Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.
XQ xəbər verir ki, bu barədə "Bakı Metropoliten" QSC məlumat yayıb.
Sərnişinlər martın 19-u, 20-i və 21-də səhər saat 10:00-dan axşam 22:00-dək “İçərişəhər” stansiyasının birinci yolunda sərgilənəcək vaqonlarla yaxından tanış ola, foto-video çəkərək tarixin yaddaşına həkk edə bilərlər.
Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş “A” tipli vaqon, habelə 1950-ci illərin istehsalı “Q” və “E” tipli vaqonlar xüsusən orta və yaşlı nəslin nümayəndələrinə nostalji hisslər yaşadacaq.
Vaqonlar bayramla əlaqədar xüsusi bəzədiləcək, həmçinin Novruz bayramının əsas personajlarından sayılan Kosa və Keçəl sərnişinlərin görüşünə gələcək.
Baharın müjdəçiləri 3 gün ərzində saat 10:00-dan 16:00-dək “İçərişəhər” stansiyasında məzəli zarafatları, şeirləri, dadlı-duzlu sorğu-sualları ilə təkcə balaca sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edəcəklər.

