2013-cü ildə ilk qatarın xəttə buraxılmasından bəri Çin – Avropa dəmir yolu xəttinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə 20 min qatar keçib. 20 mininci qatar Şimali Çində, Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Erenhot dəmir yolu limanından yola düşüb. Qatar 55 konteynerlə Avropaya döğru səmt götürüb.
Orta Dəhlizlə yola salınmış 20 min qatarın 10 mini son 3 ilin payına düşüb. Xatırladaq ki, bu marşrutla 10 mininci qatar 2022-ci ildə yola salınmışdı. Hazırda ekspress 73 marşrut üzrə fəaliyyət göstərir, Almaniya və Polşa da daxil olmaqla 10-dan çox ölkədə 70-dən artıq logistika mərkəzini birləşdirir və Çinin 24 vilayətində 60-dan çox şəhəri əhatə edir.
Yeri gəlmişkən, Türkiyənin logistika şirkətiolan “Pasifik Eurasia”nın baş direktoru Fatih Erdoğan iyulun sonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən Türkiyəyə 2 yük qatarının yola salınmasını şərh edərkən bildirib ki, Orta Dəhliz artıq, sadəcə, bir ideya deyil. O, addım-addım gerçəyə çevrilir. Onun sözlərinə görə, ənənəvi dəniz marşrutları ilə müqayisədə Orta Dəhliz təkcə daha qısa yol təqdim etmir, həm də idarəetmə imkanlarını artırır. “Bu qatarlar təkcə konteyner daşımır, həm də baxış, etimad, strategiya və ortaq gələcək daşıyır”, – deyə o əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu marşrut ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir. Marşrut Çindən başlayan bu nəqliyyat marşrutu Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərini qət edib Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.