Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının inkişafı, su ehtiyatlarından səmərəli istifadə və müasir suvarma sistemlərinin tətbiqi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər həyata keçirilir. Regionun aqrar potensialının reallaşdırılması məqsədilə icra olunan layihələr həm infrastrukturun yenilənməsini, həm də istehsalın intensivləşdirilməsini hədəfləyir.
XQ xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Zəngilanda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su ehtiyatlarının idarə olunması və müasir suvarma sistemlərinin tətbiqi genişmiqyaslı inkişaf mərhələsinə daxil olur. Ümumiyyətlə, ölkə üzrə müasir suvarma texnologiyalarının tətbiqi sahəsinin 130 min hektardan 300 min hektara çatdırılması nəzərdə tutulur. Paralel olaraq sudan faydalı istifadə səviyyəsinin 45 faizdən 95 faizə yüksəldilməsi əsas hədəflərdən biri kimi müəyyənləşib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda təxminən 2 milyard kubmetr daxili su ehtiyatının mövcudluğu kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mühüm baza kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı infrastrukturunun yenidən qurulması və yeni layihələrin icrası davam etdirilir. Suqovuşan, Xaçınçay, Köndələnçay və digər su anbarlarının bərpası nəticəsində 110,4 min hektar sahənin suvarılması üçün imkan yaradılıb. Bununla yanaşı, Zabuxçay su anbarı və magistral boru kəməri vasitəsilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb. Sərsəng, Bərgüşadçay və Həkəriçay su anbarları üzrə iri layihələr isə icra mərhələsində və ya planlaşdırma mərhələsindədir.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı su təsərrüfatı layihələri regionun kənd təsərrüfatı potensialını yeni inkişaf mərhələsinə çıxarır. Müasir suvarma sistemlərinin tətbiqi, iri su anbarlarının bərpası və yeni infrastrukturun qurulması gələcək illərdə aqrar istehsalın davamlı artımına və su ehtiyatlarının daha səmərəli idarə olunmasına şərait yaradacaq”,- deyə o əlavə edib.

