Böyük güclər arasında siyasi balansı qorumaq çətinləşir
Yaxın Şərqdə vəziyyət getdikcə daha gərgin mərhələyə keçir. Hərbi əməliyyatlarla paralel şəkildə diplomatik təmasların da davam etməsi göstərir ki, qarşıdurma artıq regional çərçivəni aşaraq qlobal təhlükəsizlik, enerji marşrutları və böyük güclər arasında münasibətlərə təsir edəcək böhrana çevrilib. Beləliklə, martın 17-də ABŞ/İsrail–İran hərbi münaqişəsində baş verən hadisələri oxucularımıza təqdim edirik.
“Axios”: İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff birbaşa əlaqələri bərpa ediblər. Nəşrin məlumatına görə, İran və ABŞ rəsmiləri arasında mübadilə edilən məlumatların nə dərəcədə əsaslı olduğu hələ məlum deyil. İddia edilir ki, Əraqçi Uitkoffa müharibəyə son qoyulmasının vacibliyini vurğulayan mesajlar göndərib. Məlumata görə, Vaşinqton İranın qlobal birliyə inteqrasiyasına və neft ixracından gəlir əldə etməsinə imkan verəcək saziş bağlamaq ehtimalına açıqdır.
“Reuters”: ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlməyə çalışdığını bildirib. Lakin o, Tehranın bu istəyinə əmin olmadığını qeyd edib. Trampın sözlərinə görə, ABŞ-də İran tərəfində danışıqları kimin aparacağı barədə tam aydınlıq yoxdur: "Biz onların liderinin kim olduğunu bilmirik. Danışıqlar aparmaq istəyən insanlar var. Onların kim olduqları barədə heç bir məlumatımız yoxdur".
“BBC”: Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib. O, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.
“Ash-Sharq”: İran hakimiyyəti hərbi əməliyyatları lazım olduğu qədər davam etdirməyə hazırdır və hazırda münaqişənin diplomatik həllini tapmağa çalışmır. Bunu İranın Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib. Onun sözlərinə görə, Tehran hazırda regiondakı münaqişənin diplomatik həllinə diqqət yetirmir.
“UKMTO”: Oman körfəzində, Birləşmiş Ərəb Əmirliyinin Füceyrə limanından 40 kilometr məsafədə tanker naməlum mərmi ilə vurulub. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilir. Tankerin korpusunda cüzi zədələrin olduğu bildirilir. Ekipaj üzvləri xəsarət almayıb.
“Financial Times”: Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbəri Arsenio Dominqes bildirib ki, Hörmüz boğazında hərbi müşayiət bu regiondan keçən gəmilərin təhlükəsizliyinə tam zəmanət vermir: “Gəmiçilik əsl səbəblərinin bizim sahə ilə heç bir əlaqəsinin olmadığı münaqişənin (İran ətrafındakı - red.) təsadüfi qurbanına çevrilib”. O, həmçinin Fars körfəzində qida və ilkin zərurət malları tükənməkdə olan gəmi heyətlərinin taleyi ilə bağlı dərin narahatlığını bildirib.
“Times of Israel”: İsrail Müdafiə Ordusu Tehranda hava zərbəsi nəticəsində "Bəsic" bölməsinin komandiri Qolam Rza Süleymaninin öldürüldüyünü bəyan edib. İddia olunur ki, "Bəsic" bölməsi daxili etirazların yatırılmasında, o cümlədən kütləvi həbslərin həyata keçirilməsində və nümayişçilərə qarşı güc tətbiqində əsas rol oynayıb.
“Al Jazeera”: İran dronları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir hissəsi olan Fucayra Əmirliyindəki neft sənaye zonasına hücum edib. Məlumata görə, dron hücumu sənaye zonasında yanğına səbəb olub. Tələfat olmayıb. Xilasetmə xidmətləri qısa zamanda hadisə yerinə gəlib və yanğını lokallaşdırmağa çalışır.
“The New York Times”: ABŞ Prezidenti martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı hərbi əməliyyat səbəbindən təxirə salına biləcəyini bildirib. Onun sözlərinə görə, məsələ Çin tərəfi ilə müzakirə olunur. Tramp əlavə edib ki, Vaşinqton artıq səfərin təxminən bir ay təxirə salınmasını istəyib.
“Bloomberg”: Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ-ın Avropadakı müttəfiqləri İrana qarşı hərbi əməliyyat planlarından əvvəlcədən xəbərdar edilməyiblər, lakin indi Vaşinqton bu məsələ ilə bağlı Paris, London və Berlinlə əlaqə saxlayır. Onun sözlərinə görə, ABŞ-ın Şimali Atlantika Alyansı üzrə müttəfiqləri Trampın bəyanatlarını ciddi qəbul etməlidirlər. Üzv ölkələr Hörmüz boğazının açılması məsələsində Vaşinqtona dəstək verməsələr, Alyans ciddi problemlərlə üzləşə bilər.
“Daily Mail”: ABŞ Prezidenti Donald Tramp söyləyib ki, Vaşinqton bir neçə xarici tərəfdaşla Hörmüz boğazında məhdudiyyətsiz gəmiçiliyin təminatı üçün koalisiya yaratmaq imkanlarını müzakirə edir. Onun sözlərinə görə, ABŞ başqa dövlətlərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirir, lakin bunu vacib hesab etmir.
“Tasnim”: İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda son regional hadisələri və Livandakı vəziyyəti müzakirə ediblər. BMT-nin Baş katibi Fars körfəzi bölgəsində və Qərbi Asiyada vəziyyət barədə, həmçinin gəmiçiliyin təhlükəsizliyi ilə bağlı öz fikirlərini açıqlayıb. Əraqçi vurğulayıb ki, Hörmüz boğazındakı duruma regionun ümumi vəziyyətindən baxmaq olmaz: “Çünki boğazda gəmiçiliyin pozulması ABŞ və İsrail tərəfindən aparılan müharibənin nəticəsidir”.
“TASS”: İranın Moskvadakı səfiri Kazım Cəlali yeni Ali lider Müctəba Xameneinin müalicə üçün Rusiyada olmasını təkzib edib. Daha əvvəl Xameneinin səhhəti ilə əlaqədar və təhlükəsizlik mülahizələrinə görə Rusiya hərbi təyyarəsi ilə gizli şəkildə Moskvaya çatdırıldığı barədə məlumat yayılmışdı.
“Al-Arabiya”: Küveytdə radikal "Hizbullah" qruplaşması ilə əlaqəli 16 nəfər saxlanılıb. Qeyd edilib ki, saxlanılanlardan 14 nəfəri Küveyt, daha 2 nəfər isə Livan vətəndaşıdır. Onlardan silah, kameralı pilotsuz uçuş aparatları və Morze əlifbası ilə rabitə üçün qurğular müsadirə edilib. Qrup ölkədə sabitliyi pozmaq məqsədi güdüb və insanları terror təşkilatına qoşulmağa təşviq edib.
Hazırladı:
N.BEYDİYEVA
XQ

