və daha artıq diaqnoz üzrə əlillik təyinatı aparmaq mümkün olursa, əlilliyə əsas verən ən yüksək orqanizm funskiyalarının pozulma dərəcəsinin üstünə 10 faiz əlavə edilir. Ən uzun müddət seçilir və ən yüksək sosial təminata əsas verən səbəb əlaqəsi götürülür. Yeni meyarların tətbiqi vətəndaşların sosial müdafiəsinə yönəlmiş və müstəqillik tariximizdə əlillik sahəsində ən böyük, əhatəli islahatdır.

Reabilitasiya xidmətləri

Son illər əlilliyin qiymətləndirilməsi ilə yanaşı, sosial sahədə aparılan köklü islahatların müsbət nəticələrindən biri də ölkədə əlilliyi olan şəxslər üçün müasir və əlçatan reabilitasiya xidmətləri sisteminin yaradılmasıdır. Hazırda agentliyin tabeliyində 4-ü uşaq reabilitasiya mərkəzi, digər 2-si Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və Bərdə şəhərində fəaliyyət göstərən “RehaPoint” Reabilitasiya Məntəqəsi olmaqla 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə ölkəmizdə reabilitasiya sistemi müasir tələblərə uyğun  qurulub, habelə Qəbələ və Şəmkirdə müasir tələblərə cavab verən Uşaq Reabilitasiya Mərkəzləri istifadəyə verilib. Ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, reabilitasiya mərkəzləri şəbəkəsinin genişlənməsi, yeni reabilitasiya üsullarının tətbiqi bu mərkəzlərdə xidmət göstərilənlərin  sayını artırıb. 2018–2025-ci illərdə reabilitasiya xidməti göstərilən əlilllərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb.

Eyni zamanda, reabilitasiya müəssisəsi olmayan bölgələrdə yaşayan vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə müxtəlif layihələrin icrasına başlanılıb. Hərəkət məhdudiyyəti olan şəxslərə ev şəraitində tibbi və sosial-psixoloji dəstək göstərilməsi məqsədilə səyyar reabilitasiya xidmətləri təşkil olunur. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırda əlilliyi olan 6 min 100 şəxsə evlərində (səyyar) reabilitasiya xidmətləri göstərilir. Qeyd edilən kateqoriyaya aid olan və səyyar reabilitasiya xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxslər (və ya qanuni nümayəndələri) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edirlər. Müraciətlə bağlı olaraq agentliyin həkim və psixoloqlarından ibarət səyyar briqadası onların evlərinə gələrək, ilkin müayinə və qiymətləndirmə aparır. Əlilin faktiki vəziyyəti səyyar xidmət göstərilməsi üçün nəzərdə tutulan diaqnozlara aid olduqda ona fərdi plan əsasında səyyar reabilitasiya xidmətləri göstərilir.

“RehaPoint” və “Rehabus”

Agentlik reabilitasiya xidmətlərinin əhatəsinin genişləndirilməsi məqsədilə “RehaPoint” – Reabilitasiya Məntəqəsi adlı konsepsiya da icra edir. Bu konsepsiya üzrə ilk belə reabilitasiya məntəqəsi 2023-cü ilin dekabrın 1-dən Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərir. Bölgədə yaşayan əlillər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar, eləcə də ehtiyac duyduqları reabilitasiya vasitələrini əldə etmək üçün Bakıda yerləşən mərkəzə gəlmədən bu vasitələri əldə edə bilirlər. Məntəqədə indiyədək 3 min 600-dən çox şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 380-dən çox şəxsə isə ehtiyaclarına uyğun olaraq 5 min 300-dən çox reabilitasiya vasitəsi verilib. 

Bundan əlavə, 2022-ci ildən Sumqayıtda və Abşeron rayonunda “RehaBus” (Reabilitasiya Avtobusu) xidmətinə başlanılıb. 2025-ci ildə layihənin əhatə dairəsi genişləndirilib. Layihə çərçivəsində bu ərazilərdə yaşayan əlilliyi olan uşaqlar (onları müşayiət edən yaxınları ilə birgə) reabilitasiya avtobusu ilə Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır. Ötən ilin oktyabr ayından etibarən ölkənin ikinci böyük şəhəri olan Gəncədə də “RehaBus” xidmətinə başlanılmışdır. Gəncədə yaşayan və ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqlar bu xidmət çərçivəsində reabilitasiya avtobusu ilə ödənişsiz şəkildə agentliyin Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırılırlar. 

Fəaliyyətə başladığı dövrdən indiyədək bu layihə çərçivəsində 2 min 650-yə yaxın əlilliyi olan şəxsə xidmətlər göstərilib. “Rehabus” layihəsi 2025-ci ildə IDDA AWARDS müsabiqəsində “İlin startapı” nominasiyasında 3-cü yerə layiq görülüb. 

İnklüziv layihələr

Ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib. Bu innovativ xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin dövlət qurumları, özəl sektor və s. ötürülməsini təmin edərək, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyasını yerinə yetirir. Belə ki, vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır. 

Operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn kommunikasiyanı təmin edir. Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə “Whatsapp” və ya “Telegram” platforması vasitəsilə müraciət etmək olar. Bu inklüziv layihə ÜST-da ən yaxşı təcrübə elan olunmuşdur və təşkilatın Avropa regionu üzrə əlillər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələri əhatə edən sənədə daxil edilmişdir.

Agentliyin icrasına başladığı rəqəmsal və inklüziv layihələrdən biri də vahid rəqəmsal “Sənə özəl” platformasıdır. Bu platforma əlillərin sosial həyata aktiv inteqrasiyasına, xidmətlərə rahat çıxışına imkan yaradır. Platforma vasitəsilə rəqəmsal əlillik kartı (QR/barkod əsaslı identifikasiya), tərəfdaşlar tərəfindən güzəşt və imtiyazlar, fərdi məlumatlara (reabilitasiya sənədləri, arayışlar və s) vahid çıxış imkanları təmin olunur. “Sənə özəl” platforması IDDA AWARDS müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə ikinci yerə layiq görülüb.   

Bununla yanaşı, “Müstəqil həyat tərzi” və “Həmyaşıd dəstəyi” proqramları vasitəsilə əlilliyi olan şəxslərin özünəxidmət və sosial bacarıqlarının artırılması, onların cəmiyyətə aktiv inteqrasiyası təşviq olunur. Agentlik tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində maarifləndirici tədbirlər görülür. “Ağlabatan uyğunlaşdırılma” hüququnun tətbiqinin genişləndirilməsinə yönəlmiş yeni sosial layihəyə çərçivəsində əlilliyi olan şəxslərə “e-sosial” mobil tətbiqi üzərindən müəssisə, idarə və təşkilatlara ağlabatan uyğunlaşdırılma tələbinin ünvanlanması və prosesin izlənməsi qaydaları barədə məlumat verilir.

Hippoterapiya, rəqs və yoqa terapiyası

Son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması ilə yanaşı, bu sahədə biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsi də təmin edilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində ənənəvi üsullarla paralel, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq ippoterapiya, rəqs terapiyası, yoqa, robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya və s. üsulların da tətbiqi həyata keçirilir.

Ötən dövrdə agentliyin reabilitasiya mərkəzlərində əlilliyi olan 1350 şəxs hippoterapiya (atlarla terapiya) üzrə xidmətlərə cəlb edilib. Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiyada əsas məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır. Bu terapiya üsulu, eyni zamanda, əlilliyi olan şəxslərin ümumi əhvali-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq məhdudiyyətləri və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət  təsir göstərir.

Digər bir müasir reabilitasiya üsulu olan rəqs terapiyası “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti ilə birgə təşkil olunur və əlilliyi olan şəxslərin böyük marağına səbəb olan layihələrdən biridir. Rəqs terapiyası təhlükəsiz və qərəzsiz mühit yaratmaq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatiya əsaslı ünsiyyət və münasibət qurmağın yolları barədə təcrübəyə əsaslanan təlimlər keçirilir. Həyata keçirilən inklüziv proqram əlilliyi olan şəxslərin yeni bacarıqlarının formalaşması, eləcə də onların sosiallaşması üçün şərait yaradır. 

İcma əsaslı reabilitasiya xidməti də əlillərin  yaşadıqları icma mühitində erkən müdaxilə və davamlı dəstək mexanizmləri vasitəsilə sosial adaptasiyasını təmin etməyə yönəlmiş kompleks xidmət modelidir. Bu xidmətin əsas məqsədi reabilitasiya mərhələsində əldə edilmiş funksional, psixoloji və sosial nəticələrin icma mühitində qorunmasını və möhkəmləndirilməsini təmin etmək, sosial izolyasiyanın qarşısını almaq, müstəqil həyat bacarıqlarını inkişaf etdirmək, eləcə də ailə və icma resurslarını reabilitasiya prosesinə inteqrasiya etməkdir. 

Ukraynalı uşaqlara reabilitasiya dəstəyi

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri də davam etdirilir. Uşaqlara agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi məsləhətlər, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunur. Uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunur. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. Ümumilikdə 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmişdir.

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı 

Ümumdünya Səhiyyə Təşkilatı reabilitasiya vasitələrinin növlərinin qurumun təsnifatına uyğun qruplaşdırılması, eləcə də reabilitasiya vasitələrinin siyahısının genişləndirilməsi məqsədilə son illər qanunvericiliyə dəyişikliklər edilib və əlillərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. 

Həyata keçirilən islahatlar nəticəsində dövlət büdcəsi hesabına bu kateqoriyaya aid şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2018-ci ilə nisbətən 6 dəfə artaraq ötən il 212 minə çatıb. Onu da qeyd edək ki, reabilitasiya vasitələrini təhvil almaq üçün mərkəzə gələ bilməyən əlillərin ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılır. Təkcə ötən il 900-dən çox şəxsə 5 min 800-ə yaxın reabilitasiya vasitəsi evlərinə aparılaraq təqdim olunmuşdur.

Postmüharibə dövründə qazilərə xüsusi diqqət

Vətən müharibəsindən sonra qazilərimizlə bağlı həyata keçirilən geniş miqyaslı dəstək tədbirləri ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətini təşkil edir. Bu dəstək tədbirlərinin bir istiqaməti də Vətən müharibəsi əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatına yönəlib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müasir reabilitasiya infrastrukturu  yaradıb ki, bu da qazilərin səmərəli, keyfiyyətli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün mühüm potensialdır.  Bu müəssisələrdə kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması təmin edilib. 

Postmüharibə dövründə DTSERA 3 min 800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərib. Agentliyin reabilitasiya mərkəzlərində onların reabilitasiya potensiallarının reallaşdırılması üçün davamlı olaraq məqsədyönlü işlər aparılıb. Bu məqsədlə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq edilib. Görülən işlər nəticəsində qazilərdən 270 nəfəri  sağlamlığına qovuşub. Digər qazilərlə də reabilitasiya işləri davam edir.

Postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 3 min 800-dən çox Vətən müharibəsi iştirakçısına tibbi, sosial və psixoloji dəstək göstərilib. Bu dövrdə 500-dən çox qazi isə 621 ədəd son nəsil yüksək texnologiyalı protezlə təmin edilib. Bu protezlər aktivliyi və funksionallığı ilə onların sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə imkan verir. 

Zərifə BƏŞİRQIZI
XQ







Sosial həyat