İrəvan bu qurumu kampaniyaya kənar müdaxilənin qarşısını almağa çağırıb
“Qoca qitə”nin ən ali qurumunda Ermənistanda parlament seçkilərinin taleyi və nəticələri ilə bağlı narahatlıqlar 3 ay əvvəldən başlamışdı. O zaman Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ittifaqın 2026-cı il parlament seçkiləri zamanı Ermənistana kömək etmək variantlarını müzakirə edəcəklərini bildirmişdi. “Avropa İttifaqı 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində mümkün hibrid təhdidlərə qarşı mübarizədə, həmçinin kibertəhlükəsizliyin gücləndirilməsi məsələsində Ermənistana dəstək göstərməyə hazırlaşır”. Bunu ötən ilin dekabrında Brüsseldə erməni jurnalistlərlə görüş zamanı Avropa İttifaqının genişlənmə siyasəti üzrə baş komissarı Marta Kos bildirmişdi.
Artıq biz bu müzakirələrdə alınan qərarlarla tanış olmaq imkanı qazanmışıq. Aİ-nin Ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, Ermənistanın xahişi ilə Avropa İttifaqı tərəfindən ölkədəki parlament seçkiləri ərəfəsində hibrid təhlükələrə, kənar müdaxilələrə qarşı mübarizəyə kömək etmək üçün İrəvanda xüsusi çevik reaksiya qrupu yerləşdiriləcək. Kallas Aİ Xarici Əlaqələr Şurasının iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında bunları deyib: “Bölgəmizdə demokratiyanın dayanıqlılığının dəstəklənməsi həlledici məsələ olaraq qalmaqdadır. Biz Ermənistanı xarici müdaxilə ilə üz-üzə buraxmayacağıq”. O, sözlərinə onu da əlavə edib ki, “təzyiq altında olan demokratiyalar Avropaya arxalana bilər”.
Bu xüsusda Ermənistan mediası xəbər verir ki, “Ermənistan” bloku keçmiş prezident Robert Koçaryanın baş nazirliyə namizədliyini elan edib. Bu barədə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan açıqlama yayıb. O bəyan edib ki, “Daşnaksütyun” və “Ermənistan bloku” “əməkdaşlığı davam etdirmək” qərarına gəlib. Aydın məsələdir ki, seçkilərdə “eks”lərlə revanşistlərin güclərini birləşdirməsi iyunun 7-də Paşinyana qalib gələrək, onu hakimiyyətdən kənarlaşdırmaq məqsədi daşıyır.
Məlumatlarda o da qeyd olunur ki, “Araç” partiyası, o cümlədən bir sıra ictimai xadimlər də müxalifətin blokuna qoşulub. Robert Koçaryan “Biz “Ermənistan” blokunun tərkibində qarşıdan gələn seçkilərdə birgə iştirak edəcəyik”, – deyə bildirib. Ermənistanın sabiq prezidenti onu da vurğulayıb ki, bu gün ölkəyə “döyüşə hazır ordu, güclü lider və güclü müttəfiqlər” lazımdır.
Aydın məsələdir ki, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Koçaryan seçkilərə Kremlin təlimatı və dəstəyi ilə gedir. Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu qənaətdədir ki, seçkilərdə Robert Koçaryan Rusiyanın əsas namizədi deyil. Politoloqun fikrincə, Kremldəkilər yaxşı anlayırlar ki, Koçaryanın parlament seçkisini udmaq şansı yoxdur: “Bundan əvvəlki seçkilərdə bəlkə də bunun mümkünlüyünə inanırdılar. Amma məlum oldu ki, cəmiyyətin Nikol Paşinyana dəstəyi nə qədər azalsa da, əhalinin Koçaryana nifrəti ondan qat-qat artıqdır. İndi özlərini ana müxalifət adlandıran Koçaryan tərəfdarları düşünürlər ki, onlar 8 faizlik səs kvotasını aşa biləcəklər. Sonrakı mərhələdə Rusiyanın əsas namizədi, milyarder Karapetyana qoşularaq onunla parlamentdə nisbi çoxluğu təşkil edəcək koalisiya yaratmaq planlarından da danışırlar. Bəli, bu seçkidə Moskvanın əsas namizədi Karapetyandır, çünki onun pulu çoxdur. Avropa İttifaqı Ermənistanda seçiciləri məhz pulla satın almanın qarşısına sədd çəkmək, prosesə nəzarəti təmin etməkdən ötrü öz missiyasını İrəvana göndərməyə hazırlaşır. Moldova buna oxşar bir “seçki ssenarisi” düşünülmüşdü. Orada ən müxtəlif üsul və yollarla passiv elktoratı seçki məntəqələrə cəlb etmək və özlərinin namizədinə səs vermələrindən ötrü böyük pullar xərcləndi. Moldovada bu, az qalabaş tutmuşdu. Sadəcə olaraq, Avropa İttifaqının nəzarət missiyası, bununla paralel olaraq, Avropada yaşayan moldovanların səs vermələrini təşkil etməklə həm saxtakarlığın qarşısını almaq, həm də prezident Maya Sandunun partiyasının qələbəsini təmin etmək mümkün oldu”.
Ermənistanda isə eyni texnologiyadan – insanları pulla ələ alaraq seçki məntəqələrinə cəlb etmək və öz namizədlərinin səs çoxluğu qazanmasına nail olmaq taktikasından hazırda həbsdə yatan multimilyarder Karapetyanın partiyasının məşğul olduğuna diqqəti çəkən deputat yerlərdə bu mexanizmin işlək hala gətirilməsi ilə erməni kilsəsinin məşğul olduğunu bildirdi: “Erməni kilsəsinin bütün bölgələrdə öz nümayəndələri var. Yerlərdəki keşişlər mütəmadi olaraq “ehtiyacı olan” haylara hansısa yardımların çatdırılması ilə mütəmadi şəkildə məşğul olurlar. Onların bu fəaliyyətini qadağan etmək olduqca çətindir. Həmin şəbəkə məhz kilsənin əli ilə seçiciləri Karapetyanın lehinə səs verməyə nail olmaqla vəziyyəti dəyişə bilər. Avropa İttifaqının Nikol Paşiyana hərtərəfli dəstək verməsi, ilk növbədə seçkilərə kənar amillərin müdaxiləsi ehtimalı ilə bağlıdır”.
Ermənistan baş nazirinə Avropa Parlamentində çıxışı üçün imkanın yaradılmasını, maliyyə yardımının göstərilməsini təsadüf saymayan R.Musabəyov Avropa İttifaqının bu dəstəyi nümayişkəranə şəkildə etdiyini də vurğuladı: “May ayında Avropa Siyasi Birliyinin İrəvanda Zirvə toplantısının keçiriləcəyi planlaşdırılıb. Həmin tədbirdə ittifaqa üzv dövlətlərin birinci, yaxud ikinci şəxslərinin iştirakı da Nikol Paşinyana əlavə dəstək kimi qəbul edilməlidir. Hər bir halda bu variant bizim üçün də məqbuldur. Çünki Ermənistanda daşnak-revanşistlərin hakimiyyətə gəlməsinin qarşısının alınmasında Avropa İttifaqının da öz töhfəsini verməsi yaxşı haldır”.
Beləliklə, iyunun 7-si yaxınlaşdıqca Ermənistanda parlament seçkiləri ilə bağlı siyasi ehtiraslar qızışmaqda və Qərbin Rusiyanın ehtimal edilən müdaxiləsindən əndişələri artmaqdadır. Hazırda Paşinyanın seçkilərdə qələbəsinə “çətir tutmağa” təkcə Avropa İttifaqı deyil, ABŞ da qolunu çırmalamağa hazırdır. Axı Donald Tramp administrasiyası keçən ilin avqustunda Ağ Evdə əldə olunan razılaşmaların real nəticələrlə sonlanmasında maraqlıdır. İkitərəfli və üçtərəfli münasibətlərin inkişaf etdirilməsi ABŞ-ın hazırkı rəhbərliyinin marağındadır. Bunun üçün Vaşinqtona mütləq şəkildə Nikol Paşinyanı hakimiyyətdə saxlamaq lazımdır. Ermənistanda hakimiyyət dəyişikliyi 8 avqust razılaşmalarının pozulmasına, eləcə də ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsi prosesinin ləngiməsinə səbəb ola bilər. Bunu Vaşinqton kimi Brüssel də çox yaxşı başa düşür.
Biz hələ Ermənistanla ABŞ arasında imzalanan sənədə əsasən TRIPP layihəsinin reallaşması üçün Ağ Ev liderinin Paşinyana dəstəyini artırmasının zəruriliyini demirik. Donald Tramp yaxşı bilir ki, Moskva həmin dəhlizə nəzarəti ələ keçirmək istəyir. Əgər seçkidə rusiyameyilli siyasi qüvvə qalib gəlsə, Paşinyan məğlub olsa, ABŞ-la bağlanan bütün müqavilələrin pozulması gündəmə gətirilə bilər. Belə bədbin proqnozun həyata keçəcəyi təqdirdə, Kremlin 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinə istinad edəcəyi gözləniləndir. Onsuz da rəsmi Moskva həmin üçtərəfli Bəyanatdan əl çəkmək istəmir...
İ.HƏSƏNQALA
XQ


