Martın 18-də Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə təşkil etdiyi “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli, Filologiya üzrə fəlsəfə doktoru Ədəbiyyat İnstitutunun elmi işçisi Aslan Salmansoy, Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov çıxış ediblər.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb. Səməd Vurğunun poema və şeirlərindən söz açan professor qeyd edib ki, onun “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini yüksək formada tərənnüm edib.
Qeyd edib ki, ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib.
Professor bildirib ki, Səməd Vurğunun dili Azərbaycan ədəbi dilinin ən parlaq, sadə və xalq ruhuna yaxın nümunəsi hesab olunur, onun poeziyasında milli ruh, folklor ənənələri və zəngin bədii təsvir vasitələri hakimdir. Şairin dili "qılınc kimi" kəsərli, eyni zamanda son dərəcə axıcı və aforizmlərlə zəngindir.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası və “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun” adlı virtual sərginin təqdimatı keçirilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli öz çıxışında qeyd etmişdir ki, Səməd Vurğun həm yaradıcılığı, həm şəxsiyyəti, həm vətənpərvərliyi, həm milliliyi, milli olduğu qədər də beynəlmiləlçiliyi və digər saya gəlməyən insani keyfiyyətləri ilə hələ sağlığında xalq arasında simvollaşmış, rəmzləşmiş şəxsiyyət idi.
Filologiya üzrə fəlsəfə doktoru Ədəbiyyat İnstitutunun elmi işçisi Aslan Salmansoy bildirmişdir ki, Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olmuşdur. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri olan Səməd Vurğunun görkəmli ictimai-siyasi xadim kimi xidmətləri də təqdirəlayiqdir.
Daha sonra söz Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilova verilmişdir. O, çıxışında bildirmişdir ki, Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq, publisistik, tənqidçi, alim, içtimai xadim, mədəniyyətin fəal qurucusu idi.
Vurğun Vəkilov Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron məlumat bazası və virtual sərgini yüksək dəyərləndirmiş, kitabxananın rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirmişdir.
Tədbir iştirakçıları sonda ənənəvi sərgi ilə tanış olublar.

